Modern.az

Xalq artisti Alim Qasımovla FOTOSÖHBƏT

Xalq artisti Alim Qasımovla FOTOSÖHBƏT

15 Noyabr 2013, 08:10

Modern.az saytı xalq artisti, muğam ustadı Alim Qasımovla FOTOSÖHBƏT layihəsini təqdim edir.

Alim Qasımov 1957-ci ildə Şamaxıda anadan olub. O, Bakıda muğam məktəbinin ən tanınmış və istedadlı müəllimlərindən dərs alıb. 25 yaşında Alim Qasımov həyatında birinci muğam müsabiqəsində müvəffəqiyyət qazanıb. 1999-cu ildə o, Beynəlxalq IMC UNESCO Musiqi Mükafatına layiq görülüb. Muğam sənətini Fransa, İngiltərə, Almaniya, Belçika, İspaniya, Brazilya, Yaponiya, İran və Amerika Birləşmiş Ştatları kimi ölkələrdə tanıdıb. Sənətçi Azərbaycan mədəniyyətinin dünyaya yayılması üçün böyük bir rol oynayıb.
Alim Qasımov fərqli nominasiyaya layiq görülüb. O, Amerikanın məşhur Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə dünyanın ən nüfuzlu 500 müsəlmanı arasında 4 azərbaycanlıdan biri olub.

Ailəlidir. Bir oğlu, iki qızı var.

 

 Uşaqlığıma baxın... Bu şəklə baxanda o dəqiqə sərbəstlik hiss olunur, görünür elə o vaxtdan çox sərbəst uşaq olmuşam. Bu mənim ilk çəkilən şəklimdi.  

 

Atam, anam, mən və qardaşım. Qardaşım elə durub ki, elə bilhansısa çıxışa hazırlaşır. Adə, heç şəkil çəkiləndə də belə durmaq olar? 

 

Bu əsgərlikdən qabaq Aşağı Güzdək kəndində çəkdirdiyimiz və maraqlı anları xatırladan bir şəkildi. Ehh, bizim  bir yerdə günlərimiz keçib...

 

Sən Allah bu şəklə baxın, kostyumla geydiyim "basanuşka"ya baxın. Öz aramızdır, deyəsən mənim də avara vaxtlarım olub. Bu kostyumu da öz puluma qazanıb almışam.

 

Bu köynəklə bağlı çox maraqlı xatirəm var. O vaxtı köynəyim çox pis vəziyyətdə idi. Yadıma gəlir ki, atam məni götürüb Kubinkaya apardı. Bu köynəyi mənə 35 rubla almışdı. O vaxt olan-qalan köynəyim bu idi. Çox geyindim. Düşünürəm ki, qıvrım saçlarımla yaxşı şəkil alınıb.


Əsgərlikdə hospitalda olan zaman çəkilib. Bizə komsomolda olanda çoxlu buz qırdırırdılar. Dedim ki, biz nə qədər buz qıracayıq? Buza hər vuruşumda üzümə buz kimi qırıntılar dəyirdi. Hətta evə zəng vurub şikayətlənirdim də...


Mən hərbi xidməti Kalininqradda başa vurmuşam. Amma deyim ki, burda üzümü təmizləyiblər, çünki mənim cavanlıqda belə hamar üzüm olmayıb. Yaxşı bəs, bu kurtka hardandı? Hə, yadıma düşdü, bu kurtkanı qardaşım geyinib gəlmişdi, mən də şəkil çəkdirəndə ondan aldım. "Hind oğlanlarına" oxşayıram.

 

Əsgərlikdə çəkilən şəkildi. Burda üzümün nə vəziyyətdə olduğunu görürsünüz də... Bayaq ki şəkildə kompüterdə təmizləyiblər deyəsən. Bilsəydim elə o vaxt çoxlu şəkil çəkdirərdim. 

 

Qohumlardan hansısa qızın nişan mərasiminə gedirik. O vaxtlar toylarımızın da başqa gözəllikləri vardı... Maraqlı nə varsa keçmişdə qaldı...

 

Məni dünyaya gətirən anam və xanımım. A bala, görün necə mehriban oturublar gəlin-qaynana.

 

Yoldaşım, övladlarım və qardaşımgilin ailəsi ilə... Cavanlıq həm şirin, həm də gözəl xatirələrilə yaddaşlardan silinməz....

 

Cavan vaxtı yamanca toylara gedirdim. Bu yanımdakıları soruşmayın kimdi, vallah heç birini xatırlamıram.

 

Amerikaya səfər zamanı. Ramiz Quliyev və Şəfiqə Eyvazova ilə orda konsert biletlərinin satışı üçün belə bir şəkil çəkdirdik.

 

O vaxtlar "prokat" paltarları geyinib səhnəyə çıxardıq. İndi bu şəkillərə baxanda şükür edirəm, çünki indi "prokat" yox, öz paltarlarımızı geyinirik.

 

 Xalq orkestrinin müşayiəti ilə Mələkxanım xanımla gözəl muğamlarımızdan birini ifa edirik. Nə oxuduğumuzu unutmuşam...

 

Fransaya konsertə getmişdik. Bu şəkil də otel otağında çəkilib. Ansamblın nümayəndələri ilə eyni otaqda bir neçə nəfər qalırdıq. Orda bizim çox maraqlı günlərimiz keçib.  Elə olurdu ki, kefimizə düşəndə özümüzə yemək də hazırlayırdıq .

 

Yenə Fransada çəkilmiş şəkillərdən biri... Deyəsən, cavan vaxtı şəkil çəkdirməyi daha çox sevirəmmiş..

 

Almaniyada konsertdən çəkilən şəkildi. Avtoqraf verirəm. Cavan vaxtlarım idi... Cavanlığın qədrini bilsin cavanlar... 

 

Bu şəkil qışın oğlan çağında çəkilib deyəsən. Ay balam, mən paltoda, yanımdakı da  kostyumda. Ya mən çox "üşüyürəm", ya da o çox "istilənib". Bu paltomu Şamaxıya gedəndə  yolun üstündən almışdım. Üşüyürdüm, elə indi də üşüyürəm...

 

Bir dostumuzun toy məclisinə hazırlaşırdıq. Toydan bir gün qabaq Sovestkidə bir hamam vardı oranı bizim üçün bağlatdırmışdılar. O vaxtlar belə adətlər vardı, indi hardadır..? Kaman ustası Ədalət Vəzirov, tar ustası Möhlət Müslümov, Fəxrəddin Dadaşov və dostlarla çox maraqlı günlərdən biri...

 

Adə, bu nədi taxıbsan gözünə? Bəlkə bu eynək baxdığımız nə varsa maraqlı göstərirmiş, məndə eləməyib tənbəllik taxmışam gözümə..

 

Bu qız (xanımı-red.) vaxtında əməlli-başlı həvəskar olub. Bütün şəkillərimizi arxivdə saxlayırmış ki... 

 

Qızım Fərqanə... Mənim canım, balaca Fərqanəm. Məktəbdə söylədiyi gözəl şeirləri ilə seçilirdi..

 

Qızım Dilrubə.. Uşaq vaxtı kamança çalırdı və türk mahnılarını əla ifa edirdi. Amma sonradan istəmədi. Onun çox yüksək dinləmək bacarığı var. Dinləyir və qiymət verir. Mənə mahnı seçimimdə çox kömək edir.

 

Oğlum Qadir. O tarda çox yaxşı ifa edirdi, amma xarakteri fərqli olduğu üçün bu sənətlə məşğul olmadı. Onun tarda ifası bir başqa aləm idi, insanı çox dərin hisslərə kökləyirdi...

 

Lampa işığında meyvə yeyirəm. Ə, atam balası gözlə də, bəlkə işıqlar yandı...

 

 Şəkildən də gördüyünüz kimi, uçuq-sökük bir evimiz olsa da, çox xoşbəxt və mehriban ailəmiz var. Övladlarım-oğlum Qadir, qızlarım Fərqanə və Dilrubə, yoldaşım və yaxınlarımızla. 

 

 Evimizdə belə qonaqlı-qaralı günlərimiz tez-tez olurdu. Baxın hamı necə xoşbəxtdi...  

 

Bu "öy" şalvarıdı, bu kurtka, bu da papaq... Kasıb vaxtlarımıza oxşayur, amma bu papağı başıma qoymuşamsa, deməli çörəkpulu qazana bilirəm...

Fərqanə elə o vaxtdan muğama çox həvəsli idi... O, qabiliyyətilə, səsinin məlahətiylə məni hələ çox ram edəcək...

 

Qızım Dilrubənin xoş günü... Biz də valideyn olaraq ona xeyir-dua veririk. Allah bütün balaları xoşbəxt etsin.

 

A bala, bu mənim xanımım deyil? Bəs burda nə edir? Bilsəydim elə onu qarmonçalan edərdim. Sağ olun ki, bu şəkli tapıb mənə göstərdiniz, çox maraqlı şəkil oldu mənim üçün... Hələ mən xanımımı belə gözəl görməmişdim. Obrazı çox maraqlıdı, bir də bu utancaqlığı... Mütləq bu şəkli böyüdüb evimizin bir guşəsinə asmalıyıq.

 

Bu şəkil  İranda çəkilib. Əlimdəki çiçəkləri də mənə konsertdə vermişdilər. Bu kurtka da qəşəng kurtkadı, mənim yadıma gəlmir axı belə kurtkamın olduğu... Həqqi deyirəm, amma düz əynimədi, hələ indiyəcən əynimə belə oturan paltar olmamışdı...

 

 Eləbil illərdir bir-birimizi görmürük... Ehh... indi belə sevgi var?  Görün, necədə boynumu qucaqlayıb...

 

Fərqanə ilə getdiyimiz xarici ölkələrdə arada vaxt edib belə istirahət də edirdik.

 

Şamaxıda həyətimizdə.. Saca çox həsrətlə baxıram, ya çox yemişəm "şokdayam", ya da hələ doymamışam.  

 

Suyu çox sevirəm, amma üşüyürəm... Suya girməyə isə tənbəllik edirəm,  girəndən sonrada çıxmaq istəmirəm.

Şamaxıda qudamın həyətindəyik. Nəvələrimlə bir yerdə ailə ansamblı yaratmışıq. Əlimdəki qavalı dostum Çindən almışdı, ilan dərisindən hazırlanıb.

 

Gəlinim, yoldaşım və mən. Hansısa rayonumuzda təbiət qoynunda dincəlirdik. 

 

Fərqanəm və "cücələri"... Onlar bizim evin "ulduzlarıdır".

 

Xarici ölkələrdən birinə festivalda iştirak üçün getmişdik.Ata-bala vaxt tapıb payızın belə gözəlliyini seyr etdik.

 

Oynamaq özü də bir eşqdir... Alim oxumağı da, oynamağı da sevir..

 

Güzdəkdə ata evində gəlnimin ad gününü qeyd edirik... Allah onların mehriban simalarını heç zaman üzlərindən əskik etməsin.

 

 Bizim balacalar... Onların arasında balaca nəvəm Hülya yoxdu. İnşallah, oğlumla-gəlinimdən da xeyir xəbərlər gözləyirik, onda olacaq 7 nəvəm.

 

Alim oxumur, hərdən belə çalır da... Mənim canım musiqiyə çox həvəslidi, mən də onun istəyini gerçəkləşdirirəm.


Uşaqlıqdan inək sağmağı sevirdim. O vaxtlar kasıbçılıq idi. Mən də  inəyin südünü kəndimizdən şəhərə aparıb satırdım.

 

Hə, hardan hara... Xaricdə küçədə belə oxuyub-çalan görəndə, mən də onlara qoşulurdum. Oxuyub, oynayardıq.

 

 Dostlarla müqqəddəs ziyarətdəyik... Allah bizim içimizdə yaradana qarşı olan eşqi heç vaxt söndürməsin.


Mənim üçün mükafatlar elə də önəmli deyil, əsas xalqımın gözündə yüksəklərdəyəmsə, sevilirəmsə, o mənə bəsdir. 

 

Dostlarımız Rasim Balayev və Söhrab Tahirlə...

 

Arif Babayev, Fidan və Xuraman Qasımova bacıları ilə konsertdəyəm.  Fidan xanım burda əlini üzünə  tutub, yəqin ki formada olmadığı üçün belə edib.

 

Təbrizdə bir rəssamın mənə hədiyyəsidir. Bu rəsm əsərini evimdə də böyüdüb saxlayıram... 

 

 

Fotosöhbətdən sonra Alim müəllimin canlı ifası yerinə düşdü...

 
Pərvin ARZUQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir