Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova iki gün öncə keçirdiyi mətbuat konfransında “Qəhrəman ana” adının bərpa olunmasının vacibliyindən danışıb. Hicran xanım deyib ki, rəhbərlik etdiyi qurum bununla bağlı Nazirlər Kabinetinə müraciət edib. Komitə sədrinin sözlərindən belə məlum olub ki, əgər hökumətdəki kişilər qadınların sözlərini qulaqardına vurmasalar, bundan sonra dünyaya yeddi uşaq gətirmiş anaların sinəsindən medal asılacaq. Dövlət Komitəsinin bu təşəbbüsü ilk baxışda humanist təsir bağışlayır. Əlbəttə, çoxuşaqlı ailələrin problemlərini diqqət mərkəzində saxlamaq, onlara qayğı göstərmək böyük savabdır. Amma bu təkliflə çıxış etməzdən əvvəl bir suala cavab tapmaq lazımdır: sovet dövründə 10-12 övlad dünyaya gətirən azərbaycanlılar indi niyə bir-iki uşaqla kifayətlənirlər? Müxbirimiz üç-dörd ay öncə bu sualla paytaxt sakinlərinə müraciət edəndə gənc bir qadın belə cavab vermişdi: "Özüm yeməyə çörək tapmıram, uşağı necə böyüdəcəyəm...?". Bəli, ailə qayğılarının günbəgün artması valideynləri dünyaya övlad gətirməzdən əvvəl yaxşı-yaxşı düşünməyə vadar edir. Heç kim övladının ayağıyalın, başıaçıq böyüməsini istəmir. Hələ mən onu demirəm ki, uşaqlarına bir tikə çörək qazanmaq üçün neçə valideyn əqidəsinə dönük çıxıb, özündən qat-qat aşağı səviyyəli adamların qarşısında əyilib, alçalıb. Əgər insanların daimi iş yeri, normal qazancı olsa, onlar dünyaya daha çox övlad gətirərlər. Ən azından gözümüzün qabağında sovet dövrünün təcrübəsi var. Bəyənmədiyimiz sovet hökuməti çoxuşaqlı ailələr üçün bir sıra imtiyazlar müəyyənləşdirmişdi. Amma Azərbaycanda bu imtiyazların hamısı ləğv olunub. Əgər gələcəyimizi belə çox düşünürlərsə, niyə uşaqlar üçün verilən sosial müavinət ləğv ediləndə səslərini çıxarmadılar? 9 manatı da uşaqlara çox gördülər. Dünyaya gələn hər uşaq üçün cəmi 50 manat vəsait ödənilir. Halbuki, həmin körpə xəstəxanadan çıxıb evə gedəndə valideynlərini ən azı 500 manat xərcə salmış olur. Əgər bu gün xəstəxanalarda adi uşaq bezi taprılmırsa, hansı üzlə gənc ailələrdən dünyaya 7-8 uşaq gətirməyi tələb edə bilərik?! Dəvəçinin Dağbilici kəndində müəmmalı şəkildə yoxa çıxan Nailə və Reyhanə Məcidova bacılarının da varlıların balaları olan həmyaşıdaları kimi xoşbəxt yaşamağa haqqı çatırdı. Amma bu talesiz qızcığazlar qışda açan qönçə kimi vaxtsız solanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmiləri susdular. Üç uşaq atası olan Mehman Əmirquliyev nəqliyyat müfəttişləri tərəfindən döyülüb şikəst ediləndə də Dövlət Komitəsi rəsmilərinin səsini eşitmədik. Mehman Əmirquliyevin üç yaşlı oğlu Dəvəçidəki kasıb komalarında aclıq edəndə ona baş çəkən, bu zavallı insanların qayğısına qalan olmadı. Analar uşaq doğmağa təşviq edilirsə, atalar da normal işlə təmin olunmalıdırlar. Uşaq böyütmək üçün pul, çörək, paltar lazımdır. Şirin nağıllarla uşaqların qarnı doymur.