Xocalı faciəsinin 20-ci ilində Azərbaycanın məsələnin üstünə getməsi çox yaxşıdır, bəlkə də bu 20 ildə etmədiklərimizdən nəticə çıxarmışıq. 20 il sonra dərk etmişik ki, Qarabağın bizimki edilməsi üçün müharibəyə hazırlaşmağın yanı sıra başqa işlərdə görməliyik. Dünyaya Erməninin nə demək olduğunu anlatmağa ehtiyac varmış, ən azından ona görə ki, indiyəcən dünya “bizim erməniləri öldürdüyümüzdən və Dağlıq Qarabağı onların əlindən almaq istədiyimizdən” narahat olub, hətta bir çox ölkələrdə Xocalı faciəsinin dəhşətli fotoları ermənilər tərəfindən ermənilərə edilmiş soyqırımı kimi qələmə verilmişdir. Biz isə sadəcə təkzib etməklə məşğul olmuşuq. Bəzi hallarda isə Xocalı ilə bağlı erməni iddialarını yalanlamaqda gücsüz qalmışıq, çünki “özümüzünkülər” ermənilərin əlinə imkan vermişlər ki, bu gerçək soyqırımından danışa bilməyək, onu gündəmə gətirə bilməyək. Eynulla Fətullayevin bu günlərdə niyə səsi çıxmır, yenədəmi bu fikrinin üstündə dayanır ki, ermənilər Xocalının dinc əhalisinə koridor vermişdilər ki, mühasirədən çıxsınlar, amma onları kimsə qırmışdır?.
Hanı Ayaz Mütəllibov, guya onu yıxmaq üçün AXC bu faciəni törətdi, fikrini deyərkən erməni dəyirmanına necə su tökdüyünü anlamışdımı? Heç olmasa indi anlayırmı nə qədər günah işlədib xalqı qarşısında? Deyə bilərsiniz ki, mən köhnə palan içi tökürəm. Qətiyyən. Amma ermənilərə və onların Xocalı ilə bağlı apardıqları siyasətə nə qədər dəyər verdiklərinin fərqində olduğuma görə belə deyirəm. ”Xocalinskoye delo. Osobaya papka” hazırlayıb az qala bütün saytlarda yerləşdirdikləri materiallarda məhz adını çəkdiyim və çəkmədiyim adamların yazdıqlarına istinad olunur. Ermənilərin uzun müddət bu tutalqalardan yapışaraq məsulyyətdən yaxa qurtarmağa çalışmaları da təbiidir. Onun da fərqindəyəm ki, ermənilər bu Xocalıda törətdikləri gerçək soyqırımı faktından qorxurlar. Amma biz bu 20 ildə onların üzərinə qərarlı şəkildə getməmişik. Bizim bu sahədə təbliğatımız, içi mən qarışıq, Türkiyədən ötəyə getməmişdir. Bu günlərdə də o konfranslardan bir- ikisini də mən keçirirəm. Bundan öncə də hər il bu məsələyə biganə qalmadıq. Əlbəttə, qardaş Türkiyədə də bu gerçəkləri anlatmağa ehtiyac vardır, amma bu təbliğatların, yürüşlərin, mitinqlərin, konfransların bir sonucu olmalıdır.
Biz nə etmək istəyirik?
Məncə, hər şeydən əvvəl faciəni dünyanın hüquqi müstəvisinə çıxartmaq lazımdır. Deyiləndə ki, Azərbaycan özü belə bu faciəni soyqırımı olaraq qəbul etməmişdir, gənc millət vəkili mənim sözümdən inciyir. Bəyanəat vermək ayrı şeydir, qanun layihəsə hazırlayıb parlamentdən keçirmək ayrı şey... Ona və digər dostlarımıza xatırladlm ki, əlimizdə olan bu unikal faktlardan istifadə edərək Xocalı faciəsini soyqırımı olaraq qəbul etmək üçün qanun layihəsi hazırlanmalıdır, bu layihənin içəriisində soyqırımı olaraq bilinən bütün sənədlər qoyulmalıdır. Bunu etməsək, faciənin 100-cü ilində belə heç nəyə nail ola bilməyəcəyik. Məsələnin beynəlxalq həllinə nail olmaq üçünsə ayrıca fəaliyyət lazımdır. Ortada Bosniya nümunəsi var, Serebrenitsa soyqırımının qəbul edilməsi praktikasından faydalana bilərik. Pis örnək də olsa, Ermənilərin qondarma 1915-ci il soyqırımı və onun 21 ölkə parlamentlərindən keçirməsi nümunəsi də var. O layihənin içinə nələri qoyurlar ermənilər, “Mavi kitab”dakı iddiaları, Morgentaunun xatirələrini, saxtalaşdırdıqları digər “sənədləri”, yalan-palan fikirləri. Amma bizim sənəd saxtalaşdırmağa ehtiyacımız yoxdur. Hər şey ortadadır. Soyqırımı törədənlər də məlumdur: Köçəryan, Sərkisyan, Ohanyan - yaşayırlar, hamsının ünvanı da bellidir. Onlarla bağlı cinayət işi açılmasına Türkiyəli vəkil Kemal Kerinçsizin ciddi çalışmaları vardı. Onu da “ergenokoncu” deyə həbs etdilər (Allah yolunu açsın ) yaxşı yadımdadır, ermənilər Kerinçsizi yamanca qaralamışdılar, onu Tələt paşanın davamçısı adlandırırdılar, qorxurdular onun Xocalı ilə ilgili fəaliyyətindən. Xocalının bir soyqırımı olaraq qəbul edilməməsi üçün dərhal əks-fəaliyyətə keçdilər, ortaya bir “layihə” də qoyduqlarını bizim səlahiyyət sahibləri bilməlidirlər.
“1988-1993- cü illərdə Azərbaycanda ermənilərə qarşı edilmiş soyqırımlar” 2010- cu ildə “Jarangutyun”(Miras) partiyası hazırlayıb, parlamentin müvafiq komissiyasındadır. Biz isə 20 ildir danışırıq, danışırıq.., göstəririk, ağlaşmalar qururuq...
Durum belədir. Əgər bu ilki Türkiyə turnelərimiz də o biri illərdəkinə bənzəyəcəksə, yenə bunun içindən bir şey çıxmayacaq, pis mənada demirəm, bu “dil pəhlivanlarımızın “ əməyi də hədər gedəcək. Mənim çox sevdiyim ifadələrdən birini burada işlətmək zorundayam:
“Bu vətən üçün nələr etmədik!
Kimimiz öldük,
Kimimizsə nitq söylədik”
Bunu da elə-belə, sözgəlişi dedim.
Kayseri, Türkiyə
25.02.2012