Modern.az

Ermənistanın növbəti dezinformasiyaları

Ermənistanın növbəti dezinformasiyaları

Aktual

19 Yanvar 2021, 21:38

"Son günlər Ermənistanın rəsmi nümayəndələri 1990-cı il 13-20 yanvar tarixlərində Bakıda erməni əhalisinin qətliamlara məruz qaldıqlarını, qurbanlar arasında yerli ruslarn da olduğunu, 20 yanvar gecəsində 147 nəfərin öldüyünü və bundan sonra ermənilərin Bakını və Azərbaycanı tərk etdikləri haqda yalan məlumatlar yazıb saytlarda yerləşdirirlər".

 

Modern.az xəbər verir ki, bu barədə AMEA-nın Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, siyasi elmlər doktoru, politoloq Ramilə Dadaşova bildirib.

 

Onun sözlərinə görə, "Sputnik Armeniya" saytında yayımlanan Ermənistan rəsmi dairələrinin yalan məlumatları dünya dövlətlərini  20 Yanvar faciəsinin əsl mahiyyətini anlamaqdan yayındırmağa, tariximizə ləkə yaxmağa yönəldilib:

 

"Erməni rəsmi dairələri 1990-cı il yanvar günlərində yerli rusların da öldürüldüyünü vurğulamaqla guya ruslara qarşı da etnik təmizləmə həyata keçirildiyini bəyan etmək istəyirlər. Ermənilərin bu cür dezinformasya yaymasının əsas məqsədi isə Dağlıq Qarabağa guya ki, status almağa yönəldilib. Məhz bu məqsədlə də yayımlanan yalanlarla dolu yazılarında erməni icmasının Azərbaycan hökumətinə etibar etmədiklərini dəfələrlə vurğulayırlar".

 

Ermənistanın prezidenti Armen Sarksyan bildirir ki, “hazırda ermənilər regionda təhlükəsiz şəraitdə deyillər, 1905, 1918-ci illərdə Bakıda erməni icmasına qarşı edilən vəhşiliklər 1990-cı ilin yanvarında ermənilərin yerlərini tərk etməsi ilə nəticələndi. Azərbaycan hökumətinin Ermənistana və ermənilərə qarşı cinayətləri regionda sülh və təhlükəsizliyi pozur, oxşar cinayətlərin qarşısını almalıyıq. Bakıda ermənilərin qətlə yetirilməsi Azərbaycan dövlətinin anti-erməni siyasəti ilə, zorla deportasiya, əmlaklarının mənimsənilməsi ilə müşahidə edilmişdir”.

 

Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan isə “Kirovabad (Gəncə - R.D.), Sumqayıt və Bakıda olan qətliamların Azərbaycanın anti-erməni və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu, 1990-cı ilin yanvarında Bakıda ermənilərin planlaşdırılmış kütləvi qətliamlara məruz qaldığını” və “həmin hadisələrin ikinci Qarabağ müharibəsində dinc əhaliyə qarşı çoxsaylı cinayətlərlə davam etdiyini” vurğulayır.

 

Ermənistanın xarici işlər naziri Ara Ayvazyan bəyanatında bildirir ki, “Azərbaycan Artsaxın ermənisizləşdirilməsi və etnik təmizləmə siyasətini davam etdirir, erməni qətliamının təşkilatçıları və icraçıları qəhrəman hesab edilirlər. 1990-cı ilin yanvarında Bakıda erməni qətliamı Azərbaycandan ermənilərin qovulması ilə nəticələndi”. “Azərbaycan hakimyyətinin ermənifobiya siyasəti yalnız əsrlər boyu Bakıda yaşayıb yaradan erməni əhaliyə qarşı deyil, həm də şəhərin erməni tarixi-mədəni irsinə qarşı oldu”.

 

Xarici işlər nazirinin mətbuat katibi Anna Nalbandyan guya “30 il bundan əvvəl ermənilərin qətliamını həyata keçirən Azərbaycan hökumətinə erməni xalqının etibar etmədiyini” bəyan edir. Nalbandyan Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin guya ki, “Bakıda qətliam törədənləri” şəhidlər adlandırmasına, 20 Yanvar faciəsinin beynəlxalq təşkilatlar tərəfindən tanınmasına, şəhidlərin xatirəsinin anılmasına, onları qəhrəman adlandırmasına, Sumqayıtda ermənilərin öldürülməsində ermənilərin günahlandırılmasına kəskin reaksiya verərək bildirir ki, “Azərbaycan dinc əhaliyə qarşı cinayətkar metodlardan istifadə etdiyi üçün erməni əhalisi təhlükəsizliyinə görə Azərbaycana etibar edə bilməz və beynəlxalq mətbuat Bakıda erməni icmasının vəhşicəsinə qətlə yetiirlməsindən yazır”.

 

"Bir daha qeyd etmək lazımdır ki, Ermənistan hökumət nümayəndələrinin bu cür dezinformasya yaymasının əsas məqsədi Dağlıq Qarabağa status almağa yönəldilib. Məhz bu məqsədlə Ermənistan rəsmi nümayəndələri yayımlanan yalanlarla dolu yazılarında erməni icmasının Azərbaycan hökumətinə etibar etmədiklərini dəfələrlə vurğulayırlar", - deyə R.Dadaşova bildirib. 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü