Modern.az

“Dəmir yumruq”u öpmək istəyən xanəndə Modern.az-a DANIŞDI

“Dəmir yumruq”u öpmək istəyən xanəndə Modern.az-a DANIŞDI

5 Oktyabr 2021, 17:47

Prezident İlham Əliyevin Cəbrayıla dünənki səfəri bir sıra məqamlarla yadda qalıb. Dövlət başçısı Cəbrayıldan olan ictimaiyyət nümayəndələri ilə görüşərkən Əməkdar artist Yaqut Abdullayeva çıxış edib

Xanəndə 44 günlük Vətən müharibəsindən sonra bir arzusu olduğunu - "Dəmir yumruq"u öpmək istədiyini dilə gətirib. 

Daha sonra Y.Abdullayeva Prezidentə yaxınlaşıb və dövlət başçısı onunla görüşüb, lakin əlindən öpməyə icazə verməyib.

Yaqut Abdullayeva görüş təəssüratlarını Modern.az-la bölüşərkən doğma torpağa ayaq basmağın sözlə ifadə olunmayacaq bir hiss olduğunu vurğulayıb:


“Təəssüratlarım elə görüntülərdəki kimidir. Bizim Prezidentimiz çox səmimi, sadə insandır. O anları yaşadığım, Cəbrayıla getmək arzum həyata keçdiyi üçün özümü dünyanın ən xoşbəxt insanı hesab edirəm. Torpağıma ayaq basdım, el-obamı gördüm. Prezidentimiz bizlə o qədər səmimi davrandı ki, mən inanmıram dünyada onun kimi insan, dövlət başçısı olsun. 

Millətimiz kimi millət, rəhbərimiz kimi rəhbər, dövlətimiz kimi dövlət yoxdur. Yetər ki, biz özümüzün qədrini bilək, dəyər verək. Ayağım torpağıma dəyibsə, yaşadığım hisslər sözlə ifadə oluna bilməz. Allahıma sonsuz təşəkkür edirəm ki, bu xoşbəxtliyi mənə yaşatdı”.


Xatırladaq ki, “Dəmir yumruq" Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək işğal altındakı torpaqların azad edilməsi uğrunda apardığı döyüş əməliyyatlarının adı olub.

Qeyd edək ki, Yaqut Abdullayeva 1954-cü ildə Cəbrayıl şəhərinin Yarəhmədli məhəlləsində anadan olub. Sənətə doğru ilk addımını Cəbrayıldakı M.Qorki (indiki akademik M.Mehdizadə) adına 1 saylı şəhər orta məktəbinin 6-cı sinifdə oxuduğu zaman atıb. 

1971-ci ilə Cəbrayıl rayon Mədəniyyət evinin “Çinar” ansamblının solisti kimi ilk dəfə televiziyada çıxış edib, “Ay bülbüllər” xalq mahnısını oxuyub.

1973-cü ilin yayında Bakıda İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinə daxil olub. Sonra “Xatirə” xalq çalğı alətləri ansamblının solisti sırasına qəbul edilib.

1982-86-cı illərdə Opera və Balet Teatrında fəaliyyət göstərib. Burada "Leyli və Məcnun"da Leyli obrazını yaradıb, "Şah İsmayıl"da Ərəbzənginin, "Gəlin qayası"nda Sənəmin partiyalarını ifa edib.

Azərbaycan Televiziyasının fondunda bir neçə solo konsertinin, radioda isə ifa etdiyi 150-dən artıq xalq mahnısının, təsnif və muğamın lent yazıları saxlanır.

1973-cü ildən məşhur tarzən, Xalq artisti Əhsən Dadaşovun adını daşıyan xalq çalğı alətləri ansamblının solistidir. 2005-ci ildə diski buraxılıb.

1978-ci ildən, yəni Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən vaxtdan həmin təhsil müəssisəinin Vokal kafedrasında çalışır. Universitetin dosenti tələbələrə muğam və xalq mahnıları fənnindən dərs deyir. Azərbaycan Respublikasının Əməkdar artistidir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...