Xeyli vaxtdır ki, “Yeni Müsavat” qəzeti eks-spiker, ötənlərin siyasətçisi olsa da, günlərin bir günü dondurma kimi əriyən, sonradan fərqli- fərqli amplualarda zühur edərək yersiz atmacalarıyla olan- qalan nüfuzunu da yelə verən Rəsul Quliyevin “Qarabağ: Müqavimətsizlikdən doğan faciə” adlı kitabını müəllifin öz xahişiylə dərc edir.
Hətta qəzet ölkənin tanınmış siyasilərindən keçmiş həmkarlarının bu kitabını, heç olmasa qəzetdə gedən bölümlərini oxuyub-oxumadığıyla da maraqlanıb, hamı bir ağızdan deyib ki, “bizim onun yazdıqlarını oxumağa nə vaxtımız, nə həvəsimiz var”.
Birdən kimsə elə zənn edər ki, bu cür mövqe eks- spikerə qısqanclıqdan və özünü bir tarixçi kimi sınamasından irəli gələ bilər. Mən belə düşünmürəm, əksinə, tam əminəm ki, siyasilər bunu deyərkən ürəklərində “siyasətdə nə etdi ki, tarixin toz basmış səhifəlirini eşələyərkən nəyəsə nail olsun”- deyə gileyləniblər.
Mən də bu cür düşünənlərdənəm və onun yazdıqları lap “Quran” ayəsi olsa belə, mənimçün beş qəpiklik qiyməti yoxdur. Çünki tarixi tarixçilərin yazmalı olduğu qənaətindəyəm, siyasətçi isə “silah”ını yerə qoyduqdan sonra yalnız xatirələrini qələmə ala bilər.
Rəsul Quliyevsə necə deyərlər, nə ondandır, nə o birisindən. Hələ dahi Nizami min illər öncə deyirdi ki, “kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan”.
Bu günsə Rəsul Quliyevin davranışları onun “yarımçıq papaqçılıq”dan uzağa gedə bilmədiyini isbatladı.
Demokrat Partiyasına rəhbərlik etdiyi dönəmlərdə “axşam gəlirəm, səhər gəlirəm” tapmacalarıyla diktaturadan cana doymuş on minlərlə insanın ətrafına toplaşmasına nail olmuş Rəsul Quliyev həlledici məqamda yeni tapmaca uyduraraq ölkəyə gəlməkdən imtina etdi, canının qorxusundan Azərbaycanda onu səbrsizliklə gözləyən millətin gələcəyə inamını bəlkə də birdəfəlik baltaladı. Bunun başqa adı yoxdur və bu davranış haqlı olaraq onun ruhundakı müqavimətsizlikdən doğan faciəsinə gətirib çıxardı.
Əlbəttə, bəlkə də tarix baxımından və başımıza açılan müsibətlərin xronologiyasını gələcək nəsillərə çatdırmaq nöqteyi- nəzərindən “Qarabağ: Müqavimətsizlikdən doğan faciə” kitabı unukal mənbədir. Ancaq siyasətçinin işi bu deyil və müəllifin özü də bilməmiş deyil ki, onun missiyası tarixi yazmaq yox, tarix yazmaqdır. Ancaq görünür, hər yerindən durub prezidentlik həvəsinə düşən siyasətçi tarix yazacaq qüdrətə və müqavimətə sahib deyil. Əslində tale ona da belə bir tarixi şans tanımışdı və o məhz bir ümummilli lider kimi hətta parça- parça doğranacağını belə, gözünün önünə alıb vətənə dönərək müqavimətsizlikdən yaranan faciələrimizi durdura bilərdi.
Ancaq bacarmadı, qorxdu, canına heyfi gəldi, vədlərini unutdu, iddialarını kal armud kimi boğula- boğula uddu. Nəticədə guya mübarizə apardığı, idarəçiliyiylə barışmadığı Heydər Əliyevə də, onun oğluna da həlledici məqamda tarixi qərarlar vermək iqtidarında olmadığına görə uduzdu. Bu məğlubiyyətsə təkcə onu yox, bütövlükdə cəmiyyətin müqavimət instinktini məhv etdi.
P. S. İnanın ki, Rəsul Bayrama qarşı şəxsi mənada hər hansı kin- küdrətim olmayıb və bu gün də yoxdur, sadəcə yazdıqlarım təssüflərimin ətrafa sızmış çırpıntılarıdır. Ona heyfslənirəm ki, axı başqa cür də ola bilərdi, axı bu gün Nyu-Yorkda oturub vətənsizlik dərdindən qovrula-qovrula tarixi romanlar yazmaq əvəzinə Bakıda oturub Azərbaycanın ən yeni tarixini yaza bilərdi, özü də qızıl hərflərlə. Axı...