İki gəncəlidən bəhs etmək istəyirəm.
Onları bir-birindən haradasa yüz il ayırır. Hər ikisinin "Azərbaycan tarixi" dərsliyində adı keçir.
Bir zamanlar onlardan daha yaşlısı tarix kitabında lənətlənirdi. Guya "xalqı çapıb talayan olub".
Və bir zamanlar iki gəncəlidən daha gənci tarix dərsliklərində öyülürdü. "Xalqın qeyrətini çəkdiyi üçün".
Sonra tarix adlı teatrın qara pərdələri qalxdı. İşıqlı səhnədə bunların əksini gördük: Yüz il yaşlı gəncəli xalqın qeyrətini çəkib, yüz il cavan gəncəli qaçaq-quldurluq edib, xalqı çapıb talayıb.
Yüz il yaşlı gəncəli Azərbaycana ilk dəfə ayaq açan rus istilasına qarşı vuruşub. Və işğalçılarla döyüşdə şəhid olub.
Yüz il cavan gəncəli isə Azərbaycana ikinci dəfə soxulan rus istilasının qabağına düşüb, bələdçilik edib. Onun da taleyinə vaxtsız ölüm yazılıb. Fəqət, o şəhid olmayıb, cümlə xəyanətlərinə görə gəbərdilib.
Hər iki gəncəlinin adına Azərbaycanda film çəkilib: "Qatır Məmməd", "Cavad xan".
"Qatır Məmməd" rus istilası dövrünün Azərbaycan büdcəsi hesabına ərsəyə gəlib. "Cavad xan" rus istilasından qurtulmuş müstəqil Azərbaycan dövlətinin büdcəsi hesabına çəkilib.
"Qatır Məmməd" filminin mövzusu 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna çalışan bolşevik Rusiyası ilə onun Azərbaycandakı əlaltılarının işbirliyindən bəhs edən bir xəyanət ssenarisidir.
"Cavad xan" filminin mövzusu XIX əsrin əvvəlində Azərbaycanı işğal etməyə girişmiş Çar Rusiyasına qarşı Gəncə xanı Cavad xanın öz xalqı ilə birgə apardığı, sonu şəhadətlə bitən yurd və millət mücahidəsidir.
Sovet rejimi illərində "Qatır Məmməd" filmi xalqa igidlik, mübarizlik, antimüsavatçılıq, anticümhuriyətçilik örnəyi kimi nümayiş etdirilirdi.
Sovet rejimi illərində Cavad xanın adını belə tutmaq yasaqdı.
Bu gün - müstəqil Azərbaycanın müstəqil telekanalları "Qatır Məmməd" filmini yenə nümayiş etdirməkdə davam edirlər.
Bu gün - müstəqil Azərbaycanın müstəqil telekanalları "Cavad xan" filmini göstərməyə cəsarət etmirlər.
Bu gün "Qatır Məmməd" filmi "siyasi tərəfini bir yana qoyun, Azərbaycan kinosunun nadir incilərindəndir" bəhanəsi ilə göstərilir.
Bu gün "Cavad xan" filmi məhz siyasi səbəbdən, rus istilasına qarşı dirəniş eposu olduğu üçün göstərilmir.
"Cavad xan"ı anladıq da, bu "Qatır Məmməd"in müasir sifarişçiləri kimdir ki, Azərbaycan telekanallarının efirindən düşmür?
Bəs, Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir, deyirdik...