Modern.az

Tanınmış müəllim koronavirusdan vəfat edib

Tanınmış müəllim koronavirusdan vəfat edib

17 Dekabr 2020, 23:57

Dünyaya meydan oxuyan və heç kimə acımayan, xüsusilə də ağciyərlərində problemi olan, əvvəllər ürək əməliyyatı keçirmiş şəxslər üçün daha təhlükəli sayılan koronavirus infeksiyası hər gün neçə-neçə can almaqdadır.

Bütün həyatını pedaqoji fəaliyyətə həsr edən Ucar şəhər 1 saylı orta məktəbin müəllimi Məsimə Əliyeva da koronavirus bəlasının növbəti qurbanlarından biri olub.

Yaxınlarının Modern.az-a bildirdiyinə görə, Məsimə Əliyeva yanaşı xəstəliklərdən də əziyyət çəkirmiş. O, bir neçə il əvvəl acıq ürək əməliyyatı keçirmiş, daha sonra ayaq, göz əməliyyatı yaşamışdı. Amma hər bir problemdən göstərdiyi qətiyyət və əzm sayəsində qurtulmuşdu.

“Həm də şəkərli diabet xəstəliyinin olması onu risk qrupunda birinci edirdi. Ağır cərrahiyyə əməliyyatlarından sonra içdiyi ovuc-ovuc dərmanların onun bir gün axırına çıxacağını deyirdi. Qorxusu böyrək çatışmazlığı probleminə yaxalanmaq idi. Ancaq amansız koronavirus onun heç fikirləşməsinə imkan vermədi”, - deyə təcrübəli pedaqoqun yaxınları bildiriblər.

Ucarda hamı onu öz peşəsini dərindən sevən müəllim, hər kəsə yaxşılıq etməyi, xüsusilə də kasıb insanlara həmişə əl tutmağı özünə borc bilən xeyirxah, oruc tutub-namaz qılan mömin xanım olaraq tanıyıblar.

Bu günlərdə Məsimə Əliyevanı yaxınları yanaşı xəstəlikləri səbəbindən onun evdən çıxmasına mane olmağa çalışsalar da, bacara bilməyiblər. Belə ki, rayonun tanınmış müəllimi Vətən müharibəsi dövründə Ucara gətirilən bütün şəhidlərin ailələrini ziyarət edib, onların valideynlərinə başsağlığı verib.

Rayon təhsilinin inkişafında xüsusi xidmətləri olmuş Məsimə müəllimənin şagirdləri bu gün ölkədə müxtəlif sahələr üzrə dövlətçiliyə öz töhflərini verirlər.

Allah rəhmət eləsin...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır