Modern.az

TÜRKPA-nın komissiyalarından birinin adı dəyişdirildi

TÜRKPA-nın komissiyalarından birinin adı dəyişdirildi

Aktual

20 Sentyabr 2021, 16:10

Sentyabrın 20-də Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Ətraf Mühit və Təbii Ehtiyatlar üzrə Komissiyasının altıncı iclası Komissiya üzvlərinin və TÜRKPA Katibliyi nümayəndələrinin iştirakı ilə virtual formatda keçirilib. İclas gündəliyinin əsas mövzusu "Su ehtiyatları və torpaqların idarə edilməsi" olmuşdur. İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan parlamentarilər iştirak edib.

 

Modern.az xəbər verir ki, iclasa TÜRKPA-nın Ətraf mühit və Təbii Ehtiyatlar Komissiyasının sədri və Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov başçılıq edib. Akademik Əhliman Əmiraslanov açılış nitqində keçən il Komissiya çərçivəsində  keçirilən "COVID-19 pandemiyası zamanı su ehtiyatları və torpaqların mühafizəsi" mövzusunda seminarın əhəmiyyətini vurğulayıb.  Daha sonra o qeyd etmişdir ki, su və torpaq ehtiyatlarının düzgün və davamlı idarə edilməsi insanların sağlamlığı və rifahı, canlı həyat və planetimiz üçün çox vacibdir. Bu baxımdan, TÜRKPA üzv ölkələri də bu məsələlərə xüsusi diqqət yetirirlər. Üzv ölkələrimizdə su və torpaq sahəsində qanunlar və proqramlar qəbul edilir, müxtəlif layihələr həyata keçirilir. Komissiyanın hesabat məruzəsi və tövsiyyə qərarları bu məsələləri özündə əks etdirir.

 

TÜRKPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının sədr müavini və Türkiyə Böyük Millət Məclisinin millət vəkili cənab Recep Şeker iclasın hesabat məruzəsi layihəsini təqdim edib.

 

Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının katibi Emin Həsənov Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında model qanun layihəsini təqdim edib.  

 

İclasda həmçinin, Komissiyanın adının Ətraf Mühit, Təbii Ehtiyatlar və Sağlamlığın Qorunması Komissiyası olaraq yenilənməsi haqqında qərar qəbul edilib. 

 

Komissiya üzvləri 27-28 sentyabr 2021-ci il tarixində, Qazaxıstanın Türküstan şəhərində keçiriləcək TÜRKPA-nın onuncu plenar iclasına təqdim olunması üçün hazırlanan hesabat məruzəsi və tövsiyə qərarlarını, həmçinin Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında model qanun layihəsini müzakirə edib və təsdiqləyib. Komissiyanın növbəti yeddinci iclasının Türkiyə Respublikasında keçirilməsi nəzərdə tutulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır