Modern.az

Yalan danışan professor

Yalan danışan professor

Ölkə

27 İyun 2011, 16:03

Əlli illik pedaqoji staja malik olan, bu yarım əsrin təxminən yarısını məktəb direktoru işləyən Bayram müəllim sonuncu görüşümüzdə belə dedi:
“Professor Paşa Qəlbinurun süd – qatıq məhsullarını reklam etdiyini görəndə, əməlli – başlı xəcalət çəkdim. Uşaqları göndərib, Paşa müəllimin təriflədiyi məhsullardan aldırdım. Yarısı su çıxdı. Görəsən, Azərbaycanın beş – on tanınmış ziyalısından  biri olan Paşa Qəlbinuru xalqın gözünün içinə baxa – baxa yalan danışmağa nə vadar edir?”

Biz bu mövzuda xeyli söhbət etdik. Təəssüflə bildirdim ki, təkcə Paşa Qəlbinur deyil, Azərbaycan ziyalılarının 90 faizi hörmətli müəllimimin təbirincə desək, xalqın  gözünün içinə baxa – baxa yalan danışır. Onlar şəxsi maraqlarını ümummilli maraqlardan üstün tutduqları üçün xalqın yanında nüfuzdan düşüblər. Təsadüfi deyil ki, bu adamlardan söhbət düşəndə bir çox müstəqil yazar “ziyalı” əvəzinə  “ziyanlı” ifadəsini işlədir. Azərbaycanda bütün pis vərdişlərin təməlini bu adamlar qoyublar. Yadıma indi haqq dünyasında olan bir şairin Şəhidlər Xiyabanında ölkə başçısından unitaz istəməsi düşdü. Qəhrəmanlarımız haqqında əsərləri bu cür adamlar yazdıqları üçün onların adını əbədiləşdirmək olmur.

Paşa Qəlbinurun bir reklam rolikində çəkilməsi mənim də ürəyimi ağrıdır. İndiyə kimi, Paşa müəllimlə iki dəfə görüşüb, ondan müsahibə almışam. O, gözəl alim, istedadlı şairdir. Kabinetinin ağzında həmişə növbə olur. Xəstələr onun qəbuluna düşmək üçün bəzən bir həftə, on gün gözləməli olurlar. Mən, dəqiq bilirəm ki, Paşa müəllimin “Atena”nın reklamından gələn 5 – 10 manata ehtiyacı yoxdur. O, reklam çəkilişləri üçün kamera qarşısında keçirdiyi vaxtda ağır bir xəstənin gözünü əməliyyat edib, iki dəfə artıq pul qazana bilər. Ən əsası isə, dünya işığından məhrum olmuş bir insanı yenidən həyata bağlayar. Məni də, hörmətli müəllimi də ancaq bir məqam narahat edir: niyə Azərbaycanın tanınmış ziyalısı hansısa dələduz məmura məxsus olan keyfiyyətsiz  məhsulu reklam etməlidir?

Beynəlxalq təcrübədə tanınmış insanların reklam roliklərində çəkilməsinə tez – tez rast gəlmək olar. Amma bu reklamlar daha çox xeyriyyəçilik məqsədilə olur. Əgər Paşa müəllim vərəm əleyhinə preparatları reklam etsəydi, mən bunu alqışlayardım. Yaxud o, əhalini maarifləndirmək məqsədilə çəkilmiş hansısa süjetdə rol ala bilər. Ziyalının bir missiyası da elə budur.

“Atena” süd qatığının reklamında Paşa Qəlbinurun yerinə başqa bir ziyalı çəkilsəydi, bəlkə də məni bu qədər ağrıtmazdı. Bir göz həkiminin insanların gözünün içinə baxa – baxa yalan danışması adamın qəlbini göynədir. Xalq Azərbaycan ziyalısının nəyi reklam etdiyini çox gözəl görür. Axı, ekran qarşısında əyləşib, həmin reklamı seyr edən adamların heç biri kor deyil. Əgər nə vaxtısa  kimlərinsə görmə qabiliyyəti aşağı olubsa, onları da işıqlı dünyaya Paşa müəllimin şəfalı əlləri qaytarıb. Ağı qaradan seçmək üçün...

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı