Modern.az

İlin ən gənc tələbəsi: 3 yaşında adını yazan Həmidin UĞUR SİRRİ

İlin ən gənc tələbəsi: 3 yaşında adını yazan Həmidin UĞUR SİRRİ

Təhsil

8 Sentyabr 2021, 17:06

Bu il tələbə adını qazanan ən gənc abituriyent 2006-cı il təvəllüdlüdür. 15 yaşlı Səfərli Həmid Xaqani oğlu IV qrup üzrə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərərək, Azərbaycan Tibb Universitetinə qəbul olunub. O, dövlət sifarişi əsasında əyani təhsil alacaq.

 

İlin ən gənc tələbəsi adını qazanan Həmid Səfərli təəssüratlarını Modern.az-la bölüşüb.

 

O, Goranboy rayonunda doğulduğunu və 4 yaşında birinci sinfə getdiyini söyləyib:

 

“Mən 3 yaşımdan etibarən saymağı öyrənmişdim, hərfləri tanıyırdım, şeirlər əzbərləmişdim. Bacım Leyla birinci sinfə başlayanda mən də məktəbə getmək üçün təkid etdim. Yaşım az olsa da gördülər ki, 6-7 yaşlı uşaqlarla birlikdə oxumağa qadirəm, bunu bacaracağam. Ona görə həm məktəb rəhbərliyi məni qəbul etdi, həm də ailəm 4 yaşımda birinci sinfə başlamağıma imkan verdi.

 

Yaşıdlarımdan geri qalmırdım, təvazökarlıqdan uzaq da olsa, bəzi yaşıdlarımdan hətta irəlidə idim. Çünki öz sinif yoldaşlarımdan belə daha çox biliyə, əhatəli bacarıqlara sahib olduğumu tək mən yox, ətrafdakılar da hiss edirdi, görürdü. Onların çoxu bir sahə üzrə istiqamətlənirdi, konkret fənlərə yönəlirdi. Biz isə bacımla birlikdə fortepianoya gedirdik, oranı əlaçı diplomu ilə bitirdik, şahmata yazıldıq, şahmat məktəbini dərəcə ilə başa vurduq. Bundan əlavə, yarışlarda iştirak etmişik, fəxri fərmanlar, təltifnamələr, medallar almışıq. Hər bir işdə bacımla birlikdə addımlayırdım. Bacım məndən böyükdür, onunla tam normativi ödəmişəmsə, deməli, yaşıdlarımdan geri qalmamışam. Hər ikimiz Azərbaycan Tibb Universitetində dövlət sifarişi ilə əyani təhsil alacağıq. Mən 602 bal, bacım isə 631 bal toplayıb.

 

Bacım mənim həm də rəqibim idi. Onunla sağlam rəqabət aparırıq. Tək onunla deyil, digər yoldaşlarımla da rəqabətimiz olurdu. Mən bunu həmişə düzgün hesab etmişəm. Paxıllıq etmək lazımsızdır, amma sağlam, yaxşı rəqabət olan yerdə həmişə inkişaf olur. Sinif yoldaşlarımız, hazırlıqdakı həmyaşıdlarımız, dostlarımız kömək istəyəndə onlara kömək edirdik, mənə lazım olanı da sağ olsunlar, onlar öyrədiblər. Əsas bacımla həm rəqabət aparmışam, həm də birlikdə addımlamışam”.

 

 

Həmid deyir ki, ali məktəbə qəbul olmaq üçün hazırlığa 9-cu sinifdən başlayıb və bu dönəmdə qətiyyən telefon və televizordan istifadə etməyib:

 

“Fortepiano və şahmat dərslərini 9-cu sinfə qədər yekunlaşdırmışdıq. Hazırlıq zamanı bu bizə çox mane olmadı. Evdə dərslərə hazırlaşdığımız müddətdə beynin gimnastikası kimi şahmatla məşğul olurduq. Hazırlıq dönəmində evimizdə televizor belə qoşulmurdu. Telefonla məşğuliyyətdən, sosial şəbəkələrdən tamamilə uzaq olmuşuq.

 

Anam imtahanlarla bağlı, qeydiyyatla əlaqədar hər şeyə baxır, özü maraqlanır, bizə deyirdi. Ona görə də heç vaxt feysbuka, instaqrama ehtiyacımız olmayıb. Ancaq onlayn dərs üçün internet və kompüterdən istifadə edirdik.

 

Biz düşünürdük ki, məqsədimiz, xəyalımız var, telefonlara vaxtımızı sərf etsək, bir ömür boyu peşman ola bilərdik. Arzumuza çatdıq, telefonlarımız bir kənarda dururdu, bundan sonra televizor, telefon, sosial media həmişə var.  

 

Savad və intellektimiz genetik ola bilər. Mənim ana nənəm Əməkdar müəllim olub. Dayılarım hüquqşünas, anam həkimdir. Tibb sahəsinə marağımız da anam sayəsində formalaşıb, ondan götürmüşük. Mən hətta stomatoloqa gedəndə belə maraqlanır, həkimin hər şeyi mənə izah etməyini istəyirdim. Evdə sadə tibbi vasitələr var idi, təzyiq ölçməyi, şəkər ölçməyi bacarmışıq. Bilirdik ki, çox ağır bir sahəyə gedirik. Bütün çətinliklərə rəğmən həkim olmağı hədəfləmişdik”.

 

15 yaşlı tələbə təhsilini xaricdə davam etdirməyi arzuladığını söyləyib:

 

“Məni oxumağa həvəsləndirən ailə üzvlərimin hamısı Azərbaycanda təhsil alıb, hamısı öz rayonumuza qayıdıb, burada insanlara xidmət ediblər. Mən Tibb Universitetindəki təhsilimdən sonrası haqqında düşünməmişəm. Əgər imkanım olarsa, təhsilimi xaricdə davam etməyi istəyərəm, amma dünyanın harasında təhsil alsam, qayıdıb ölkəmizdə işləməyi, faydanı öz insanlarımıza verməyi arzulayıram”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür