«Azərbaycanda həkimlərə və müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi məsələsi 3 ay müddətində həll olunacaq». Bu barədə Modern.az saytına Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev məlumat verib. Deputat deyib ki, həkimlər və müəllimlər dövlət qulluğunun xüsusi növünə aid ediləcək.
« Yəni onlar məsələn, vergi işçilərinin statusuna oxşar ayrıca statusa malik olacaqlar».
M.Quliyev onu da bildirib ki, müəllimlərə və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi prosesi avqustun sonunda yekunlaşacaq, sentyabrdan isə onların maaşlarının artırılacağı gözlənilir.
Sosial siyasət komitəsinin sədr müavini həkimlər və müəllimlərin əməkhaqlarının təxminən 2 dəfə artırılacağını qeyd edib.
Onun sözlərinə görə, bundan sonra həkimlərin işəgötürmə prosesində də dəyişikliklər olacaq.
Səhiyyə Nazirliyi səhiyyə işcilərinə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı sənəd hazırlayır. “Yaxın günlərdə sənəd Nazirlər Kabinetinə təqdim ediləcək”-deyə nazirlik rəsmisi Modern.az-a məlumat verib.
Təhsil Nazirliyi müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı konsepsiyanı artıq Nazirlər Kabinetinə təqdim edib.
Modern.az