Modern.az

Yaxşı nümunə

Yaxşı nümunə

Ölkə

28 Fevral 2011, 16:10

Ev telefonumuz xarab olmuşdu. Həmişə olduğu kimi, yenə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində işləyən dostumun telefonunu yığdım. Amma bu dəfə ona zəng çatmadı. Əməlli-başlı dilxor oldum.
Vəziyyətdən çıxış yolu arayanda jurnalist həmkarım Əfqan Qafarlı köməyimə çatdı. Dedi ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi avtomatlaşdırılmış sistemə keçib. İndi ən yaxşı "tanış" 122-dir. Bu nömrəni yığsan, sənə kömək edərlər. Onsuz da başqa yolum qalmamışdı. Dostumun dediyi nömrəni yığıb, problemlə bağlı ətraflı məlumat verdim. Yarım saat sonra montyor gəlib, texniki nasazlığı aradan qaldırdı. On beş dəqiqə sonra isə yerli ATS-dən zəng edib, telefonun necə işlədiyini soruşdular. Heç bir problem olmadığını deyib, müraciətimə belə operativ reaksiya verdiklərinə görə, texniki heyətə təşəkkür etdim. Xəttin o ucundakı xanımın cavabı qısa oldu: "Borcumuzdur". Heç kimin minnətini götürmədən problemi yoluna qoyduğum üçün çox sevindim.
İki saat sonra yenə ATS-dən zəng edib, telefonun necə işlədiyini, başqa bir problem olub-olmadığını soruşdular. Qulaqlarıma inana bilmirdim. İndiyə kimi dövlət qulluqçularından xoş münasibət görmədiyim üçün çaşıb qalmışdım. Növbəti dəfə təşəkkür edib, dəstəyi asandan sonra rabitə və informasiya texnologiyaları naziri cənab Əli Abbasovun ölənlərinə rəhmət oxudum.
Azərbaycanda vəzifəsinin öhdəsindən layiqincə gələn, nəzarət etdiyi sahədə qayda-qanun yaradan, vətəndaşların etimadını doğruldan dövlət qurumlarının sayı iki əlin barmaqlarını keçmir. Tam mübaliğəsiz deyə bilərik ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu sırada lap başda dayanır. Nazirlik mətbuatla əlaqələri yüksək səviyyədə qurub. Müşfiq Əmirov jurnalistlərin ən yaxın dostu sayılır. Buna görə də jurnalistlərin arasında keçirilən sorğularda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidməti həmişə qalib olur. Axı, jurnalistlər ağı qaradan seçməyi bacarırlar...
Mən və müstəqil mətbuatı təmsil edən dostlarım həmişə məmur özbaşınalığından, dövlət qurumlarında baş verən qanunsuzluqlardan yazırıq. Buna görə də hakimiyyətyönlü qəzetlərdə çalışan həmkarlarımız bizi öz yazılarımızda ancaq tünd boyalardan istifadə etməkdə günahlandırırlar. Mən heç vaxt bu iradları qəbul etməmişəm. Əgər Səfər Əbiyevin əsgər ailələrinin, Oqtay Şirəliyevin xəstələrin, Ziya Məmmədovun sərnişinlərin, Misir Mərdanovun valideynlərin, Fazil Məmmədovun isə iş adamlarının yanında üzü qaradırsa, biz onların portretini yaradarkən necə al-əlvan rənglərdən istifadə edə bilərik? Axı, jurnalistika təkcə yaradıcılıq deyil, həm də vicdan məsələsidir. Hər bir vicdanlı jurnalist ağa ağ, qaraya qara deməyi bacarmalıdır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında yazarkən jurnalistikanın bu təməl prinsipinə sadiq qalmağa çalışdım. Yaxşı bir nümunəni təbliğ etmək üçün... 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı