Modern.az

Nəqliyyat eksperti: “Avtobuslardakı basabas çox eybəcər mənzərə yaradır”

Nəqliyyat eksperti: “Avtobuslardakı basabas çox eybəcər mənzərə yaradır”

Aktual

25 Noyabr 2020, 16:02

"Metro işlədiyi vaxtlarda sərnişin axınının böyük bir hissəsini götürürdü və sıxlıq yaranmırdı. Artıq metro işləmədiyi üçün şəhərdə böyük tıxac və sıxlıq yaranır".

Bu sözləri nəqliyyat eksperti Ərşad Hüseynov Modern.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, komendant rejimi olduğu üçün hər kəs çalışır ki, saat 21:00-a kimi evində olsun:

"Pandemiyanın sanitar-gigiyenik tələbləri var, amma məsafə gözlənilmir. Bu tələblərə əsasən, sosial məsafə gözlənilməlidir, amma avtobuslarda sıxlıq olduğu üçün bu qaydaya əməl olunmur. Bu səbəbdən də çox eybəcər mənzərə yaranır. İndiki şərtlərlə bağlı bu məsələni aradan qaldırmaq mümkün deyil. Sadəcə bir az yumşaltmaq lazımdır.

Problemi az da olsa yumşaltmaq üçün bəzi məsələlər öz həllini tapmalıdır. Birincisi, axşam saatlarında qarajlarda olan bütün avtobuslar şəhərə çıxarılmalı, dəqiq işləməlidirlər ki, intervallara riayət olunsun.
İkincisi, insanlar vaxtlarını dəqiq planlaşdırmalıdırlar. Həmin saatlarda yolda olub, sıxlığa düşməmək üçün. Məsələn, alış- veriş lazımdırsa, bunu başqa vaxta saxlamalıdırlar. Hər hansı bir yerə gedəcəklərsə, həmin vaxtı elə seçməlidirlər ki, sıxlıq olan vaxtda getməsinlər.
Üçüncü məqamda isə həm dövlət qurumları, həm də özəl yerlər insanların işdən çıxması vaxtını tənzimləməlidirlər. Hər kəsin birdən-birə pik saatlarda küçəyə çıxmaması üçün bu məsələlərə diqqət ayrılsa, problemi bir az yumşaltmaq mümkün olar”.

Ə.Hüseynovun fikrincə, digər dövlət qurumları, Dövlət Yol Polisi (DYP), Bakı Nəqliyyat Agentliyi (BNA) bütün qüvvələrini səfərbər etməlidirlər ki, küçələrdə tıxac yaranmasın. Tıxac yaranan nöqtələri isə xüsusi nəzarətə götürməlidirlər.

Mehri QURBAN

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir