Modern.az

Şirvanda “Bizim istədiyimiz dünya” - FOTOLAR

Şirvanda “Bizim istədiyimiz dünya” - FOTOLAR

9 Aprel 2013, 12:34

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “NUR” Uşaq və Gənclərin İctimai Birliyi və UNICEF-in Azərbaycandakı nümayəndəliyi “Bizim istədiyimiz dünya” devizi altında Şirvanda milli gənclər müzakirəsini keçirib. Toplantıda əsas məqsəd BMT-nin elan etdiyi 2015-ci ildən sonrakı əsas inkişaf məsələləri ilə bağlı ölkə gənclərinin təkliflərini öyrənmək olub.

Tədbirdə UNICEF-in Azərbaycandakı nümayəndəsi Mark  Herevard, Gənclər və İdman Nazirliyinin sektor müdiri Nərmin Bağırova, Azərbaycan Milli Məclisinin deputatı Fuad Muradov iştirak edib.

Çıxış edən UNICEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard bildirib ki, bu gün çox həlledici bir gündür. “Minilliyin İnkişaf Məqsədlərinə çatmaq üçün son tarixə 1000 gün qalıb. Minilliyin İnkişaf Məqsədlərinin 2000-ci ildə təsdiqindən bəri artıq bir çox tərəqqi əldə edilib.

Biz hələ də bu istiqamətdə nə kimi işlər görə biləcəyimizi düşünməliyik və buna görə də hansı məsələləri inkişaf etdirə biləcəyimizə qərar vermək üçün hər bir ölkədə bu müzakirələri keçiririk”.

Herevardın sözlərinə görə, hansı məsələlərin inkişaf etdirilməsi ilə bağlı gənclərlə müzakirələr xüsusilə vacibdir. “Çünki gənclər həllini tapmayan məsələləri özlərində əks etdirəcəklər və özlərinin və uşaqlarının yaşaya biləcəyi arzu edilən dünyanı qurmaq üçün öz sözlərini deyə bilməlidirlər”.

Daha sonra təlimçilər Pərvanə Məmmədova və Fidan Kərimlinin rəhbərliyi ilə müzakirələr interaktiv şəkildə qrup işi və plenar müzakirələrdə davam etdirilib. Milli müzakirələrdə qaldırılan məsələlər və təkliflər 2015-2030-cu illər üçün inkişaf planının əsasını təşkil etməyə, yeni prioritetləri müəyyən etməyə kömək edəcək. 

Tədbirdə əsasən təhsil, səhiyyə, gənclərin işlə təmin olunması, ətraf mühitin mühafizəsi və infrastrukturun yaxşılaşdırılması, narkomaniya ilə mübarizə məsələləri, eləcə də şəhər və kəndlər arasında mövcud olan bərabərsiz imkanlar müzakirə olunub. Gəncləri narahat edən əsas məsələlərdən biri də erkən nigahlardır. Qızların təhsildən yayındırılaraq evlənməyə məcbur edilmələri qızların inkişafı üçün maneə olaraq qalmaqdadır. Qadınların cəmiyyətdə rolunun artırılması, ailə məişət zorakılığı, gender bərabərliyinin təmin olunmasına dair təkliflər səsləndirilib.

Qeyd edək ki, Minilliyin İnkişaf Məqsədlərinə çatmaq üçün elan olunmuş son tarix yaxınlaşdığı üçün BMT-nin yeni inkişaf çərçivəsinin müəyyənləşdirilməsinə artıq hazırlıq başlanıb. Bu məqsədlə elmi dairələr, kütləvi informasiya vasitələri, özəl sektor, işəgötürənlər və həmkarlar ittifaqları, vətəndaş cəmiyyəti və hökumət qurumları, o cümlədən BMT agentliklərindən təklif və tövsiyyələrini cəmləşdirmək məqsədilə BMT genişmiqyaslı məsləhətləşmələr həyata keçirir.

Bu məqsədlə keçiriləcək toplantılarda yeni qlobal inkişaf məqsədləri müzakirə olunacaq, müzakirələrin nəticəsi olaraq azərbaycanlı gənclərin təklif və rəyləri hazırlanaraq, beynəlxalq müzakirələrə təqdim ediləcək. Milli müzakirələrin hər birində 30 nəfər olmaqla, cəmi 150 gənc iştirak edəcək. Növbəti milli müzakirələr 11-12 aprel tarixində Lənkəranda keçiriləcək.  


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir