Modern.az

Bayraq düzəldən ştatı

Bayraq düzəldən ştatı

Ölkə

19 Mart 2012, 19:58

Bayrağımız növbəti dəfə tərsinə asıldı. Bu dəfə biabırçı olay Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin qonşu İrana səfəri zamanı rəsmi qarşılanma mərasimində yaşandı.

Qeyd edək ki, əksər vaxtlarda Azərbaycanın dövlət rəsmilərinin İrana səfəri zamanı dövlət bayrağımızla bağlı analoji hal yaşanır. Amma bu problem təkcə İranla bağlı deyil. İlin o ayı olmaz ki, üçrəngli Azərbaycan bayrağının hansısa ölkədə mötəbər tədbirdə tərsinə asılmağının şahidi olmayaq.

Hər zaman da bü cür hallara qarşı təpkilər üçün bir arayış verilir: "Anlaşılmazlıq".

Başqa ölkələrin də bayrağının tərsinə asılması problemi ilə üzləşib-üzləşmədiyini bilmirəm. Ancaq bu "anlaşılmazlıq" arayışı bayraqları asanlar üçün o qədər effektli qalxandır ki, adam bu "arqument" qarşısında aciz qalır.
"Bəlkə, həqiqətən, bilmədən tərsinə asıblar bayrağı? Adamı öldürməyəcəyik ki" deyə. Amma həm də düşünürsən ki, axı, bu anlaşılmazlıq niyə məhz bizim başı bəlalar çəkmiş bayrağımızın başına gəlir?

Mən indiyədək ABŞ-ın bayrağının tərsinə asıldığını görməmişəm. Düzdür, amerikanların bayrağını parça-parça da ediblər, yandırıblar da, ancaq, hansısa rəsmi tədbirdə tərsinə asmağa cəsarət etməyiblər (Yəqin ki, amerikanların "anlaşılmazlıq" izahatını anlaya bilməyəcəklərindən ehtiyatlanırlar).

Bəs, bu bayraq nə vaxtadək "anlaşılmazlıq" və "yanlışlıq" səbəbindən tərsinə asılacaq? Yaxşı, tutaq ki, əcnəbilər bayrağımızda rənglərin ardıcıllığının fərqində deyillər və göyünə-yaşılına baxmadan onu dirəkdən asırlar. Bəs, həmin rəsmi mərasimlərdə, toplantılarda, mətbuat konfranslarında iştirak edən Azərbaycan təmsilçiləri hara baxır? Yoxsa, bizdə protokol işlərinə baxanların bayraq anlayışı göy rənglə yaşıl rəngin fərqini ayıra bilməyəcək qədər dayazdır?

Ya da, başqa məsələlərə diqqət ayırdıqları üçün bayraq yaddan çıxır...

Yaxşı, problemin həlli nədədir? Azərbaycan bayrağının Allahın verən günü tərs-məzhəb asılmasına necə son qoymaq olar?

Bayraq haqqında qanunumuz var, bayraq meydanımız da var, bayraq idarəmiz də. Bəlkə, bir "bayraq düzəldənlər" strukturu da yaradılsın. Və bayrağın daşıdığı mənanı, düzülüş fəlsəfəsini yaxşı bilən gənclər buraya işə götürülsün. Onlar həm ölkəiçi, həm beynəlxalq tədbirlərdə, rəsmilərin səfərlərində bayraq məsələsinə diqqət etsinlər.

Bəlkə, bu yolla bayrağımızın şərəfini qoruya bilək...

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı