Yaxud Vaşinqton "köpək oğlu" axtarışında
Dünyaya demokratiya dərsi keçməkdə vaxtilə kənd-kənd, kolxoz-kolxoz gəzib camaatın zəhləsini tökən boşboğaz sovet mühazirəçilərindən geri qalmayan ABŞ Misirdə baş verən hadisələrə münasibətdə özünün riyakar simasını bir daha bütün dünyaya nümayiş etdirdi. Vaşinqton 32 il ərzində Misir xalqının məhrumiyyətləri bahasına bölgədə Vaşinqtonun maraqlarını ifadə edən Mübarək rejiminə "get" demədi.
Obama və digər ABŞ rəsmiləri Misir hadisələrinin baş verdiyi ilk gündən, sadəcə hakimiyyətin dinc yolla ötürülməsindən danışdılar. Yəni, ABŞ-ın istədiyi adama və Hüsnü Mübarək vasitəsilə ötürülməsindən... Beləliklə də Mübarək rejiminə güc toplamaq üçün vaxt qazandırdılar.
Meydanlarda ac-susuz mücadilə verən milyonlarla insanın - uşaqların, qadınların, qocaların, gənclərin haqq səsi, ədalət tələbi, insan kimi yaşamaq istəyi Amerikanın maraqları üçün 82 yaşlı qocanın ayaqları altına atıldı.
...Dünən bəzi xarici telekanalların canlı yayımladığı, Qahirənin Təhrir meydanında bir-birini daşlayan, orta əsrlərdə olduğu kimi atlarla, dəvələrlə bir-birinin üzərinə hücum çəkən misirliləri, qardaş qırğınını, vətəndaş qarşıdurmasını nümayiş etdirən kadrlara ürək ağrısı ilə baxdım. Paytaxt Qahirənin Təhrir meydanında və bütün Misirdə ABŞ-ın dəstəklədiyi totalitar rejimin buyruq qullarının axıtdığı qana təkcə Hüsnü Mübarəkin yox, Barak Obamanın da əli bulaşdı. Zatən ABŞ siyasətçiləri burunlarına kimi qan içərisindəydilər. İndi dinc və çarəsiz misirlilərin qanı gözlərini də tutdu...
Göz önündə olan gerçəklik budur: ABŞ 80 milyonluq bir ölkənin səfalət və məhrumiyyətlər içərisində yaşayan vətəndaşlarının hayqırtısını eşitmək istəmədi. Əvəzində yarım əsrdən çoxdur ki, ABŞ-ın da üzv olduğu BMT Təhlükəsizlik Şurasının Fələstin probleminin həlli ilə bağlı qətnamələrini və beynəlxalq hüquq normalarını gərəksiz kağız parçası kimi bir kənara atan İsrailin him-cimini görməyə və "demokratiya" əskisinə bürüdüyü korporotiv maraqlarına üstünlük verdi. Vaxtilə Teodor Ruzvelt "öz köpək oğlunu" - Nikaraquanı talayan Anastasio Somosanı seçdiyi kimi Obama da Mübarəki və onun Vaşinqtonun növbəti "köpək oğlu"su statusuna layiq görəcəyi varisini seçdi... Təkcə bu fakt sübuta yetirir ki, qara dərili vətəndaşların heç bir hüquqa malik olmadığı Ruzvelt dönəmindən bu yana Birləşmiş Ştatların siyasətində heç bir fundamental dəyişiklik baş verməyib. Hətta prezident postuna qara dərili ABŞ vətəndaşı gətirilsə də belə Vaşinqtonun insan hüquq və azadlıqlarına, demokratiyaya ikili və riyakar münasibəti olduğu kimi qalıb.
P.S. ABŞ-ın Mübarək rejiminə vaxt qazandırmaq niyyəti əslində hadisələrin ilk başlandığında da nəzərə çarpırdı. Rəsmi səviyyədə ilk açıqlamanı dövlət katibi Hillari Klinton verdi və Mübarək rejiminin sabit olduğunu vurğulayaraq, Misir prezidentini islahatlara çağırdı. Prezident Barak Obama da Misirdəki etirazlarla bağlı ilk açıqlamasında təxminən dövlət katibinin dediklərini təkrarladı.
ABŞ prezidentinin sonuncu açıqlaması isə Vaşinqtonun birmənalı mövqeyini ortaya qoydu: "Get" demədi, sadəcə "ötür" dedi...