Modern.az

Fransız deputatlar Füzulidə erməni vəhşiliyini gördülər  

Fransız deputatlar Füzulidə erməni vəhşiliyini gördülər  

Qarabağ

24 İyul 2021, 17:35

Fransa Milli Assambleyasının nümayəndə heyəti işğaldan azad olunan Füzuli şəhərinə səfər ediblər.

 

Qonaqlara ermənilərin şəhərdə törətdikləri vandalizm aktları, dağıntılar barədə məlumat verilib.

 

Bildirilib ki, erməni işğalçıları Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən olan Füzulidə bir dənə də olsun salamat bina qoymayıblar. 1993-ci il işğal gününə qədər təkcə şəhərdə 20 minə yaxın əhali yaşayıb. Şəhərdə 5-7 mərtəbəli çoxmənzilli binalar və fərdi yaşayış evləri olub. Həmçinin şəhər mərkəzində redaksiya, teatr binası yerləşib ki, bütün sadalanan tikililər yerlə-yeksan edilib.

 

Erməni vandalizmi rayondakı tarixi, mədəniyyət və memarlıq nümunələrindən, mağara və kurqanlardan, türbələrdən və qəbirüstü abidələrdən də yan keçməyib. Bütün bu abidələr yerlə-yeksan olunub.

 

Şəhər ərazisində ermənilər tərəfindən dağıdılmış Hacı Ələkbər məscidinin yerləşdiyi əraziyə baxış zamanı qonaqların diqqətə çatdırılıb ki, bu dağılmış tikili XIX əsrə aiddir. Rayonun işğalına qədər yararlı vəziyyətdə olub. 1993-cü ildə Füzuli rayonunun işğalı zamanı erməni vandalları tərəfindən məscid tamamilə dağıdılıb. Göründüyü kimi, ermənilər təkcə Azərbaycan xalqına deyil, onun maddi-mədəni irsinə qarşı da vandallıq hərəkətləri həyata keçiriblər. Məscidin işğaldan əvvəl iki minarəsi olub. Məscidin yalnız bir minarəsinin qalıqları qalıb, digəri tamamilə dağıdılıb. Hacı Ələkbər məscidi respublika əhəmiyyətli tarixi abidədir. Ermənilər Füzuli rayonunda olan bütün məscidlərə qarşı bu cür vandallıq ediblər. Məscidlərdə heyvan saxlayıb, tövlə kimi istifadə ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub