Azərbaycan Respublikasında 26 İyun – Silahlı Qüvvələr Günü təkcə hərbi bayram deyil, eyni zamanda dövlətçilik tariximizin, milli təhlükəsizlik strategiyamızın və müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində əldə olunmuş nailiyyətlərin təntənəsidir. Bu tarix Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolunu, dövlətimizin müdafiə potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasətin nəticələrini və xalq–ordu birliyinin gücünü özündə əks etdirir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli dövlət quruculuğu strategiyasında ordu məsələsi hər zaman xüsusi yer tutmuşdur.
Ümummilli Liderin qeyd etdiyi kimi, “Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir”. Bu baxımdan Azərbaycan Silahlı Qüvvələrinin formalaşması və inkişafı məhz Heydər Əliyevin adı ilə sıx bağlıdır. 1969-cu ildə Azərbaycana rəhbərliyə başlayan Ulu Öndər milli hərbi kadrların hazırlanmasını strateji vəzifə kimi müəyyənləşdirdi. 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, azərbaycanlı gənclərin SSRİ-nin nüfuzlu hərbi təhsil müəssisələrinə göndərilməsi gələcək müstəqil Azərbaycanın peşəkar zabit korpusunun formalaşmasına xidmət etdi.
Sonrakı illərdə bu siyasət milli ordu quruculuğunun əsas sütunlarından birinə çevrildi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkənin üzləşdiyi ən ciddi problemlərdən biri nizami ordunun olmaması idi. Ermənistanın hərbi təcavüzü fonunda müxtəlif silahlı dəstələrin mövcudluğu dövlətin təhlükəsizliyini ciddi təhdid edirdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkədə siyasi sabitliyi təmin etməklə yanaşı, peşəkar və vahid komandanlığa tabe olan milli ordunun formalaşdırılmasına başladı. Məhz həmin dövrdən etibarən Azərbaycan Silahlı Qüvvələri keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoydu. 1994-cü ildə atəşkəsin əldə olunması ordunun struktur baxımından möhkəmləndirilməsi, maddi-texniki bazasının gücləndirilməsi və döyüş hazırlığının yüksəldilməsi üçün əlverişli şərait yaratdı.
NATO ilə əməkdaşlıq proqramlarına qoşulma, beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak və hərbi təhsil sisteminin inkişafı Azərbaycan Ordusunun müasir standartlara uyğunlaşdırılmasında mühüm rol oynadı. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə 26 İyun tarixinin Silahlı Qüvvələr Günü elan olunması isə ordu quruculuğuna verilən yüksək dövlət qiymətinin ifadəsi oldu. Bu qərar Azərbaycan Ordusunun dövlətçilik tarixindəki rolunun təsdiqi və hərbçilərin əməyinə verilən dəyərin göstəricisi idi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu siyasəti yeni mərhələyə yüksəldi. Dövlət başçısının ardıcıl və məqsədyönlü fəaliyyəti nəticəsində Silahlı Qüvvələrimizin maddi-texniki təchizatı əsaslı şəkildə yeniləndi, hərbi büdcə dəfələrlə artırıldı, ən müasir silah və texnologiyalar arsenalımıza daxil edildi. Bu siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvəsinə çevrildi. Nüfuzlu beynəlxalq reytinqlərdə ölkəmizin Silahlı Qüvvələrinin dünyanın qabaqcıl orduları sırasında yer alması da bunun təsdiqidir. Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik”.

Azərbaycan Ordusunun gücü ilk növbədə real döyüş meydanlarında öz təsdiqini tapmışdır. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı Silahlı Qüvvələrimizin yüksək döyüş hazırlığını nümayiş etdirdi. Bu uğurlar eyni zamanda xalqda qələbəyə inamı daha da gücləndirdi. Lakin Azərbaycan hərb tarixinin ən parlaq səhifəsi 2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə yazıldı. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad edərək tarixi ədaləti bərpa etdi. Ordumuzun peşəkarlığı, yüksək mənəvi-psixoloji hazırlığı, müasir hərbi texnologiyalardan səmərəli istifadə etməsi və əsgər-zabit heyətinin vətənpərvərliyi dünya hərb ekspertlərinin diqqətini cəlb etdi. 2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın dövlət suverenliyi ölkənin bütün ərazisində tam təmin olundu. Cəmi bir gün davam edən bu əməliyyat Azərbaycan Ordusunun çevikliyini, peşəkarlığını və müasir döyüş imkanlarını bir daha nümayiş etdirdi.
Bu gün Azərbaycan Ordusu yalnız regionun deyil, Avrasiyanın ən müasir və peşəkar silahlı qüvvələrindən biri hesab olunur. Komando birliklərinin yaradılması, Milli Müdafiə Universitetinin fəaliyyətə başlaması, Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə uyğun struktur islahatlarının həyata keçirilməsi ordumuzun gələcək inkişafının əsas istiqamətlərini müəyyən edir. Azərbaycanın müdafiə sənayesinin inkişafı da milli təhlükəsizlik sisteminin mühüm komponentinə çevrilib. Yerli hərbi sənaye müəssisələrində istehsal olunan müasir silah və texnika ölkənin müdafiə imkanlarını genişləndirməklə yanaşı, strateji müstəqilliyi də gücləndirir. Müdafiə və təhlükəsizlik sahəsinə ayrılan büdcə vəsaitlərinin davamlı artımı dövlətin bu istiqamətdəki siyasi iradəsinin göstəricisidir. Bununla yanaşı, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi, mənzil təminatı, əməkhaqlarının artırılması və sosial təminat mexanizmlərinin təkmilləşdirilməsi dövlətin hərbçilərə olan xüsusi diqqət və qayğısının təzahürüdür.
Müasir geosiyasi şəraitdə Azərbaycanın beynəlxalq hərbi əməkdaşlığı da xüsusi əhəmiyyət daşıyır. Türkiyə ilə strateji müttəfiqlik münasibətləri, Şuşa Bəyannaməsindən irəli gələn öhdəliklər, NATO ilə tərəfdaşlıq proqramları, eləcə də Pakistan, İsrail və digər dost ölkələrlə hərbi-texniki əməkdaşlıq Silahlı Qüvvələrimizin inkişafına mühüm töhfə verir. Bu gün Azərbaycan Ordusu yalnız hərbi güc deyil, həm də milli birliyin, vətənpərvərliyin və dövlətçiliyin simvoludur. Ulu Öndər Heydər Əliyevin “Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir” fikri müasir Azərbaycan reallığında öz dolğun təsdiqini tapmışdır. 26 İyun-Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun bütün şəxsi heyətini, veteranları və hərbi qulluqçularını təbrik edir, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu bundan sonra da dövlətimizin təhlükəsizliyinin, xalqımızın rifahının və ölkəmizin milli maraqlarının etibarlı təminatçısı olaraq qalacaqdır. Güclü dövlətin güclü ordusu var və bu gün həmin ordu Azərbaycanın qürur mənbəyidir.
Mehriban Vəliyeva
Milli Məclisin deputatı