Modern.az

Universitetdən 1377 nəfər məzun oldu

Universitetdən 1377 nəfər məzun oldu

Təhsil

Bu gün, 12:30

Lənkəran Dövlət Universitetində (LDU) keçirilən “Məzun günü”ndə öncə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü, Azərbaycanın müstəqilliyi uğrunda qurban gedən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Modern.az xəbər verir ki, məzunlara ilk təbrik LDU-nun rektoru, professor Natiq İbrahimovdan gəlib. Rektor məzunları LDU-nun professor-müəllim heyəti adından təbrik edərək gələcək həyat yollarında uğurlar arzulayıb. Bildirib ki, bu il LDU-da 1230 bakalavr, 147 magistr olmaqla 1377 nəfər məzun olur. Son 9 ildə tələbələrin sayının 3 dəfədən çox artdığını deyən rektor qeyd edib ki, bu müddət ərzində universitetin maddi-texniki  bazası tam yenilənib,  müasir tələblərə cavab  verən 3 tədris korpusu inşa olunub, modern avadanlıqlarla təchiz olunmuş baytarlıq klinikası istifadəyə verilib. Rektorun növbəti tədris ili üçün daha 2 tədris korpusunun inşasına başlanılacağı xəbəri alqışlarla qarşılanıb. LDU-nun beynəlxalq reytinqlərdə qazandığı uğurlardan  danışan prof. Natiq İbrahimov  müstəqil həyata mütəxəssis kimi vəsiqə alan məzunlara Lənkəran Dövlət Universitetinin adını hər yerdə uca tutmağı, onlara bəslənilən etimadı layiqincə doğrultmağı tövsiyə edib.

Məzun günündə çıxış edən  Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Lənkəran Dövlət Universitetinin İctimai Şurasının sədri, Respublikanın əməkdar müəllimi Mənsur Ağayev, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 1 saylı Lənkəran-Astara Regional Filialının direktoru,  LDU Məzunlar birliyinin rəhbəri Uğur Qurbanzadə, Astara Pedaqoji Kollecinin direktoru,  prof. Kamran Kazımov, valideyn Talıb Fərzəliyev,  məzun Günel Əliyeva  məzunlara xoş arzularını  bildiriblər.

Tədbirdə təhsildə fərqlənən və universiteti müvəffəqiyyətlə bitirmiş  məzunların və  LDU-nun təhsil və ictimai həyatında fəal iştirak etmiş tələbələrin bir qrupuna  Fəxri- Fərman və xatirə hədiyyələri təqdim edilib.

Məzun günü Lənkəran Dövlət Universiteti tələbələrinin ifasında maraqlı konsert proqramı, şux rəqslərlə yekunlaşıb.

Unudulmaz tələbəlik illərinin son akkordları, təsirli anları xatirə şəkillərində əbədiləşdirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada