Modern.az

Ermənilərin 58 hədəfini məhv edən “Su-25” Hulusi Akara göstərildi - FOTOLAR

Ermənilərin 58 hədəfini məhv edən “Su-25” Hulusi Akara göstərildi - FOTOLAR

Aktual

16 Sentyabr 2021, 10:32

Sentyabrın 14-də Azərbaycan və Türkiyə hərbi rəhbərliyi “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərini izləyiblər.

 

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın dəvətilə qardaş ölkədə səfərdə olan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak  ediblər.

 

Generallar burada təlimlərin praktiki hissəsini izləyiblər.

 

Modern.az-ın məlumatına görə, daha sonra təlimlərdə iştirak edən heyətlə görüş olub. Tədbirdən hazırlanan videomaterialdan görünür ki, Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Türkiyənin Milli Müdafiə naziri Hulusi Akara təlimdə istifadə olunan Su-25 qırıcıları barədə məlumat verir.

 

 

Kadrlarda yer alan Su-25 qırıcısı bu günlərdə əsas müzakirə mövzusu olub. Belə ki, təyyarənin gövdə hissəsinə vurulan xüsusi işarələr diqqət çəkib. Həmin qırıcıda 58 qırmızı səkkizguşəli ulduz çəkilib. Digər Su-25 təyyarəsində isə həmin ulduzların sayı 38-dir. Bu ulduzlar 44 günlük Vətən Müharibəsində Ermənistan ordusuna məxsus məhv edilən hədəflərin sayını göstərir.

 

Bu barədə Rusiyanın hərbi nəşrləri də yazılar hazırlayıb. Həmin yazılarda qeyd olunur ki, kadrlara düşən "Su-25"lər Qarabağda Ermənistan qüvvələrinin mövqelərinə edilən hücumlarda uğurlu şəkildə iştirak ediblər.

 

Diqqətə çatdırılıb ki, döyüş təyyarələrinin gövdəsinə bu cür işarələrin əlavə edilməsi məhv edilmiş hədəflərin sayını göstərir.

 

Xatırladaq ki, təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 döyüş təyyarəsi iştirak edir. Təyyarələr sentyabrın 1-də Türkiyəyə yola düşüb. Birgə təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!