İcbari tibbi sığortada elektron resept, elektron sığorta şəhadətnaməsi və elektron informasiya sistemi ilə bağlı hüquqi mexanizmlər təkmilləşdirilir.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən onlayn iclasında müzakirə edilən "Tibbi sığorta haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunlara dəyişiklik layihəsində əksini tapıb.
Belə ki, layihəyə əsasən, "İcbari tibbi sığorta fondu" anlayışı qanuna əlavə edilir və fond dövlətin mülkiyyətində olan, dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik məqsədli dövlət maliyyə fondu kimi müəyyənləşdirilir.
Dəyişikliklə icbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur.
Bundan başqa, ambulator şəraitdə istifadə olunan dərman vasitələri aptek təşkilatları tərəfindən yalnız elektron informasiya sisteminə ötürülmüş elektron resept əsasında veriləcək. Eyni zamanda, icbari tibbi sığorta şəhadətnaməsi də elektron formada həmin informasiya sistemində yaradılacaq.
Layihədə icbari tibbi sığorta üzrə məlumat bazasının formalaşdırılması, istifadəsi və elektron informasiya ehtiyatına inteqrasiya ilə bağlı müddəalar qanundan çıxarılır. Bu məsələlərin aidiyyəti icra hakimiyyəti orqanının müəyyən etdiyi informasiya sistemi vasitəsilə tənzimlənməsi təklif olunur.
Bundan əlavə, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunda istifadə olunan terminologiya digər qanunvericilik aktlarına uyğunlaşdırılır.
Qanun layihəsinin izahatına görə, dəyişikliklər elektron xidmətlərin hüquqi əsaslarının təkmilləşdirilməsi, elektron resept və elektron sığorta şəhadətnaməsinin tətbiqinin qanunvericilikdə təsbit edilməsi məqsədi daşıyır.