Modern.az

Zəfər Amnistisiyası Saleh Rüstəmova da tətbiq edilə bilər

Zəfər Amnistisiyası Saleh Rüstəmova da tətbiq edilə bilər

29 Noyabr 2021, 14:24

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, deputat Zahid Oruc bir neçə gündür Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirən Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmovdan danışıb.


Modern.az
xəbər verir ki, Z.Oruc “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Saleh Rüstəmovla bağlı müxtəlif təşkilatlardan - 3-cü sektor təmsilçilərindən müraciətlər alıb: "Onun ətrafında gedən kampaniyanın ölkə xaricinə çıxarılması və ölkəmizin əleyhinə son həftələrdə daha da intensivliklə aparıldığını yaxşı görürük. Bir sıra əcnəbi media platformaları, sosial şəbəkələr hakimiyyətin həyata keçirdiyi hüquqi tədbirləri, əfv və amnistiya qərarlarını belə hadisələr vasitəsilə təsirsiz etməyə, Vətən müharibəsindən sonrakı gündəliyi dəyişdirməyə, Azərbaycanın beynəlxalq hesabatlardakı tənqidini daha da kəskinləşdirməyə çalışırlar. Halbuki istənilən şəxslə bağlı həm hüquq-mühafizə və məhkəmə orqanları, eləcə də müvafiq hakimiyyət təmsilçiləri ilə görüşmək, danışmaq olardı.


Saleh Rüstəmovun aclıq aksiyası təəssüf doğurur və onun özünə qarşı belə qəddar hərəkətini kənardan daha çox stimullaşdıranlar bir şəxsin iztirabı hesabına siyasi istismarçılıq edirlər. Hərçənd onun əməli dövlət və şəxsiyyət əleyhinə olmadığından hazırda Zəfər amnistisiyasının yaşadığımız günlərdə sözügedən şəxsə də şamil olunması ilə bağlı müvafiq dövlət qurumları ilə danışmaq olardı.

 

Komitə sədri kimi bizə edilən müraciətlər çərçivəsində belə müzakirələri aparacağıq. Bizim üçün ən əhəmiyyətli məsələ fərdi məsələlərin ölkə sərhədlərindən kənarda müzakirə edilməməsi, xarici təzyiq silahına çevrilməməsidir".


Qeyd edək ki, Saleh Rüstəmov I Qarabağ Müharibəsinin iştirakçısı olub. Gədəbəy rayonunun erməni təcavüzkarlarından təmizlənməsində və uğurlu Başkənd əməliyyatında fəal iştirak edib. Bir müddətdir Rusiyada yaşayan S.Rüstəmov 2018-ci ildə Bakıya gələn zaman həbs edilib və narkotik maddələri saxlamaqda ittiham edilib. Sonradan cinayət işinə əlavə edilən başqa ittihamlara əsasən S. Rüstəmov Rusiyada qeyri-qanuni sahibkarlıqla məşğul olub, gəlirlərini dövlətdən gizlədib.


Xatırladaq ki, 10 gün qabaq bir qrup QHT və media rəhbərləri, hüquq müdafiəçiləri Saleh Rüstəmovla bağlı Prezidentə müraciət ediblər. Qeyd olunub ki, onun səhhətində ciddi problemlər yaranıb. Onlar dövlət başçısından S.Rüstəmovun cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi ilə bağlı xahiş ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu