İyirimi ildən artıqdır ki, Azərbaycanın ərazi bütövlüyü pozulub. Qarabag və ona bitişik yeddi rayon erməni işğalı altındadır.
Böyük bir zamandır. Bu müddət ərzində “şuşalıyam” deyib Şuşa barədə təəssüratı yalnız valideynlərinin nağılabənzər söhbətlərindən əldə edən nəsil formalaşıb.
Baba, nənə doğulduqları Şuşada, Laçında, Kəlbəcərdə ölmək istəyir, 5-6 yaşlı nəvə isə “oralarda erməni var, ora getməyək” deyirlər.
Dəhşətli fərqdir...
Modern.az saytı işğal olunmuş bölgələrin üç nəslinin nümayəndələrindən (baba, nənə, övlad və ya nəvə) işğal olunmuş bölgəni necə xatırladıqlarını xəbər alır. Bu layihə çərçivəsində işğal olunmuş bütün rayonlar barədə eyni sorğuya cavab istəniləcək.
İlk müsahiblərimiz Qubadlı rayonundan olan məcburi köçkünlərdir. Onlar müvəqqəti olaraq Sumqayıtda məskunlaşıblar.
“Qubadlı çox gözəl rayon idi”
1946-ci ildə Qubadlının Qayalı kəndində anadan olan Maya Şahverənova doğulduğu rayon haqqında yana-yana danışır: “Qubadlı çox gözəl rayon idi, orda biz yaxşı günlər görmüşük. Yaşayımız yaxşıydı. Hər kəsin evi, təsərrüfatı vardı, dolana bilirdi. Heyf o günlərdən...”.
Maya xala deyir ki, 7-ci sinfə kimi məktəbə Qubadlının Mahmudlu kəndinə gedib. Sonra uşaq bağçasında işləyib. Deyir kənddə maldarlıqla, bağla, bostanla məşğul olurmuşlar, yaxşı gün-güzəranları olub.
“Qubadlı çox gözəl rayon idi... (Maya xala bunu deyərkən keçmiş günlərinin şirinliyinə qərq olmuşdu. Həm də sanki mənə də çatdırmaq istəyirdi ki, 20 il öncə tamam başqa cür yaşayıblar-A.Ə). Dağı, meşəsi, gözəl təbiəti, təmiz havasını heç nəyə dəyişmərəm.
Qubadlının meşələrində o qədər meyvə ağacları var idi... İnanın heç baxıb eliyən yox idi...
Hər zaman Allaha yalvarıram ki, Allah, sən özün kömək et, biz öz vətənimizə, torpağımıza, böyüyüb, boya-başa çatdığımız yerə gedə bilək.
Zəmanənin çevrilib belə olacağı heç ağlımıza gəlməzdi. Heç deyərdik ki, biz hara gedərik? Bizi kim qovacaq? Amma bu da başımıza gəldi.
Gecənin birində atışma oldu. Gecə saat 3-də gəlib bizə dedilər ki, ermənilər gəlir, çıxmaq lazımdır. Biz də gecəynən saat 4-də evdən çıxdıq. Anam, özüm, gəlin, iki uşaq, oğlum və qonşunun qızı bir yerdə çıxdıq. Qonşunun qızını da qardaşı bizə tapşırdı ki, “bacım əsir düşər, sizin maşınızla getsin”. Hamı ilə birlikdə kənddən çıxmışıq.
Gələndən sonra burda bir az qardaşım evində qaldıq. Sonra da indi yaşadığımız evi bizə verdilər, amma kirayə pulunu almadılar.
Qaçhaqaçda nə qədər öldürülən, yollarda qalan oldu... Eh... Bacımın oğlu əsir düşdü. İndi də ondan xəbər yoxdu.
Yoldaşım qaçqınçılıqdan 7-8 ay əvvəl rəhmətə getdi.
Yaşayışımız yaxşı olub. İmkanlı olmuşuq, yoldaşım yaxşı vəzifələrdə işləyib. Əvvəl kolxoz sədri olub, sonra sovet sədri. Gəncədə qiyabı oxuyub, sonralar məktəbdə tarix müəllimi işləyib. Savadlı insan olub. Ömrünün sonlarında məktəbdə direktor işləyirdi...
Qaçqınçılıqdan əvvəl Şuşa alınan zaman burada qalan bacımın evinə bir az yorğan-döşək gətirmişdim. Yoldaşım dedi ki, (onda hələ rəhmətə getməmişdi) “bir-iki yorğan döşək aparaq ora heç olmazsa, nəsə olsa öz yorğan-döşəyimizdə yataq”. Onu da gətirdiyimə indi peşman olmuşam. O cür ev, bağ-bostan orda qaldı. 7 camışımız, 4 inəyimiz vardı...
Laçın, Şuşa alınandan sonra elə bil ki, erməni bizim üstümüzə gəldi.
Rayonda o qədər qalanlar oldu. Xəstəsi, imkansızı qaldı, gələ bilmədi. Bizim camaatımız elə idi ki, bilirdilər ki, kimsə xəstədirsə, gedib onu da yorğan-döşəyə büküb gətirirdilər, erməni əlində qalmasın. Qaçaq Nəbinin kəndində - Molluda bir Kamran adında savadlı kişi vardı, rayonda işləyirdi, xəstə idi, o qaldı, gəlmədi. Sonradan eşitdik ki, eyvanda çarpayının üstündə ermənilər onu öldürüblər.
Qubadlı, kəndimiz, yaşadığım ev, hər biri gözümün qabağındadır. Bu gün deyələr ki, rayon alınıb, inan nəzir-niyaz qoyaram ki, tez qayıdım. Orada atamın, yaxınlarımızın, yoldaşımın qəbri qalıb...
İşğal olunan rayonlarla bağlı televizorda nəsə veriləndə ağlamaq məni tutur, dözə bilmirəm ordan ayrı qalmağa. Bizdə Qubadlı ilə bağlı kasetlər də var. Toy olanda kəndi də çəkiblər. Hərdən qoyub baxırıq, elə pis oluram. Hər zaman elə bilirəm ki, rayonumuza qayıdacayıq...”.
“27 illik Qubadlı təəsüratlarım var.., uşaqlığım, gəncliyim orda keçib”
Maya Şahverənovanın gəlini Bahar Qarayeva 1967-ci ildə doğulub. Qubadlının Mahmudlu kəndində anadan olub. Sonra ayalı kəndinə gəlin köçüb. O da Qubadlı ilə bağlı təəsüratlarını həyəcansız danışa bilmir:
- Ticarət üzrə təhsilim var. Kənddə baxça müdirəsi işləmişəm. Qubadlı hər zaman yaddaşımızda gözəl yer kimi qalıb. Gözəl meşələri, dağları, səfalı yerləri, al-əlvan təbiəti var idi.
Yaşayımız yaxşıydı. Öz təsərrüfatımız, mal-heyvanımız vardı. Tütün, üzümçülüklə məşğul olmuşuq. 27 ilə yaxın Qubadlıda yaşamışam.
Qubadlı ilə bağlı o qədər danışa bilərəm... Zarafat deyil, uşaqlığım, gəncliyim, ömrünün ən gözəl anları orada keçib. İndi də danışanda insanın həvəsi gəlir, getmək istəyir ora... Sumqayıtda texniki təhsil almışam. Uşaqlarımın ikisi də orda dünyaya gəlib. Amma burada böyüyüblər. Bura köçkün gələndə qızımın 4, oğlumun isə 1 yaşı vardı...
Heç ağlımıza gəlməzdi ki, Qubadlı işğal olunar. Düzdür, söz-söhbətlər olurdu. Bir dəfə ara qarışdı, hamı çıxdı, amma biz çıxmadıq. Biz axırıncı dəfə rayon camaatı hamılıqla köçəndə çıxmışıq...
Bizə əsgərlər dedilər ki, artıq ermənilər kəndə doluşur, çıxmaq lazımdır, onda biz oranı tərk etdik. Xanlıq kəndi var idi, orada döyüş gedirdi, elə oradan xəbər gəldi, hamı çıxır. Həmin vaxt qonşu kəndlərdən girov düşənlər oldu. Saat hardasa 2-3 arası olardı. Laçın həmin vaxt alınmışdı, Qubadlı da artıq mühasirədə idi. Gecə Qubadlıda Həkəri düzü deyilən yer var, orada qaldıq. Həmin vaxt Heydər Əliyevin hakimiyyətə gələn vaxtı idi, bizə dedilər ki getməyin Qubadlı alınmayacaq, gecə bizi orada saxladılar, amma artqı qalmaq mümkün deyildi, çünki ermənilər gəlib kəndlərə dolmuşdular. Rayonun çıxacağında qabağımızı əsgərlər kəsdilər ki, “çıxmayın, biz rayonu alacağıq”. Amma qocalar, xəstələr, uşaqlar var idi, onları çıxartmaq lazım idi. Hərbçilər üstümüzə avtomat çəkirdilər ki, “çıxmayın!”. Amma neynəmək olardı, çıxmaq lazım idi...
Hər zaman inanıram ki, rayona qayıdacam. İndi ancaq fikirləşirik ki, Qubadlı tez alınsaydı, rayonumuza qayıdardıq. İnsan öz doğulduğu yerini, yurdunu istəyir.
Qubadlı ilə bağlı uşaqlar kasetlər gətirir. Baxırıq, çox yerləri tanıyırıq. Hər yer dağılmış vəziyyətdədir...Tanımaq olmur... Ordan ayrı qalmaq çox çətindir. Elə bil ki, bu gün oradan çıxmışıq.
Kasetlərin birində belə görüntü var idi, ermənilər bizim yaşadığımız kənddə nar ağacının dibində oturub araq içirlər. Bizim kənddə çöpçü arvad var, onun evini işarə edib deyirlər ki, “burda çöpçü arvad yaşayırdı”.
Onlar bizim kəndi, rayonu insanlarını yaxşı tanıyırdılar. Hamısını göstərirdilər, hansı kimin evidir. Bir yer var, oranı tanımadım, hazırda ermənilər orda yaşayır, mallarını, heyvanlarını otarırlar.
Burada yaşayımız normaldır, amma oranın yerini verməz. Vallah veməz. Torpağımızın yerini heç nə vermir.
Övladlarımıza hər zaman Qubadlı ilə bağlı söhbətlər edirik, ermənilərin törətdiyi pislikləri danışırıq ki, unutmasınlar.
Yoldaşımın xalası oğlu Kəlbəcərdə əsir düşdü.
Bu gün rayon ermənilərdən təmizlənsə, hər şeyi tullayıb gedərəm və elə bilirəm ki, hər kəs belə edər.
Hər şey gözümün qabağındadır, heç nəyi unutmamışam.
“Evimizdə danışırlar Qubadlı yaxşı yer olub”
Maya Şahverənovanın nəvəsi Aynur Qarayeva 1989-ci ildə doğulub, İndi ADU-da təhsil alır. Qubadlı işğal olunnada Aynur azyaşlı olub, ancaq uşaq xəyalı ilə bəzi şeyləri xatırlaya bilir. “Evimiz yadımdadır, oynamağa geniş həyətimiz var idi.
Evimizdə danışılanlardan da o yadımda qalıb ki, çox yaxşı yer olduğunu deyirlər...
Görməmişəm, şahid olmamışam, amma rayonla bağlı yaxşı şeyləri çox eşitmişəm. Bir neçə videolentlərdən izləmişəm və görmüşəm ki, Qubadlı çox gözəl, səfalı yerdir. Qəhrəmanlar haqqında eşitmişəm, məsələn Həsən Qorxmaz, Əliyar Əliyev, onlar da erməni gülləsinə tuş gəlib həlak olublar.
Rayon işğal olunanda 3 yaşım olub. Güllə səsləri yadımda qalıb. Dumanlı şəkildə xatırlayıram ki, o zaman insanlar necə təlaşla pərən-pərən düşmüşdülər...
Qayıtmağa hər zamn inamım var. Bildiyim qədər orada yaşayımız burdakından qat-qat yaxşı olub. Ailəmdə hər kəsin iş yeri olub. Bura gələndən sonra hər kəs çətinliklə özünə iş yeri tapıb, çətinliklə çörəkpulu qazanır.
Qubadlı ilə bağlı daha çox nənəmdən eşitmişəm, rayonda keçirdiyi günlərdən hər zaman, meşələrindən, bulaqlarından danışır. Mənə görə, Qubadlı dünyanın hər hansı gözəl yerindən yaxşı olub.
Qubadlıdan olan ikinci ailənin Qubadlı ilə bağlı xatirələri
Ailənin ən yaşlı üzvü Cahan Nəzərova Qubadlının kəndlərinin birində yaşayıb.
"Qubadlıdan ancaq özümüzü gətirmişik, başqa heç nə..."
Cahan nənə 1928-ci ildə anadan olub. Özünün dediyinə görə, yaşını o vaxt artırıblar, ən azı 5-6 il.
- Qubadlının Göyyal kəndində yaşamışam. Başqa kəndlərində olmamışam, nə işim vardı ki, mənim başqa kəndlərdə. Göyyal dağ yeridir, qəşəng dağı, daşı, meşələri, yaylaqları, təmiz havası, balıqları vardı, daha nə deyim bala?
Ermənistanla üzbəüz idik. O vaxtı, dava olmamış gedirdik, Qafana da, kəndinə də... Onda hər şey yaxşı idi. Heç bir şey yox idi.
Xəbər çıxdı ki, erməni gəlir, gecə camaat durdu gəldi, ev-eşik qaldı.
Kəndlərdə qalanlar oldu, elə ikisi bizim kənddə qalmışdı. Onlardan da heç soraq çıxmadı. Ermənilər o vaxtlar bizim kəndə gəlib avadanlıqlar satırdı, alıb ev tikirdik... Ancaq Laçın, Şuşa işğal olunada hamısını eşidirdik, hətta söhbət gəzirdi ki, ora işğal olunandan sonra bura da tutulacaq. Amma tərpəniş yox idi. Qubadlıdan ancaq özümüzü gətirmişik, başqa heç nə...
Qubadlı yaxşı rayonda idi, qaçaq Nəbiləri, Əlyarları var idi.
Kolxoz, sovxoz işində işləyirdik, üzüm, tütün yetişdirirdik, məktəbdə xadimə işləmişəm.
Müsahibim hərdən dayanır, sükuta qərq olur, sonra davam edir...
Çox əziyyətlər, çəfalar çəkmişəm burda, ev-eşiyimiz kimlərə qaldı gör...
Erməninin gözü çıxsın, gözəl günlərimiz var idi. Göyyal yaylaq idi, başqa kəndlərdən gəlib orda istirahət edirdilər. Şəfalı otların hamısı orda bitirdi, kəkotu, qarayarpız, sarıçıçək, gülxətmi, pişikcırnağı, əməkkömənci, daha nələr... Buradakı otlar onlara heç oxşamır, bizimkilər dağ otu idi. Otu da dərman, torpağı da dərman, ayağımızın bulaşdığı palçığı da dərman idi.
Gəlib burda çürümüşük. 3 qızım, bir oğlum var, hamısı da orda evlənib.
"Qubadlıya qayıtmağı hamımız istəyirik..."
Cahan Nəzərovanın qızı Gülxanım Məmmədova orta təhsilini Qubadlıda bitirib, bir il sovxozda işləyib, sonra Sumqayıta gəlib təhsilimi peşə məktəbində davam etdirib:
- Sonra Göyyal kəndinə qayıtdım, ailə qurdum. Ardınca isə təzdən bura qayıtmışam.
Uşaqlığım orda keçib, gözəl meşələrimiz, dağlarımız, sularımız, soyuq bulaqlarımız var idi. Təkcə kəndimizdə deyil, eləcə də digər kəndlərdə də olmuşam və bir sözlə, deyə bilərəm ki, Qubadlı sanki bir cənnətdir.
Hər bir insana öz rayonu şirindir. Mənim üçün Qubadlı təkdir. Bulaqlarımız dünyaya dəyər. Yaşayımız buradakından min dəfə yaxşıydı. Qubadlıya qayıtmağı təkcə mən yox, ailəmdə hər kəs istəyir.
Orada olan meyvələri mən burada heç yerdə görməmişəm...
Rayonda əkinçilik, tütünçülük, maldarlıq, yəni bütün təsərrüfat növləri ilə məşğul olurduq. Göyyal Qubadlının ən hündür yerində idi, dağın ətəyində idi, ordan Ermənistanın bir neçə rayonu görünürdü. Ermənsitanla həmsərhəd idik. Həmin vaxtlar Ermənistanın Qafan rayonuna gedirdik. Onlar da bizə gəlib-gedirdilər, yaxın əlaqələrimiz var idi. Hələ mən uşaq idim, yadıma gəlir, onların hər zaman bizim torpağımızda gözü olub, nə vaxt gedirdik, təsir edirdilər.
Kaş o günlər olaydı, meşələri gəzib, sərin bulaqlarından içib, ətirli meyvələrindən yeyədik. İndi dörd divar arasında qalmışıq. Qubadlı ilə bağlı videolentlərə baxanda, elə Qubadlının adı çəkiləndə tüklərim biz-biz olur.
"Valideynlərimin danışdığı söhbətlərdən Qubadlı barədə çox gözəl xatirələrim var"
Cahan Nəzərovanın nəvəsi Xəyalə Məmmədova 1988-ci ildə anadan olub:
- Valideynlərimin danışdığı söhbətlərdən çox gözəl xatirələr yaranıb məndə Qubadlı barədə. Gözəl havası, yaşıllıqları, dağı olan məkandır. Ən çox bizə təbii qidalar qəbul etdikləri barədə danışırdılar. Ürəyim Qubadlı ilə döyünür. Rayonumuz alınsa, ora uça-uça gedərəm. Kəndimiz dağın ətəyindədir. Görməsəm də danışılanlara rəğmən istərdim orada olum, o gözəllikləri mən də duyum, hiss edim, yaşayım.
Aytən Əliyeva