Rusiyada üçgünlük seçki prosesi başlayıb. Səsvermənin nəticələrinə əsasən, yalnız Dövlət Dumasının IX çağırış deputatları deyil, həmçinin bir sıra regionların rəhbərləri, qanunverici orqanların deputatları, şəhər dumalarının və rayon və qəsəbə şuralarının üzvləri seçiləcək.
Modern.az xəbər verir ki, Mordoviya, Tıva və Çeçenistanın rəhbərləri, eləcə də Belqorod, Bryansk, Penza, Tver və Ulyanovsk vilayətlərinin qubernatorları birbaşa seçkilər yolu ilə müəyyənləşəcək.
Çeçenistan rəhbəri postuna namizdlər üç nəfərdir: Ramzan Kadırov (“Vahid Rusiya”), İsmayıl Denilxanov (“Ədalətli Rusiya”), Xalid Nakayev (KPRF).
Qaraçay-Çərkəz və Şimali Osetiyanın rəhbərlərini isə sentyabrın 20-də keçiriləcək vahid səsvermə günündə yerli parlamentlərin deputatları seçəcək. Qaraçay-Çərkəz parlamentində 50, Şimali Osetiya parlamentində isə 70 deputat var. Namizədlərin seçilməsi üçün müvafiq olaraq ən azı 26 və 36 deputatın dəstəyini qazanmaq tələb olunur.
Bu il Dağıstanın rəhbərinin də seçilməsi gözlənilir. Lakin bu proses vahid səsvermə günündə keçiriləcək regional parlament seçkilərindən sonra baş tutacaq.
Rusiyanın 39 regionunda qanunverici orqanlara deputat seçkiləri keçirilir.
Adıgey, Dağıstan, İnquşetiya, Kareliya, Mordoviya, Çeçenistan, Çuvaşıstan, Altay, Kamçatka, Krasnoyarsk, Perm, Primorsk və Stavropol diyarlarında, eləcə də Amur, Həştərxan, Voloqda, Kalininqrad, Kirov, Kursk, Leninqrad, Lipetsk, Moskva, Murmansk, Nijni Novqorod, Novqorod, Omsk, Orenburq, Oryol, Pskov, Samara, Sverdlovsk, Tambov, Tver, Tomsk və Tümen vilayətlərində qanunverici məclislərə deputatlar seçiləcək.
Bundan başqa, Xantı-Mansi Muxtar Dairəsi, Çukotka, Yəhudi Muxtar Vilayəti və Sankt-Peterburqda da qanunverici orqanlara seçkilər keçiriləcək.
Rusiya vətəndaşları həmçinin şəhər dumaları, rayon və qəsəbə şuralarına deputat seçəcəklər. O cümlədən 10 regionun inzibati mərkəzində bələdiyyə nümayəndəliklərinin deputatları seçiləcək. Bunlar Ufa, Nalçik, Petrozavodsk, Saransk, Qroznı, Perm, Kalininqrad, Kemerovo, Saratov və Xantı-Mansiysk şəhərləridir.
Dövlət Dumasına isə 450 deputat seçiləcək. Onlardan 225-i partiya siyahıları, digər 225-i isə birmandatlı seçki dairələri üzrə müəyyənləşəcək.
Seçki bülleteninə 10 siyasi partiyanın siyahısı daxil ediləcək. Bunlar “Vahid Rusiya”, LDPR, Birbaşa Demokratiya Partiyası, “Yaşıllar”, “Ədalətli Rusiya”, “Rodina”, Rusiya Kommunist Partiyası (KPRF), Pensiyaçılar Partiyası, “Rusiya Kommunistləri” və “Yeni insanlar” partiyalarıdır.
Sentyabrın 20-si axşamından etibarən protokolların və distant elektron səsvermənin nəticələrinin emalına uyğun olaraq Rusiyanın Mərkəzi Seçki Komissiyası ilkin nəticələri açıqlamağa başlayacaq.
Seçkilərin rəsmi nəticələrinin səsvermə başa çatdıqdan sonra iki həftə ərzində elan ediləcəyi gözlənilir.