Doktorant Enerji Təhlükəsizliyi və Enerji Diplomatiyası üzrə araşdırmaçı ADG-Azərbaycan Diaspor Gəncləri Assosasiyasının İdarə Heyəti Üzvi və İtaliya Koordinatoru Toğrul Əliyev Modern.az-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Toğrul bəy, son illərdə Azərbaycan İtaliyanın əsas enerji tərəfdaşlarından birinə çevrilib. Siz illərdir İtaliyada yaşayırsınız. Bu əməkdaşlıq Azərbaycan haqqında italyan cəmiyyətində hansı təsəvvürü formalaşdırıb? Sizcə, enerji sahəsində qurulan tərəfdaşlıq artıq təhsil, innovasiya, turizm və mədəniyyət kimi sahələrə də keçməlidirmi?
- Azərbaycan ilə İtaliya arasında münasibətlər son onillikdə yalnız iqtisadi əməkdaşlığın genişlənməsi ilə deyil, qarşılıqlı etimadın və strateji tərəfdaşlığın dərinləşməsi ilə xarakterizə olunur. Mən illərdir İtaliyada yaşayıram və bu müddət ərzində həm akademik mühitdə, həm də gündəlik ictimai həyatda Azərbaycan haqqında formalaşan təsəvvürün necə dəyişdiyini yaxından müşahidə etmək imkanım olub.
Bir neçə il əvvəl İtaliyada Azərbaycan haqqında məlumatlılıq kifayət qədər məhdud idi. İnsanların böyük əksəriyyəti ölkəmizi tanımaqda çətinlik çəkirdi. Azərbaycan daha çox postsovet məkanında yerləşən, haqqında az məlumat olan bir ölkə kimi qəbul edilirdi. Lakin son illərdə bu mənzərə nəzərəçarpacaq dərəcədə dəyişib.
Bu dəyişimin əsas səbəblərindən biri, şübhəsiz ki, enerji diplomatiyasıdır. Xüsusilə Cənub Qaz Dəhlizi və onun Avropadakı son halqası olan TAP layihəsi Azərbaycanı İtaliyanın enerji təhlükəsizliyində mühüm aktora çevirdi. Rusiya–Ukrayna müharibəsindən sonra Avropa alternativ enerji mənbələrinin əhəmiyyətini daha dərindən dərk etdi və Azərbaycan artıq yalnız enerji ixrac edən ölkə deyil, enerji təhlükəsizliyinə töhfə verən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilməyə başladı.
Deyə bilərəm ki, bunu gündəlik söhbətlərdə də hiss etmək mümkündür. Əvvəllər "Azərbaycan haradadır?" sualı daha çox verilirdisə, bu gün "Azərbaycan Avropaya qaz ixrac edən ölkədir, elə deyilmi?" və ya "TAP Azərbaycandan gələn qazdır?" kimi suallarla daha tez-tez qarşılaşılır. Bu, sadəcə məlumatlılığın artması deyil bu, həm də ölkəmizin beynəlxalq imicində baş verən keyfiyyət dəyişməsinin göstəricisidir.
Lakin mən hesab edirəm ki, uğurlu strateji tərəfdaşlığın gələcəyi yalnız enerji sektorundan asılı olmamalıdır. Enerji mühüm təməl yaratsa da, dayanıqlı münasibətlər cəmiyyətlər arasında qurulan əlaqələr hesabına formalaşır. XXI əsrdə dövlətlərin nüfuzu təkcə ixrac etdikləri resurslarla deyil, həm də bilik, innovasiya, mədəniyyət və insan kapitalı ilə ölçülür. Bu əməkdaşlığın artıq yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm nümunələrdən biri də SOCAR-ın İtaliya enerji bazarında fəaliyyətinin genişlənməsidir. Xüsusilə SOCAR-ın İtaliyanın aparıcı yanacaq paylama şirkətlərindən olan Italiana Petroli (IP)-nin nəzarət paketini əldə etməsi və SOCAR Italy platformasının formalaşdırılması Azərbaycanın İtaliyada təkcə təbii qaz təchizatçısı deyil, həm də enerji dəyər zəncirinin müxtəlif mərhələlərində iştirak edən strateji investor kimi mövqeyini gücləndirib. Bu addım iki ölkə arasında əməkdaşlığın artıq yalnız qaz ixracı ilə məhdudlaşmadığını, emal, logistika, yanacaq satışı və investisiya istiqamətlərini də əhatə edən daha geniş iqtisadi tərəfdaşlıq modelinə çevrildiyini göstərir.
Məhz buna görə hesab edirəm ki, Azərbaycan və İtaliya arasında formalaşmış yüksək siyasi etimad artıq yeni əməkdaşlıq mərhələsinə keçməlidir.
Təhsil sahəsində ikili diplom proqramlarının genişləndirilməsi, universitetlər arasında birgə tədqiqat layihələrinin yaradılması, doktorant və tədqiqatçı mübadilələrinin artırılması gələcək münasibətlərin ən mühüm istiqamətlərindən biri kimi inkişaf etməkdədir.
İtaliya-Azərbaycan universitetinin yaradılması, hər iki ölkənin qarşılıqlı təhsil əməkdaşlığını genişləndirmə səyləri bunun real örnəklərindəndir.
İnnovasiya sahəsində də böyük potensial mövcuddur. İtaliya Avropanın sənaye və texnologiya mərkəzlərindən biridir. Azərbaycan isə son illərdə rəqəmsal transformasiya, startap ekosistemi, yaşıl enerji və innovasiya siyasətinə ciddi investisiya yatırır. Mən hesab edirəm ki, xüsusilə yaşıl texnologiyalar, ağıllı şəhərlər, süni intellekt və enerji səmərəliliyi sahələrində ortaq layihələr gələcək əməkdaşlığın yeni lokomotivinə çevrilə bilər.
Mədəniyyət və turizm isə münasibətlərin insan ölçüsünü gücləndirən əsas vasitələrdir. Dövlətlər arasında imzalanan müqavilələr mühümdür, lakin xalqları bir-birinə yaxınlaşdıran əsas amil insanların bir-birini tanımasıdır. Azərbaycan zəngin multikultural irsə, qədim şəhər mədəniyyətinə, musiqisinə və qonaqpərvərlik ənənələrinə malikdir. İtaliya isə dünya mədəniyyətinin ən mühüm mərkəzlərindən biridir. Mən hesab edirəm ki, qarşılıqlı mədəni layihələrin, kino festivallarının, incəsənət proqramlarının, tələbə mübadilələrinin və turizm təşəbbüslərinin artırılması enerji diplomatiyasını tamamlayan ən güclü yumşaq güc alətinə çevriləcək.
Əslində, enerji tərəfdaşlığı Azərbaycan və İtaliya münasibətlərinin son məqsədi deyil. O, daha geniş strateji əməkdaşlığın başlanğıc nöqtəsidir. Mən gələcəyin Azərbaycan–İtaliya münasibətlərini belə görürəm: enerji üzərində qurulan etimadın elmə, innovasiyaya, iqtisadiyyata, mədəniyyətə və insanlararası əlaqələrə çevrildiyi çoxşaxəli və dayanıqlı tərəfdaşlıq modeli.

- İtaliyada insanlara azərbaycanlı olduğunuzu deyəndə ilk hansı sualı verirlər? Bu münasibət son illərdə dəyişibmi? Sizcə, İtaliya mediası və ictimaiyyəti Azərbaycanı hələ də əsasən enerji ölkəsi kimi tanıyır, yoxsa bu təsəvvür artıq dəyişməyə başlayıb?
- İnsanların bir ölkə haqqında formalaşdırdığı ilk təəssürat çox zaman həmin ölkənin beynəlxalq imicinin ən real göstəricilərindən biri hesab olunur. Müxtəlif yaş qruplarından, peşələrdən və sosial təbəqələrdən olan insanlarla ünsiyyətdə olmuşam. Ona görə də Azərbaycan haqqında verilən sualların zamanla necə dəyişdiyini yaxından müşahidə etmək imkanım olub.
Lakin son illərdə bu mənzərənin nəzərəçarpacaq dərəcədə dəyişdiyini müşahidə edirəm. Bu gün insanlar daha çox ölkəmizi Avropaya qaz ixrac edən enerji tərəfdaşı kimi tanıyır. Azərbaycanın son illərdə Avropa üçün strateji əhəmiyyətinin artması İtaliya cəmiyyətində də öz əksini tapmaqdadır. Bu dəyişiklik təsadüfi deyil. O, Azərbaycanın beynəlxalq arenada daha görünən aktora çevrilməsinin nəticəsidir.
Burada diqqət çəkən məqamlardan biri odur ki, enerji əməkdaşlığı Azərbaycanın tanınmasına mühüm töhfə versə də, bu tanınma tədricən başqa sahələrə də yayılmağa başlayır. Məsələn, son illərdə COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq medianın ölkəmizə marağını əhəmiyyətli dərəcədə artırdı. Əgər əvvəllər xarici mətbuatda Azərbaycan əsasən enerji və geosiyasət kontekstində xatırlanırdısa, indi yaşıl enerji, iqlim diplomatiyası, dayanıqlı inkişaf və regional əməkdaşlıq məsələləri də bu diskursun tərkib hissəsinə çevrilib.
Bu dəyişiklik beynəlxalq münasibətlər nəzəriyyəsində "nation branding" və ya dövlət brendinin formalaşdırılması baxımından da maraqlı nümunədir. Bir ölkənin beynəlxalq imici yalnız iqtisadi göstəricilər və ya siyasi qərarlarla müəyyən olunmur.
Onu media, mədəniyyət, elm, idman, beynəlxalq tədbirlər, turizm və insanlararası münasibətlər birlikdə formalaşdırır. Azərbaycanın son illərdə Formula 1 yarışları, beynəlxalq humanitar forumlar, mədəniyyət festivalları və COP29 kimi qlobal tədbirlərə ev sahibliyi etməsi ölkənin görünürlüyünü artıran mühüm amillərdəndir.
Bununla yanaşı, hesab edirəm ki, İtaliya mediasında Azərbaycan haqqında məlumatlar hələ də müəyyən dərəcədə mövzu baxımından məhduddur. Xəbərlərin böyük hissəsi enerji, regional təhlükəsizlik və ya Cənubi Qafqazdakı geosiyasi proseslər ətrafında cəmləşir. Halbuki Azərbaycanın zəngin mədəniyyəti, akademik inkişaf potensialı, iqtisadi transformasiyası, rəqəmsal inkişafı və gənclər siyasəti haqqında materiallar nisbətən azdır. Bu isə o deməkdir ki, ölkəmizin beynəlxalq imicinin inkişafı istiqamətində görüləcək işlər hələ də kifayət qədərdir. Bu baxımdan, Romada fəaliyyət göstərən Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyi nəzdində yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Mərkəzdə il ərzində təşkil olunan konsertlər, sərgilər, konfranslar, film nümayişləri, milli bayram tədbirləri və digər mədəni layihələr Azərbaycan mədəniyyətinin, incəsənətinin və milli-mənəvi dəyərlərinin İtaliya ictimaiyyətinə tanıdılması baxımından mühüm rol oynayır. Bu təşəbbüslər iki xalq arasında mədəni dialoqu gücləndirməklə yanaşı, Azərbaycan haqqında daha dolğun və obyektiv təsəvvürün formalaşmasına da töhfə verir.

Xüsusilə Səfirliyin binasında fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində yaradılmış sərgi salonu ölkəmizin zəngin tarixi, milli-mədəni irsi və dövlətçilik ənənələrinin nümayiş etdirilməsi baxımından mühüm platformadır. Burada nümayiş etdirilən qədim xalçaçılıq nümunələri, milli geyimlər, zərgərlik məmulatları, misgərlik nümunələri, qədim musiqi alətləri, miniatür sənəti, Azərbaycan tarixinə və mədəniyyətinə dair nəşrlər, eləcə də müxtəlif dövrləri əks etdirən ekspozisiyalar ziyarətçilərə Azərbaycanın çoxəsrlik mədəni irsini yaxından tanımaq imkanı yaradır. Mərkəzdə həmçinin Azərbaycan dili və mədəniyyəti üzrə maarifləndirici fəaliyyətlər, elmi-humanitar tədbirlər və mədəniyyətlərarası əməkdaşlığı təşviq edən layihələr də həyata keçirilir.
Müşahidələrim göstərir ki, Səfirliyin və Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi tədbirlər yalnız İtaliya ictimaiyyəti tərəfindən deyil, burada yaşayan azərbaycanlılar tərəfindən də böyük maraqla qarşılanır. Bu layihələr bir tərəfdən Azərbaycan mədəniyyətinin İtaliyada tanıdılmasına xidmət edir, digər tərəfdən isə diaspor nümayəndələrinin milli kimliyinin qorunmasına, vətənlə bağlılığının gücləndirilməsinə və Azərbaycan–İtaliya humanitar əlaqələrinin daha da inkişaf etməsinə mühüm töhfə verir. Belə təşəbbüslər mədəni diplomatiyanın praktik nümunəsi kimi ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsində əhəmiyyətli rol oynayır.
Mən qeyd etməliyəm ki, ölkəmizin tanıdılmasını yalnız medianın məsuliyyəti kimi qiymətləndirmirəm. Burada akademik dairələrin, diaspor təşkilatlarının, universitetlərin, mədəniyyət mərkəzlərinin və vətəndaş cəmiyyətinin də rolu böyük olmalıdır. Bir ölkə haqqında davamlı və balanslı təsəvvür yalnız rəsmi diplomatiya ilə formalaşmır. bunu eyni zamanda elm adamları, tələbələr, sənətçilər, jurnalistlər və xaricdə yaşayan vətəndaşlar birlikdə yaradırlar.
Şəxsi təcrübəmdən çıxış edərək deyə bilərəm ki, İtaliya universitetlərində Azərbaycan haqqında təşkil olunan təqdimatlar, elmi konfranslar və mədəni tədbirlər insanlarda böyük maraq yaradır. Çox vaxt tədbirdən sonra iştirakçılar Azərbaycanın tarixi, Qarabağ bölgəsi, multikultural ənənələri, enerji siyasəti və turizm imkanları haqqında əlavə suallar verirlər. Bu onu göstərir ki, məlumat əldə etmək istəyi mövcuddur, əsas məsələ həmin marağı doğru və davamlı şəkildə qidalandıra bilməkdir.
Mənim fikrimcə, Azərbaycanın qarşısında duran əsas vəzifə artıq "özünü tanıtmaq" deyil, "özünü daha dolğun təqdim etməkdir". Çünki bu gün Azərbaycan artıq Avropada tanınmayan ölkə deyil. Əsas məsələ ölkəmizin yalnız enerji ixracatçısı kimi deyil, innovasiya, mədəniyyət, təhsil, yaşıl inkişaf və regional əməkdaşlıq sahələrində də etibarlı tərəfdaş kimi qəbul olunmasını təmin etməkdir.
Dövlətlərin nüfuzu təkcə malik olduqları resurslarla deyil, həmin resurslar haqqında formalaşdırdıqları narrativ ilə ölçülür. Mən hesab edirəm ki, Azərbaycanın növbəti mərhələdə qurmalı olduğu ən mühüm narrativ məhz budur: enerji ilə başlayan tərəfdaşlığın bilik, innovasiya, mədəniyyət və insan kapitalı üzərində davam edən strateji əməkdaşlığa çevrilməsi.
- Toğrul bəy, İtaliya kimi zəngin tarixə və mədəni irsə malik ölkədə yaşamaq sizə Azərbaycanın hansı üstünlüklərini daha aydın göstərib? İtaliyanın gündəlik həyatında, şəhər mədəniyyətində və idarəetmə modelində "kaş bizdə də belə olaydı" dediyiniz nümunələr hansılardır? Əksinə, Azərbaycanda gördüyünüz elə hansı üstünlüklər var ki, onların İtaliyada da tətbiq olunmasını istərdiniz?
- Mən hesab edirəm ki, xaricdə yaşamağın ən böyük üstünlüklərindən biri insanın yalnız yaşadığı ölkəni deyil, öz vətənini də daha obyektiv qiymətləndirməyə başlamasıdır. Müxtəlif cəmiyyətləri yaxından müşahidə etdikcə anlayırsan ki, heç bir ölkə bütün sahələrdə ideal deyil. Hər bir dövlətin öz güclü və zəif tərəfləri var. Əsas məsələ isə müqayisə aparmaq deyil, bir-birindən öyrənə bilməkdir.
İtaliya dünyanın ən qədim sivilizasiya mərkəzlərindən biridir. Burada tarix gündəlik həyatın ayrılmaz hissəsidir. Bir şəhərdə gəzişərkən Roma dövründən qalan tikililər, orta əsr memarlığı və müasir şəhər həyatı eyni məkanda harmonik şəkildə mövcuddur.
Tarixi irsin qorunması burada sadəcə dövlət siyasəti deyil, ictimai şüurun bir hissəsidir. İnsanlar yaşadıqları şəhərlə fəxr edir, onu qoruyur və gələcək nəsillərə ötürməyi öz məsuliyyətləri hesab edirlər.
Bu mənada düşünürəm ki, Azərbaycan da son illərdə mədəni irsin qorunması istiqamətində mühüm addımlar atıb. Xüsusilə Qarabağda aparılan bərpa və yenidənqurma işləri yalnız infrastruktur layihələri deyil, həm də tarixi və mədəni yaddaşın bərpası kimi qiymətləndirilməlidir. Bununla yanaşı, İtaliyanın irs idarəçiliyi sahəsindəki təcrübəsi Azərbaycanın gələcək layihələri üçün dəyərli nümunə ola bilər. Tarixi abidələrin qorunması, onların iqtisadi dövriyyəyə cəlb olunması, mədəni turizmin inkişafı və yerli icmaların bu prosesə fəal qoşulması istiqamətində öyrəniləcək çox təcrübə mövcuddur.

İtaliyada diqqəti ən çox cəlb edən məqamlardan biri şəhər mədəniyyətidir. Burada ictimai məkan anlayışı çox inkişaf edib. Meydanlar, parklar, piyada küçələri, açıq kitabxanalar və kiçik kafelər sadəcə istirahət yerləri deyil, onlar insanların ünsiyyət qurduğu, fikir mübadiləsi apardığı və sosial əlaqələr yaratdığı məkanlardır. Şəhər insan üçün qurulur və bu yanaşma gündəlik həyatın keyfiyyətinə birbaşa təsir edir.
Bundan əlavə, yerli idarəetmə sisteminin güclü olması da diqqət çəkən məqamlardandır. Bələdiyyələrin qərarvermə prosesində fəal iştirakı, şəhərlərin öz tarixi kimliyini qorumağa çalışması və yerli təşəbbüslərin dəstəklənməsi idarəetmənin daha çevik olmasına şərait yaradır. Mən hesab edirəm ki, şəhərsalma və ictimai məkanların planlaşdırılması sahəsində İtaliyanın təcrübəsi Azərbaycan üçün faydalı ola bilər.
Lakin eyni zamanda İtaliyada yaşamaq mənə Azərbaycanın bir sıra üstünlüklərini də daha aydın göstərdi. Onlardan biri dövlət xidmətlərinin rəqəmsallaşdırılmasıdır. Son illərdə Azərbaycanda elektron hökumət xidmətləri, "ASAN xidmət" modeli, rəqəmsal dövlət platformaları və bir pəncərə prinsipi əsasında təqdim olunan xidmətlər vətəndaş-məmur münasibətlərində şəffaflığın və operativliyin artmasına mühüm töhfə verib. Bir çox hallarda Azərbaycanda gündəlik inzibati prosedurlar daha qısa müddətdə və daha az bürokratik maneə ilə həyata keçirilir.
Azərbaycanın digər mühüm üstünlüyü dinamizmidir. Gənc əhalinin yüksək payı, sürətlə inkişaf edən rəqəmsal infrastruktur, yeni biznes təşəbbüslərinə açıq mühit və çevik qərarvermə imkanları ölkənin inkişaf tempini artıran amillərdəndir. İtaliya isə zəngin institusional təcrübəyə malik olsa da, bəzi sahələrdə uzunmüddətli bürokratik prosedurlar və mürəkkəb inzibati mexanizmlər dəyişikliklərin həyata keçirilməsini ləngidə bilir. Bu baxımdan Azərbaycanın çevik idarəetmə yanaşması maraqlı təcrübə kimi qiymətləndirilə bilər.
Digər mühüm üstünlük isə Azərbaycan cəmiyyətində qonaqpərvərlik və sosial həmrəylik ənənələrinin güclü olmasıdır. İtaliyada ailə institutunun möhkəmliyi xüsusi diqqət çəkir və bu baxımdan iki ölkə arasında maraqlı oxşarlıqlar mövcuddur. Həm azərbaycanlılar, həm də italyanlar ailə dəyərlərinə, qonaqpərvərliyə və insan münasibətlərinə böyük önəm verirlər. Məhz bu ortaq xüsusiyyətlər xalqlarımız arasında qarşılıqlı anlaşmanı asanlaşdıran mühüm sosial körpü rolunu oynayır.
Mən hesab edirəm ki, gələcəyin uğurlu tərəfdaşlığı məhz bu qarşılıqlı öyrənmə fəlsəfəsinə əsaslanmalıdır. Azərbaycan İtaliyadan tarixi irsin idarə olunması, şəhər mədəniyyəti, kreativ sənayelər və peşə təhsili sahəsində dəyərli təcrübələr öyrənə bilər. İtaliya isə Azərbaycanın rəqəmsal dövlət xidmətləri, çevik institusional yanaşması, innovasiya təşəbbüsləri və dövlət-vətəndaş xidmət modelindən faydalana bilər.
Əsl strateji tərəfdaşlıq yalnız iqtisadi göstəricilərlə ölçülmür. O, cəmiyyətlərin bir-birindən öyrənmək istəyi ilə güclənir. Mənim fikrimcə, Azərbaycan və İtaliya münasibətlərinin ən böyük üstünlüyü də məhz budur, fərqli tarixi təcrübələrə malik iki ölkə ortaq dəyərlər və qarşılıqlı hörmət əsasında bir-birini tamamlayan inkişaf modeli formalaşdıra bilir.
- Azərbaycan məhsullarının İtaliya bazarında daha çox tanınması üçün ilk növbədə nə etmək lazımdır? Sizcə, problem tanıtımdadır, yoxsa bazara çıxış mexanizmlərində? İtaliyada yaşayan azərbaycanlı gənclər ölkəmizin tanıdılmasında nə dərəcədə fəaldırlar? Diasporun fəaliyyətində hansı boşluqları görürsünüz?
- Qloballaşan dünyada dövlətlərin rəqabəti artıq yalnız siyasi və ya hərbi güclə müəyyən olunmur. Bu gün ölkələr həm də öz məhsulları, innovasiyaları, mədəniyyətləri və beynəlxalq imici ilə rəqabət aparırlar. Bu baxımdan iqtisadi diplomatiya yalnız ixracın artırılması vasitəsi deyil, həm də dövlətin beynəlxalq nüfuzunu gücləndirən strateji alətdir. Mən hesab edirəm ki, Azərbaycanın İtaliya ilə münasibətlərində növbəti mərhələ məhz bu istiqamətdə inkişaf etməlidir.
Bu gün İtaliyada Azərbaycan dedikdə ilk növbədə enerji sektoru yada düşür. Bu, təbii olaraq böyük uğurdur. Lakin uzunmüddətli perspektivdə məqsədimiz yalnız enerji ilə tanınmaq olmamalıdır. Arzu olunan odur ki, Azərbaycan adı keyfiyyətli kənd təsərrüfatı məhsulları, qida sənayesi, şərabçılıq, xalçaçılıq, dizayn, rəqəmsal xidmətlər və yaradıcı sənayelərlə də assosiasiya olunsun.
Mən hesab edirəm ki, Azərbaycan məhsullarının İtaliya bazarında qarşılaşdığı əsas çətinlik məhsulun keyfiyyətindən çox, onun görünürlüğü və bazar mövqelənməsi ilə bağlıdır. İtaliya son dərəcə rəqabətli bazardır. Burada istehlakçı yalnız məhsul almır o, hekayə, mənşə, keyfiyyət və etibar alır. Buna görə də "Made in Azerbaijan" ifadəsi sadəcə mənşə nişanı deyil, etimad və keyfiyyət göstəricisinə çevrilməlidir.
Azərbaycanın zəfəranı, nar məhsulları, fındığı, balı, şərabları, mineral suları və digər yerli məhsulları Avropa bazarında rəqabət apara biləcək potensiala malikdir. Lakin potensialın olması bazarda uğur qazanmaq üçün kifayət etmir. Müasir bazar şəraitində məhsulun qablaşdırılması, dizaynı, marketinq strategiyası, coğrafi mənşə göstəricilərinin qorunması və rəqəmsal satış kanallarına çıxış ən az məhsulun özü qədər əhəmiyyətlidir.
Burada dövlət qurumlarının, sahibkarların və diaspor təşkilatlarının koordinasiyalı fəaliyyəti xüsusi rol oynayır. Mən hesab edirəm ki, iqtisadi diplomatiya artıq yalnız hökumətlərin işi deyil. Xaricdə yaşayan iş adamları, tələbələr və peşəkarlar da ölkələrinin iqtisadi səfirlərinə çevrilirlər. Onların yaratdığı şəxsi etibar, peşəkarlıq və sosial əlaqələr bəzən ənənəvi reklam kampaniyalarından daha güclü təsir göstərir.
İtaliyada yaşayan azərbaycanlı gənclərin fəaliyyətinə gəldikdə isə, son illərdə müsbət dinamika müşahidə olunur. Müxtəlif universitetlərdə təhsil alan tələbələr, gənc tədqiqatçılar, sahibkarlar və diaspor fəalları Azərbaycanın tanıdılması istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edirlər.
Elmi konfranslar, mədəni tədbirlər, milli bayramların qeyd olunması, sərgilər və ictimai müzakirələr bu fəaliyyətin mühüm hissəsini təşkil edir. Bu kontekstdə ADG - Azərbaycan Diaspor Gəncləri təşkilatının fəaliyyətini də xüsusi qeyd etmək istərdim. Son illərdə təşkilat xaricdə yaşayan azərbaycanlı gənclər arasında koordinasiyanın gücləndirilməsi, onların vahid platformada bir araya gətirilməsi və müxtəlif ölkələrdə fəaliyyət göstərən gənclər şəbəkələri arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edir. Mən hesab edirəm ki, müasir diaspor fəaliyyətinin uğuru yalnız milli-mədəni tədbirlərin təşkili ilə deyil, eyni zamanda gənclərin akademik, peşəkar və ictimai potensialının birləşdirilməsi və dəstəklənməsi ilə ölçülməlidir.
Xüsusilə Avropada yaşayan azərbaycanlı gənclər arasında formalaşan əməkdaşlıq şəbəkələri gələcəkdə elm, innovasiya, sahibkarlıq və ictimai diplomatiya sahələrində yeni layihələrin yaranmasına mühüm töhfə verə bilər. Bu baxımdan Azərbaycan Diaspor Gəncləri təşkilatının əsas missiyalarından biri müxtəlif ölkələrdə yaşayan gənclər arasında davamlı əlaqələrin qurulması, bilik və təcrübə mübadiləsinin təşviqi, eləcə də Azərbaycanın beynəlxalq imicinin gücləndirilməsində fəal iştirak edən yeni nəsil diaspor liderlərinin formalaşdırılmasıdır.
Mən inanıram ki, diasporun gələcəyi məhz bu yanaşmadan keçir. Bu gün xaricdə yaşayan azərbaycanlı gənc təkcə öz ölkəsinin nümayəndəsi deyil, həm də müxtəlif cəmiyyətlər arasında etimad yaradan, mədəniyyətləri yaxınlaşdıran və beynəlxalq əməkdaşlığa töhfə verən ictimai diplomatiya aktorudur. Belə təşəbbüslər nə qədər sistemli və davamlı olarsa, Azərbaycanın dünyada tanınmasına və milli maraqlarının beynəlxalq müstəvidə daha effektiv şəkildə təşviqinə də bir o qədər böyük töhfə verilmiş olar.
Müasir dövrdə diasporun funksiyası daha genişdir. O, həm də bilik şəbəkəsi, iqtisadi əməkdaşlıq platforması, akademik körpü və innovasiya tərəfdaşı rolunu oynamalıdır.
Mən xüsusilə gənclərin bu prosesdə roluna böyük önəm verirəm. Xaricdə təhsil alan və çalışan azərbaycanlı gənclər yalnız öz şəxsi karyeralarını qurmaqla kifayətlənməməlidirlər. Onlar iki ölkə arasında intellektual və peşəkar əlaqələrin formalaşmasına töhfə verə bilərlər. Universitetlər arasında əməkdaşlıq layihələrinin təşəbbüskarı olmaq, elmi tədqiqatlarda iştirak etmək, startap ekosistemlərini əlaqələndirmək və biznes dairələri arasında körpü yaratmaq artıq yeni nəsil diaspor fəaliyyətinin əsas istiqamətlərindən biri olmalıdır.
Mənim fikrimcə, diaspor anlayışı da zamanın tələblərinə uyğun yenidən düşünülməlidir. Müasir diaspor yalnız öz kimliyini qoruyan icma deyil, yaşadığı cəmiyyətə dəyər qatan, həmin cəmiyyətin inkişafında iştirak edən və eyni zamanda öz vətəninin maraqlarını peşəkarlıqla təmsil edən sosial kapitaldır. Belə yanaşma həm qəbul edən ölkədə hörmət qazandırır, həm də mənsub olduğu dövlətin beynəlxalq nüfuzunu gücləndirir.
Bu kontekstdə "Made in Azerbaijan" anlayışını da yalnız məhsul etiketi kimi deyil, bütöv bir milli brend kimi qəbul etmək lazımdır. Milli brend dedikdə mən yalnız ixrac olunan malları deyil, Azərbaycan alimini, mühəndisini, musiqiçisini, memarını, proqramçısını, idmançısını və gənc sahibkarını da nəzərdə tuturam. Çünki ölkənin beynəlxalq nüfuzu onun ixrac etdiyi məhsullar qədər, yetişdirdiyi insan kapitalı ilə də formalaşır.
Əminəm ki, qarşıdakı illərdə Azərbaycan–İtaliya münasibətlərində iqtisadi diplomatiyanın əsas məqsədi sadəcə ticarət dövriyyəsini artırmaq deyil, iki ölkə arasında etimada əsaslanan uzunmüddətli tərəfdaşlıq ekosistemi qurmaq olmalıdır.
Belə bir modeldə enerji sektoru təməl olaraq qalacaq, lakin onun üzərində elm, innovasiya, sahibkarlıq, mədəniyyət və insan kapitalına söykənən daha dayanıqlı əməkdaşlıq memarlığı formalaşacaq.
- İtaliyaya ilk dəfə səfər edəcək bir azərbaycanlıya "mütləq bunu gör, bunu öyrən" deyəcəyiniz nə olar? Eyni sualı əksinə versək, Azərbaycana gələn italyanlara nəyi mütləq göstərmək lazımdır?
- Məncə, hər hansı ölkəyə səyahət etməyin əsas məqsədi yalnız məşhur abidələri görmək deyil, həmin cəmiyyətin düşüncə tərzini, həyat fəlsəfəsini və gündəlik ritmini anlamaqdır. Çünki bir xalqı tanımağın ən doğru yolu onun məşhur meydanlarını gəzməkdən daha çox, insanların necə yaşadığını müşahidə etməkdir.
İtaliyaya ilk dəfə gələn azərbaycanlılara həmişə deyirəm ki, Roma, Florensiya və ya Venesiyanı görmək əlbəttə vacibdir. Amma İtaliyanı yalnız bu şəhərlərlə tanımaq mümkün deyil. İtaliyanın əsl gücü onun gündəlik həyat mədəniyyətindədir. Burada insanlar vaxt tapıb ailələri ilə birlikdə nahar etməyə, küçədə qonşusu ilə söhbət etməyə, kiçik ailə bizneslərini qorumağa və yaşadıqları şəhərə sahib çıxmağa çalışırlar. Bu, sürətlə dəyişən müasir dünyada çox qiymətli sosial kapitaldır.
İtaliyada diqqətimi ən çox çəkən xüsusiyyətlərdən biri insanların tarixlə münasibətidir. Burada tarixi irs keçmişə aid xatirə kimi deyil, bu günün iqtisadi və sosial inkişafının tərkib hissəsi kimi qəbul olunur. Bir orta əsr binası, qədim meydan və ya kiçik bir kənd yalnız qorunmur, eyni zamanda şəhərin iqtisadiyyatına, turizminə və yerli kimliyinə xidmət edir. Mən hesab edirəm ki, bu yanaşma Azərbaycanda da son illər daha çox inkişaf edir və xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işləri bu baxımdan yeni imkanlar yaradır.
Digər tərəfdən, İtaliyaya gələn azərbaycanlılara yalnız tarixə deyil, peşə mədəniyyətinə də diqqət etməyi tövsiyə edərdim. İtaliya dünyaya "Made in Italy" anlayışını sadəcə yüksək keyfiyyətli məhsul kimi deyil, həyat tərzi kimi təqdim etməyi bacarıb. Burada dizayn, memarlıq, moda, qastronomiya və sənət eyni iqtisadi modelin tərkib hissəsidir. Bu model bizə göstərir ki, milli identiklik düzgün idarə olunduqda iqtisadi üstünlüyə çevrilə bilir.
Eyni sualı Azərbaycana gələn italyanlar üçün cavablandırsaq, mən ilk növbədə onların ölkəmizin qonaqpərvərliyini hiss etmələrini istərdim. Azərbaycanı yalnız Bakının müasir memarlığı ilə tanıtmaq kifayət deyil. Mən istəyərdim ki, onlar İçərişəhərdə qədim şəhər həyatını yaşasınlar, Şəkinin tarixi küçələrində gəzsinlər, Qarabağın bərpa olunan şəhərlərini görsünlər, Qobustanın minilliklərə söykənən qayaüstü təsvirləri ilə tanış olsunlar, Lahıcın sənətkarlıq ənənəsini, Qəbələnin təbiətini və Xınalığın unikal mədəni mühitini yaxından hiss etsinlər.

İtalyan dostlarımla söhbətlərdə tez-tez görürəm ki, onlar Azərbaycanı gözlədiklərindən daha müxtəlif ölkə kimi kəşf edirlər. Bir çoxu üçün ən böyük sürpriz odur ki, ölkəmiz Şərqlə Qərbin kəsişməsində yerləşən, müsəlman əhalisinin üstünlük təşkil etdiyi, lakin eyni zamanda çoxkonfessiyalı, multikultural və tolerant cəmiyyət modelinə malik dövlətdir. Bu xüsusiyyət Avropada kifayət qədər tanınmır və məncə, Azərbaycanın beynəlxalq imicində daha çox ön plana çıxarılmalıdır.
Mən hesab edirəm ki, turizm yalnız iqtisadi fəaliyyət deyil, həm də ictimai diplomatiyanın ən təsirli alətlərindən biridir. Bir turist ölkə haqqında onlarla rəsmi broşürdən daha güclü təəssürat əldə edə bilir. O, qayıtdıqdan sonra gördüklərini ailəsinə, dostlarına və iş mühitinə danışır. Beləliklə, hər turist əslində qeyri-rəsmi mədəniyyət səfirinə çevrilir.
Bu səbəbdən düşünürəm ki, Azərbaycan və İtaliya arasında turizm əməkdaşlığı təkcə turist sayının artırılması ilə məhdudlaşmamalıdır. Birgə mədəni marşrutlar, universitet yay məktəbləri, qastronomiya festivalları, kino həftələri, şəhərlərarası əməkdaşlıq proqramları və gənclər mübadiləsi kimi layihələr iki xalqın bir-birini daha dərindən tanımasına xidmət edə bilər.
Əgər bir cümlə ilə ifadə etsəm, İtaliyaya gedən azərbaycanlıya deyərdim: "Tarixi yalnız muzeydə deyil, küçələrdə oxumağı öyrən." Azərbaycana gələn italyana isə bunu deyərdim: "Azərbaycanı yalnız görmə, onu yaşa və bir Azərbaycanlı kimi hiss et. Çünki bu ölkənin ən böyük sərvəti təkcə təbiəti və ya enerjisi deyil, onun insanları və qonaqpərvərliyidir."
Dövlətlər arasında dostluq hökumətlər tərəfindən qurulur, lakin xalqlar arasında etimad məhz belə qarşılıqlı təcrübələr sayəsində möhkəmlənir. Mən inanıram ki, gələcəkdə Azərbaycan–İtaliya münasibətlərinin ən güclü dayaqlarından biri də məhz insanlar arasında formalaşan bu təbii və səmimi əlaqələr olacaq.
- Qarşıdakı beş-on ildə Azərbaycan–İtaliya münasibətlərini hansı sahənin enerji sektorundan daha sürətlə inkişaf etdirəcəyini düşünürsünüz?
- Mən hesab edirəm ki, son on beş il Azərbaycan–İtaliya münasibətlərinin "enerji dövrü" kimi xarakterizə oluna bilər. Bu dövr ərzində enerji əməkdaşlığı iki ölkə arasında siyasi etimadın, iqtisadi tərəfdaşlığın və strateji dialoqun əsas sütununa çevrildi. Bu gün İtaliya Azərbaycanın ən mühüm iqtisadi tərəfdaşlarından biridir və enerji sahəsində formalaşmış qarşılıqlı etimad artıq münasibətlərin digər istiqamətlərinə də təsir göstərir. Son aylarda keçirilən yüksək səviyyəli görüşlərdə də tərəflər enerji ilə yanaşı nəqliyyat, investisiya, sənaye, təhsil və innovasiya sahələrinin prioritet kimi müəyyən edildiyini açıq şəkildə ifadə ediblər.
Məncə, qarşıdakı beş-on ilin əsas sualı "enerji əməkdaşlığı davam edəcəkmi?" deyil. Bu əməkdaşlığın davam edəcəyi artıq şübhə doğurmur. Əsas məsələ budur, enerji üzərində qurulan etimad hansı yeni sahələrə çevriləcək? Mən bu sualın cavabını dörd əsas istiqamətdə görürəm.
Birinci istiqamət ali təhsil, elm və insan kapitalıdır. Müasir beynəlxalq münasibətlərdə dövlətlərin rəqabət qabiliyyəti artıq təbii resurslarla deyil, insan kapitalı ilə ölçülür. Azərbaycan ilə İtaliya arasında yaradılan İtaliya–Azərbaycan Universiteti layihəsi də təsadüfi təşəbbüs deyil. Mən bunu gələcəyin əməkdaşlıq modelinin simvolu hesab edirəm. Burada məqsəd sadəcə tələbə hazırlamaq deyil, iki ölkənin universitetlərini, tədqiqat institutlarını, mühəndislərini və gələcək liderlərini eyni akademik platformada birləşdirməkdir.
Mən istərdim ki, yaxın illərdə Azərbaycan və İtaliya arasında əməkdaşlıq daha çox təhsil, mədəniyyət, turizm və gənclər mübadiləsi istiqamətində dərinləşsin. Universitetlər arasında ortaq təhsil proqramlarının, tələbə və müəllim mübadiləsinin, birgə yay məktəblərinin və elmi əməkdaşlığın genişləndirilməsi gələcək nəsillər arasında daha möhkəm əlaqələrin formalaşmasına xidmət edə bilər.
Eyni zamanda, mədəniyyət və turizm sahəsində həyata keçiriləcək birgə layihələr xalqlarımızın bir-birini daha yaxından tanımasına mühüm töhfə verəcək. İki ölkə arasında münasibətləri təkcə dövlətlər səviyyəsində deyil, cəmiyyətlər səviyyəsində də möhkəmləndirilə bilər.
Mən hesab edirəm ki, XXI əsrdə strateji tərəfdaşlığın ən davamlı forması insanlar arasında qurulan əlaqələrdir. Enerji layihələri dövlətləri bir-birinə yaxınlaşdırırsa, təhsil, mədəniyyət və turizm xalqları bir-birinə bağlayır. Məhz buna görə gələcəyin Azərbaycan–İtaliya münasibətlərinin əsas dayaqlarından biri də universitetlər, mədəniyyət institutları, gənclər təşkilatları və turizm əməkdaşlığı olmalıdır.
İkinci istiqamət yaşıl enerji və texnoloji transformasiya olacaq.
Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə kimi qalmaq niyyətində deyil. Son illərdə ölkəmiz bərpa olunan enerji layihələrinə, yaşıl enerji dəhlizlərinə və iqlim diplomatiyasına xüsusi diqqət ayırır. İtaliya isə Avropanın enerji keçidi sahəsində qabaqcıl texnologiyalara və sənaye təcrübəsinə malik dövlətlərdən biridir.
Mən hesab edirəm ki, gələcək əməkdaşlıq artıq "qazın alınıb-satılması" modelindən "birgə texnologiya istehsalı" modelinə keçməlidir. Günəş və külək enerjisi, enerji saxlama sistemləri, hidrogen texnologiyaları, ağıllı elektrik şəbəkələri və karbon emissiyalarının azaldılması ve eyni zamanda Müdafiə sənayesi kimi istiqamətlər iki ölkənin ortaq maraqlarını birləşdirə bilər.
Üçüncü istiqamət Orta Dəhliz və logistika əməkdaşlığıdır. Azərbaycan son illərdə Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika qovşağına çevrilir. İtaliya isə Aralıq dənizinin ən böyük sənaye və logistika mərkəzlərindən biridir. Mən düşünürəm ki, gələcəkdə Bakı limanı ilə İtaliyanın əsas limanları arasında formalaşacaq yeni logistika əməkdaşlığı təkcə iki ölkə üçün deyil, bütövlükdə Avrasiya ticarəti üçün strateji əhəmiyyət daşıyacaq.Dördüncü və ən vacib istiqamətlərdən biri insanlar arasında əlaqələrin institusionallaşdırılmasıdır.
Enerji layihələri hökumətlər tərəfindən həyata keçirilir. Amma dostluq cəmiyyətlər arasında qurulur. Əgər biz həqiqətən uzunmüddətli strateji tərəfdaşlıq istəyiriksə, tələbə mübadilələrinin, gənc tədqiqatçı proqramlarının, ortaq innovasiya mərkəzlərinin, mədəniyyət festivallarının və biznes inkubatorlarının sayını artırmalıyıq.
Mən xüsusilə gənclərin rolunu vurğulamaq istərdim. Çünki bugünkü tələbə sabahın mütəxəsisis, dövlət məmuru və ya sahibkarıdır. Əgər Azərbaycan və İtaliya gəncləri bu gündən birlikdə təhsil alır, tədqiqat aparır və layihələr hazırlayırlarsa, on il sonra iki ölkə arasında münasibətlər daha möhkəm təməl üzərində qurulacaq.Bu baxımdan mən enerji diplomatiyasının yeni mərhələsini "elm diplomatiyası" adlandırardım.
Əgər XX əsr neft diplomatiyasının əsri idisə, XXI əsrin ikinci yarısı innovasiya diplomatiyasının əsri olacaq. Azərbaycanın Avropa ilə münasibətlərində İtaliyanın xüsusi yeri də məhz buradan qaynaqlanır. İtaliya yalnız enerji alan ölkə deyil. O, Avropanın aparıcı sənaye dövlətlərindən, G7 üzvü, dizayn, mühəndislik, elm və yüksək texnologiyalar sahəsində böyük təcrübəyə malik tərəfdaşdır. Azərbaycan isə Cənubi Qafqazın ən böyük iqtisadiyyatına, mühüm geostrateji mövqeyə və Avropa ilə Mərkəzi Asiya arasında körpü roluna malikdir.
Bu iki üstünlük bir-birini tamamlayır. Mən gələcəyin Azərbaycan–İtaliya münasibətlərini "alıcı–satıcı" münasibəti kimi yox, birgə dəyər yaradan tərəfdaşlıq modeli kimi görürəm. Bu modeldə enerji yenə mühüm yer tutacaq, lakin onun ətrafında elm, innovasiya, müdafiə sənayesi, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı texnologiyaları, səhiyyə innovasiyaları və yaradıcı sənayelərdən ibarət yeni əməkdaşlıq ekosistemi formalaşacaq.
Son illərdə Azərbaycan və İtaliya arasında yüksək səviyyəli siyasi dialoqun daha da intensivləşməsi münasibətlərin strateji xarakter aldığını bir daha təsdiqləyir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliyaya rəsmi səfərləri, eləcə də İtaliya Respublikasının Prezidenti cənab Sergio Mattarella və Baş naziri xanım Giorgia Meloninin Azərbaycana səfərləri iki ölkə arasında qarşılıqlı etimadın və siyasi iradənin bariz göstəricisidir. Bununla yanaşı, keçirilən biznes forumları, universitetlər arasında əməkdaşlığın genişlənməsi, investisiya layihələrinin təşviqi və yeni strateji təşəbbüslərin müzakirəsi göstərir ki, Azərbaycan–İtaliya münasibətləri artıq ənənəvi enerji tərəfdaşlığı çərçivəsini aşaraq daha geniş və çoxşaxəli əməkdaşlıq modelinə doğru inkişaf edir.
Sonda isə bir fikri xüsusi vurğulamaq istərdim. Mən bir azərbaycanlı və beynəlxalq münasibətlər üzrə tədqiqatçı kimi inanıram ki, dövlətlər arasında münasibətlərin əsl gücü imzalanan müqavilələrlə birlikdə, qurulan etimadın dərinliyində ölçülür.Azərbaycan və İtaliya artıq enerji üzərində qurulmuş etimadı əldə ediblər. Qarşıdakı on ilin əsas vəzifəsi isə həmin etimadı elmə, texnologiyaya, mədəniyyətə, gənclərə və insan kapitalına çevirməkdir.
Əgər bunu bacarsaq, gələcək nəsillər Azərbaycan–İtaliya münasibətlərini yalnız uğurlu enerji tərəfdaşlığı kimi deyil, Avropa ilə Cənubi Qafqaz arasında qurulmuş ən uğurlu çoxşaxəli strateji əməkdaşlıq modellərindən biri kimi qiymətləndirəcəklər.