Modern.az

Arif Hacılının məhkəməsində hakim İsa Qəmbərlə Əli Kərimlini zaldan çıxara bilməyib

Arif Hacılının məhkəməsində hakim İsa Qəmbərlə Əli Kərimlini zaldan çıxara bilməyib

Ölkə

30 Sentyabr 2011, 16:40

Bu gün səbail rayon Məhkəməsinində 2 aprel məhbuslarının məhkəməsi keçirilib. “Azadlıq” radiosunun məlumatına görə, məhkəmə binasının ətrafı polislərlə əhatəyə alınıb. 
Məhkəmədə Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP-nin şöbə müdiri Məhəmməd Məcidli ilə bağlı hökm veriləcəyi gözlənirdi.

Fasiləyə qədər İctimai Palatanın aksiyasına görə həbs olunmuş 2 nəfər son söz deyib: Arif Hacılı və Fuad Qəhrəmanlı.

Arif Hacılı 40 səhifəlik çıxış hazırlayıb. O deyib ki, insanların azadlığı uğrunda küçələrə çıxıblar, buna görə də özlərini təqsirli saymırlar.

Hakim bir neçə dəfə onun mahiyyətdən kənara çıxdığını söyləsə də, Arif Hacılı nitqini davam etdirib. Zala toplaşan müxalifətçilərin Arif Hacılıya əl çalmasından hirslənən hakim birinci sırada əyləşənlərdən zalı tərk etmələrini tələb edib:

«Siz zalı tərk etməsəz, proses davam etməyəcək».

Həmin sırada Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, keçmiş deputat Pənah Hüseyn əyləşib. Amma onlar zalı tərk etməyiblər.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da çıxışında hakimiyyəti tənqid edib.
«Mən indiyədək ev dustağı olmuşam. Mənim azadlığa buraxılmağımla bağlı hökm verilsə, bu müddətdə həbsdə yatan yoldaşlarımı da azad edin. Ya da məni onlarla bərabər həbsxanaya göndərin».

Fuad Qəhrəmanlı çıxışını bitirən zaman İsa Qəmbər hakimə müraciət edib:

«Cənab hakim, bu çox yaxşı çıxış idi. İcazə verin, əl çalaq».

Hakimin rədd cavabından sonra Müsavat başqanı zala doğru dönərək deyib:

«O zaman hamı əlini qaldırsın».

Bu zaman bütün zal sakitcə əlini qaldırıb.

Proses fasilədən sonra davam edib.

Fasilədən sonra Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı son söz deyib. O, hakimiyyətin sifarişi ilə həbs olunduqlarını bildirib.

Növbə AXCP-nin şöbə müdiri Məhəmməd  Məcidliyə çatanda, o, özünü yaxşı hiss etmədiyini bildirib: «Buna görə də sön sözü bazar ertəsi demək istəyirəm».

Amma hakim etiraz edib. O, bu gün hökm oxumalı olduğunu bildirib:  «Çıxış etməsəniz, yazacam ki, son söz deməkdən imtina etdi».

Bundan  sonra tərəflər arasında mübahisə yaranıb. 

Gərginliyi aradan qaldırmaq üçün hakim 5 dəqiqəlik fasilə elan edərək müşavirə otağına yollanıb.

Müşavirədən qayıdan hakim Famil Nəsibov bildirib ki, Məhəmməd Məcidlinin xahişini nəzərə alıb.

Məhkəmə oktyabrın 3-dək təxirə salınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı