Modern.az

BDU-ya ad axtarışı

BDU-ya ad axtarışı

Ölkə

9 Noyabr 2009, 18:49

Bakı Dövlət Universiteti (BDU) 90 yaşını qeyd etdi.  Yubiley mərasimindən ötən müddətdə ölkə mətbuatı Məhəmməd Əmin Rəsulzadənin adının universitetə qaytarılması məsələsini müzakirə edir. Bəlkə də nəvəsi Rəis Rəsulzadə "Böyük öndərin adının universitetə qaytarılmasını ziyalılar tələb etməlidir" deməsəydi, siyasətçilərimiz, ziyalılarımız heç bu məsələni yada salmazdılar. BDU-nun müəllimlərinin mətbuatda dərc olunan ümumi mövqeyi Rəsulzadənin adının yenidən universitetə qaytarılması təklifi ilə üst-üstə düşür. Amma onların arasında bunu istəməyənlər də var. Hətta BDU-ya onun ilk rektoru Razumovskinin adının verilməli oluğu iddiasını ortaya qoyanlar da var.  Tamamilə əsassız iddiadır. Əlbəttə, ilk rektor kimi Razumovskinin universitetdə rolu böyük olub. Lakin onun universitetin qurucusu kimi təqdim edilməsi yanlışdır. O da unudulmamalıdır ki, Razumovskini Bakıya Rəsulzadənin başçılıq etdiyi hökumət dəvət etmişdi. Heç şübhəsiz BDU-nun yaranması M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. Arxiv materiallarından da görünür ki, o, hökumətin rəhbəri və parlamentdəki çoxluğu təşkil edən Müsavat Partiyasının rəhbəri kimi bu məsələ ətrafında bir neçə dəfə parlamentdə çıxış edərək universitetin açılmasını qəti tələb edib. Bunu BDU-nun ilk rektoru olmuş professor Vasili Razumovski də sonradan yazdığı xatirə oçerkində qeyd edib. Razumovski yazır ki, "Cəmiyyətdə və parlamentdə universitet açılmasına qarşı çıxan cərəyan əmələ gəlmişdi... Hökumətlə, parlamentin nüfuzlu üzvləri ilə danışıqlar başlandı və bu danışıqlar zamanı universitetin və maarifin həqiqi dostları aşkara çıxdı. Onlardan ilk növbədə türk yazıçısı, parlamentin nüfuzlu üzvü Məhəmməd Əmin Rəsulzadəni, sonra parlament sədri doktor Ağayevi, Ağamalıoğlunu, Hacınskini və s. göstərmək olar". Rəsulzadə hətta öz partiyasında da universitetin açılmasına etiraz edənlərin olduğunu gördüyü üçün partiyanın parlament fraksiyasının üzvlərindən universitet yaradılmasının lehinə səs verməyi tələb edib və bununla bağlı qərar qəbul olunub. Və bunun nəticəsi olaraq 1919-cu ilin 1 sentyabrında Azərbaycan parlamenti Bakı Dövlət Universitetinin təsis edilməsi haqqında qanun qəbul edib. Yəqin ki, indi BDU-ya Razumovskinin adını verməyi təklif edənlər 90 il bundan əvvəl Rəsulzadənin universitetin tarix-filologiya fakültəsində "Osmanlı ədəbiyyatı tarixi"ndən mühazirə oxumasından da xəbərsiz deyillər. M.Rəsulzadənin yaratdığı BDU Azərbaycan üçün təkcə elm-təhsil ocağı olmayıb, təkcə ixtisaslı kadrlar hazırlamayıb, o həm də milli ruhun, milli şüurun daşıyıcısı rolunu oynayıb. Sovet İmperiyasının qılıncının dalı-qabağı kəsən 70 il ərzində universitetdə milli-vətənpərvərlik ruhu ölməyib. Universitetin milli kadrları - rektorlar, müəllim-tələbə heyəti 1937-ci ildə reperssiyaya, sonrakı dövrlərdə təqib və təzyiqlərə, həbslərə məruz qalsalar da, bütün bunlar bu təhsil ocağında türkçülüyü, müstəqillik eşqini məhv edə bilməyib. Heç şübhəsiz ki, təməli Xalq Cümhuriyyəti tərəfindən qoyulmuş universitetdə belə də əhval-ruhiyyə olmalıydı.

Azərbaycanda Milli Azadlıq Hərəkatı BDU-dan doğdu. Məhz bu universitetin müəllimləri, tələbələri, məzunları Azərbaycanın müstəqilliyi, milli-azadlığı uğrunda mübarizədə öndə oldular və Azərbaycan öz müstəqilliyinə qovuşdu. Odur ki, BDU yalnız M.Ə.Rəsulzadənin adını daşımalı, onun adı universitetə qaytarılmalıdır!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?