Modern.az xəbər verir ki, noyabrın 9-da Bakıda dənizkənarı Milli Parkda arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkası açılıb. Yarmarkada 52 rayondan 510 arıçı iştirak edir.
Açılışda iştirak edən kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov bildirib ki, sərgi-satış yarmarkasının keçirilməsindən məqsəd arıçılığı təbliğ etmək, müvafiq qurumların diqqətini sahənin inkişafının vacibliyinə yönəltmək, arıçıları maarifləndirməkdən ibarətdir.
Nazir müavini deyib ki, “Arıçılıq haqqında” qanunun qəbul edilməsi və bu sahənin təsərrüfatçılarına dövlət tərəfindən kreditlərin verilməsi arıçılığa diqqətin nümunəsidir. Onun sözlərinə görə, Azərbaycanda arıçılıq təsərrüfatlarını 5 dəfədən çox artırmaq potensialı var.
Yarmarkada keyfiyyətindən və çeşidindən asılı olaraq 1 kiloqram balın qiyməti 15 manatdan 40 manatadəkdir.
Satılan məhsulların tərkibinə və keyfiyyətinə Respublika Baytarlıq Laboratoriyası tərəfindən ciddi nəzarət olunur. Laboratoriyanın nümayəndəsi Mehman İmanov deyib ki, satışa çıxarılan arıçılıq məhsullarından nümunələr götürülərək analiz üçün təmsil etdiyi quruma göndərilir. Əgər müayinənin nəticələri müsbət olarsa satışına icazə verilir.
Sərgi-satış yarmarkası noyabrın 19-dək davam edəcək.