Modern.az

Bakı məktəblərində qadın müəllimlər kişilərdən 7 dəfə çoxdur

Bakı məktəblərində qadın müəllimlər kişilərdən 7 dəfə çoxdur

21 Sentyabr 2012, 16:08


Hazırda Bakıdakı orta məktəblərdə fəaliyyət göstərən müəllimlərdən 27 mini qadın, 3600-ü isə kişidir. Modern.az bildirir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Araşdırmalar göstərir ki, müəllimlərin məvaciblərinin azlığı kişi pedaoqların təhsil sahəsindən uzaqlaşmasına səbəb olur. İş o yerə çatıb ki, paytaxt məktəblərində hətta bədən tərbiyəsi və idman dərslərini də qadın müəllimələr tədris edirlər.

Məclisin Elm və təhsil məsələləri komitəsinin sədri Şəmsəddin Hacıyev də müəllimlərin əməkhaqlarının az olması fikrilə razıdır.

“Bu gün Azərbaycan təhsilinin ən böyük problemi müəllim və onların  sosial müdafiəsinin təminatı ilə bağlıdır. Keyfiyyətli müəllim hazırlığı və onların sosial müdafiə məsələsi həll olunsa, təhsilin keyfiyyətini daha da yüksəltmək olar”.

Qeyd edək ki, təhsil müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə Prezident İlham Əliyev 2011-ci ilin aprel ayının 20-də sərəncam imzalayıb. Sərəncamla Nazirlər Kabinetinə tapşırılıb ki, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Hazırda ölkənin bütün müəllim ordusu səbirsizliklə bu konsepsiyanın təsdiqlənəcəyi günü, sənədin açıqlanmasını və ona müvafiq olaraq maaşların artırılmasını gözləməkdədir. Bu da səbəbsiz deyil. Çünki müəllimlər Azərbaycanda ən aşağı maaş alan təbəqələrdəndir.

Məlum sərəncamdan bir ildən çox vaxt keçib və Konsepsiya layihəsinin hazır olub-olmadığı barədə hələ də hər hansı rəsmi məlumat verilmir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır