Modern.az

Parlament jurnalistləri Milli Məclis barədə: "...Tarixdə qalacaq"

Parlament jurnalistləri Milli Məclis barədə:

Media

10 Mart 2021, 17:00

Bu gün VI çağırış Milli Məclisin fəaliyyətə başlamasının 1 ili tamam olur.

Parlament jurnalistləri qanunverici orqanın 1 illik fəaliyyəti haqqında təəssüratlarını Modern.az-la bölüşüblər.


Parlament Jurnalistləri Birliyinin sədr müavini Fərəh Sabirqızı bildirib ki, Milli Məclisin yeni rəhbərliyi və yeni tərkibdəki  fəaliyyətində əvvəlkindən daha fərqli və müsbət məqamlar var:


"Bu 1 il demək olar ki, bütövlükdə pandemiya dövrünə düşsə də, Milli Məclis işini dondurmadı, canlı iclasları davam etdirdi. İclasların idarə olunması tərzində də müəyyən yenilik, müasirlik sezilir. Bu 1 ildə jurnalistlər də parlamentdən kənarda saxlanılmadı. Media əhlinin işinə pandemiyanın imkan verdiyi qədər şərait yaradıldı. Məsələn, Milli Məclisin iclaslarından  sədrin və deputatların çıxışlarının videokadrları operativ surətdə jurnalistlərə göndərilirdi ki, bu da televiziya jurnalistləri üçün çox lazımlıdır. 1 ildə xüsusi fərqli məqamlardan biri kimi Milli Məclisin sədri Sahibə Qafarovanın özünün jurnalistlərlə görüşüb brifinq keçirməsini qeyd edə bilərəm. 15 ildən çoxdur parlamentdə akkreditə olan jurnalist kimi ilk dəfə belə sərbəst şəraitdə sədrlə görüşmək imkanı yaradılmışdı. Sahibə xanım hər dəfə media ilə işə böyük önəm verdiyini qeyd edirdi və əməldə də bunu göstərdi. Bundan əlavə, parlamentdə aktual mövzular üzrə deputatlar və komitə sədrlərinin brifinqləri də keçirildi ki, bu da jurnalistlərin ürəyincə oldu. Media otağının yaradılması da müsbət məqamlardan biridir. Ümid edirik ki, pandemiyadan sonra media nümayəndələri ilə iş daha da gücləndiriləcək, junalistlərin parlament binasına mobil telefonla keçməsinə də icazə veriləcək".


Etikxəbər.az
saytının baş redaktoru Kamil Həmzəoğlu parlamentin 1 illik fəaliyyətini, xüsusən də Sahibə Qafarovanın işini müsbət qiymətləndirib:

"VI çağırış Milli Məclis artıq 1 ilini geridə qoydu. Parlament öz fəaliyyətinə fevralın 1-də başlamalı olsa da, növbədənkənar seçkilər təyin olunduğu üçün ilk iclas geçikdi - 2020-ci il martın 10-u baş tutdu. VI çağırışın üç sessiyası, iki iclası ölkə başçısının iştirakı, geniş məzmunlu çıxışı ilə yadda qaldı və çox mühüm mesajlar səsləndirildi. Prezidentin çıxışından sonra parlamentin rəhbərliyi formalaşdırıldı. Son 30 ildə ilk dəfə olaraq parlamentin rəhbərliyinə Elmira Qafarovadan sonra Qafarova soyadlı ikinci bir xanım - Sahibə Qafarova seçildi. Sahibə Qafarova Azərbaycanın ictimai-siyasi həyatında önəmli simalardan biridir. Azərbaycanı Avropa Şurasında uğurlu təmsil edən millət vəkillərindəndir. Avropa Şurasında həm məruzəçi,  həm də komitə sədri olub. Bu günə qədər Azərbaycanı Avropa Şurasında təmsil edən millət vəkillərindən heç biri AŞPA-nın komitə sədri olmamışdı.
İlk dəfə olaraq 1990-91-ci ildən sonra müxalifət təmsilçisi - Vətəndaş Həmrəliyi Partiyasının sədr müavini Fəzail İbrahimli parlament rəhbərliyində təmsil olundu. Eyni zamanda,  parlamentin komitələri yeni formatda təşkil olundu, orada YAP nümayəndələri ilə yanaşı, digər partiya nümayəndələri də təmsil olunur. Parlamentin birinci iclasından sonra ölkədə koronavirus pandemiyası ilə bağlı müəyyən gərginliklər yarandı, sonra isə Milli Məclisin payız sessiyasının başlanğıcı Vətən müharibəsi dövrünə təsadüf etdi. Həm koronavirus, həm də Vətən müharibəsi ilə bağlı parlamentarilərin məsuliyyəti daha da artdı. Parlament Sahibə Qafarova sayəsində üzərinə düşən missiyanı yerinə yetirməyi bacardı. Bütövlükdə Milli Məclisin 1 illik fəaliyyətini müsbət qiymətləndirirəm. Artıq Milli Məclisin iclaslarında kiminsə sözü kəsilmir, kimsə aşağılanmır, əksinə, parlament rəhbərliyi tərəfindən hamıya hər cür şərait yaradılır. Jurnalistlər otağı müasir qaydada təmir olundu. Bir sözlə,  parlamentin 1 illik fəaliyyətini və xüsusən də Sahibə Qafarovanın işini müsbət qiymətləndirirəm".


“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal deyib ki, parlamentin 1 illik fəaliyyəti pandemiya dövrünə düşməsinə baxmayaraq, həm qanunvericilik sahəsində, həm də cəmiyyət həyatının müxtəlif problemlərinin sərbəst müzakirə olunması baxımından səmərəli fəaliyyət göstərildi:

"20 ilə yaxındır parlamentdə akkreditasiya olunmağım mənə müqayisə imkanı yaradır. Jurnalistlər parlament iclaslarında ən çox məlumatları “cari məsələlər”in müzakirəsi zamanı deputatların çıxışlarından əldə edirlər. Əvvəlki dövrlərdə “cari məsələlər”ə məhdudiyyətlər tətbiq olunurdu. Hazırda isə belə deyil. Çıxış etmək istəyən hər kəsə sonadək imkan yaradılır. Bu da, belə deyək ki, medianın işinə yarayır.

Digər bir müşahidəm odur ki, deputatlar parlamentdəki fəaliyyətdən əlavə, mediada, sosial şəbəkələrdə də iştirak aktivliyini artırıblar. Bunun bir tələb, yaxud təbii proses olduğunu bilmirəm, amma yaxşı nümunədir. Nəticədə deputat-seçici təmasları asanlaşıb. Əvvəlki dövrlərlə müqayisədə indi deputatlar xalqı narahat edən məsələləri, xüsusilə sosial mövzuları daha qabarıq səsləndirirlər. 1 illik fəaliyyəti nəzərdən keçirərkən Milli Məclisin sədri Sahibə Qafarovanın uğurlu sədrliyini də qeyd etmək istərdim. Sahibə xanımın özü ilə gətirdiyi ümumi atmosferdən məncə Milli Məclisdə hər kəs, elə jurnalsitlər də razıdır. Düzdür, hazırda pandemiya ilə əlaqədar akkreditə olunmuş jurnalistlər iclas zalında əyləşmirlər. Ancaq, foyedə fəaliyyət üçün imkanlar yaradılıb. Jurnalistlərə müsahibə götürmək və görüşlər üçün əlavə 2 otaq ayrılıb".


AzVision.az saytının əməkdaşı Anar Kəlbiyevin sözlərinə görə,  parlamentin bu dövrdəki fəaliyyəti pandemiya şəraitinə təsadüf etdiyindən Milli Məclisin tarixində qalacaq:
 

"Komitə iclaslarının və bir sıra xarici tədbirlərin onlayn keçirilməsi təcrübəsi yarandı. Baş nazir Milli Məclisdə onlayn hesabat verdi. Bir sözlə, bunlar həm də parlament tarixində yeniliklər idi. Parlamentin yeni seçilən deputatlarının bir çoxu seçici ilə yaxından işləyiblər. Sosial şəbəkələr vasitəsilə onların keçirdiyi görüşləri görmək olar. Yeni seçilən deputatlardan aktiv olanların sayı çoxdur. Bu müddətdə parlamentin media ilə işində də dəyişiklərin olmasını qeyd etmək yerinə düşər. Əvvəlki vaxtlarla müqayisədə operativlik də artıb. 
Milli Məclisin ötən 1 ilində iqtisadi sahəni əhatə edən qanunlara dəyişikliklər edildi. Həmçinin, Türkiyə ilə bir sıra mühüm sənədlər təsdiqləndi. Ümumilikdə, parlamentin 1 il ərzində fəaliyyətini qənaətbəxş hesab edirəm".

 

Mehri QURBAN

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı