Modern.az

Ermənistanın Qarayusiflidə törətdiyi terrordan 1 İL KEÇİR  

Ermənistanın Qarayusiflidə törətdiyi terrordan 1 İL KEÇİR  

27 Oktyabr 2021, 00:11

Vətən müharibəsi zamanı Bərdə rayonunun Qarayusifli kəndinin Ermənistan Silahlı Qüvvələri tərəfindən raket hücumuna məruz qalmasından bir il keçir.

 

Modern.az xatırladır ki, 2020-ci il oktyabrın 27-də düşmən növbəti dəfə qəddarcasına cəbhə zonasından kənarda yerləşən kəndi "Smerç" raketləri ilə atəşə tutub.

 

Nəticədə dinc sakinlər - Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu, 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı şəhid olub, 14 nəfər isə xəsarət alıb.

 

Düşmənin raket atəşi nəticəsində bir neçə yaşayış evi tamamilə dağılıb, sakinlərə külli miqdarda ziyan dəyib.

 

Qeyd edək ki, Bərdə rayonu və şəhər mərkəzi İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 3 dəfə (5, 27 və 28 oktyabrda) Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

 

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?