Son dövrlər Azərbaycanın bank sektorunda baş verən birləşmə və satınalmalar yeni konsolidasiya dalğasını gündəmə gətirib. Prosesin davam edəcəyi və ölkədə fəaliyyət göstərən bankların sayının tədricən 20-yə qədər azalacağı gözlənilir.
Azərbaycan Mərkəzi Bankı konsolidasiyanın inzibati müdaxilə ilə deyil, bazar mexanizmləri və səhmdarların təşəbbüsü əsasında həyata keçirilməsini dəstəkləyir. Əsas məqsəd daha güclü kapitala malik, dayanıqlı və rəqabətqabiliyyətli maliyyə institutlarının formalaşdırılmasıdır.
Mövzu ilə bağlı iqtisadçı-hüquqşünas Əkrəm Həsənov Modern.az-a açıqlamasında bildirib ki, bankların birləşməsi və ya fəaliyyətini dayandırması əsasən iki səbəbdən baş verir.
“Birinci halda iki və ya daha çox bank öz imkanlarını birləşdirərək daha güclü maliyyə institutu yaratmağa çalışır. İkinci halda isə zəif bankın sahibi bankı daha güclü oyunçuya satır, müştəri bazasını ona ötürür və inkişaf perspektivi olmayan biznesdən müəyyən gəlir əldə edir”, – ekspert deyib.
Ə.Həsənovun sözlərinə görə, 2000-ci illərin əvvəllərində Azərbaycanda iqtisadi fəallığın yüksək olduğu dövrdə güclü banklar mövqelərini daha da möhkəmləndirmək üçün birləşirdilər:
“Buna nümunə kimi Bank of Baku və Unibankı göstərmək olar. Bu maliyyə institutları bir neçə bankın birləşməsi nəticəsində formalaşıb. Birləşən bankların özləri də güclü olduğuna görə nəticədə daha böyük və tanınmış banklar yarandı. Həmin dövrdə Azərbaycanda iqtisadi vəziyyət əlverişli idi. Bu, zəif bankların bazardan çıxması deyil, güclü oyunçuların daha da güclənməsi prosesi idi.
Hazırda ölkənin ən iri və tanınmış banklarından biri olan Kapital Bank da vaxtilə bir neçə bankın birləşdirilməsi nəticəsində formalaşıb. Bank həmin dövrdə BUSBank adlanırdı”.
Ekspert AccessBankın Bank Respublika ilə bağlı prosesini isə birləşmə deyil, qoşulma kimi qiymətləndirib.
“AccessBank Bank Respublika ilə birləşməyib, ona qoşulub. Bankların klassik birləşməsi adətən hər iki tərəfin maliyyə baxımından güclü olduğu və imkanlarını daha da artırmaq istədiyi hallarda baş verir. AccessBankın qoşulması əmanətçilər və kredit götürənlər üçün ciddi dəyişiklik yaratmamalıdır. Mövcud müqavilələr üzrə şərtlər qüvvədə qalacaq”, – Ə.Həsənov vurğulayıb.
Onun fikrincə, bankların sayının azalması ümumilikdə istehlakçıların maraqları baxımından müəyyən risklər yaradır:
“Azərbaycandakı ümumi iqtisadi mənzərəyə nəzər saldıqda bankların sayının getdikcə azaldığını görürük. Bu isə istehlakçılar üçün mənfi nəticələr doğura bilər. Bankların sayı azaldıqca rəqabət də zəifləyir. Bazarda qalan banklar isə xidmət və kredit şərtlərini daha da sərtləşdirə bilərlər”.
Lamiyə Cənnətzadə