Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2009-cu ildə maliyyələşdirdiyi layihələrin monitorinqinin I mərhələsinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. Modern.az-ın məlumatına görə, monitorinqlər həm Şura katibliyinin əməkdaşları, həm də Şuranın bu məqsədlə maliyyələşdirdiyi iki QHT - Müstəqil Elmi-Praktik Hüquq Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən aparılıb.
QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev layihələr üzrə yerinə yetirilən işlərin və həyata keçirilən tədbirlərin mühüm sosial-ictimai əhəmiyyət daşıdığını vurğulayıb. Onun fikrincə, QHT fəaliyyətində zəngin təcrübəyə malik olan iki təşkilatın apardığı monitorinq QHT-lərin layihə üzrə öhdəliklərinin necə yerinə yetirilməsinin yoxlanılması ilə bərabər həm də onlara konsultativ, təşkilati, texniki və metodiki yardım xarakteri daşımalıdır: «Cari ildə 225 qeyri-hökumət təşkilatı maliyyələşdirilib. Bu layihələrin icrasına dövlət büdcəsindən 2 milyon manatdan çox pul ayrılıb. Sevindirici haldır ki, respublikamızın prezidenti İlham Əliyev üçüncü sektora büdcədən 2-ci dəfə pul ayrılmasına göstəriş verib». Tədbirdə
çıxış edən Beynəlxalq Avrasiya Fondunun nümayəndəsi Siyab Məmmədov QHT-lərin həyata keçirdiyi layihələrin uğurları haqqında geniş məlumat verib.
Elmi-Praktik Hüquq Mərkəzinin sədri Aydın Kərimov QHT-lərin fəaliyyəti ilə bağlı geniş məlumat verib. O çıxışında QHT-lərin ayrı-ayrı qruplar üzrə həyata keçirdiyi layihələrin icrası haqqında öz fikir və təkliflərini irəli sürüb. Daha sonra bir çox QHT-lər öz hesabatlarına dair mühazirələrlə çıxış ediblər.
Aqil LƏTİFOV