“Atamı kənddəki ölüm hadisəsində günahlandırmışdılar”
Professor Cəmil Həsənlidən geniş müsahibə aldığım yadıma gəlmir. Sadəcə bir araşdırma yazıda onun kitablarından istifadə etmişəm və bu əsnada da onunla bir-iki kəlmə danışmışam. Amma o, mənimlə həmişə köhnə tanışlar kimi danışıb. Mən də elə bilmişəm ki, Cəmil müəllimi çoxdan tanıyıram. Bəlkə elə Cəmil müəllimi minlərlə alimin işərisində seçdirən, camaata sevdirən də onun bu cəhəti olub: sadəliyi, səmimiyyəti və həm də.., elitarlığı. Beləliklə, Modern.az saytının “Karyera” rubrikasının bu günkü qonağı cəmiyyətimizin tanınmış ziyalılarından biri olan Cəmil Həsənlidir. Tarix elmləri doktoru, professor Cəmil Həsənli.
- Biz ailəlikcə, nəsillikcə Cəlilabad kəndinin Alar kəndindənik. Azərbaycanda iki Alar kəndi var. Biri Yardımlıdadır. Alarlar qədim türk tayfalarındandır. İstər Şimali Azərbaycanda, istər Cənubi Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, cənubda Ərdəbildə, şimalda isə Yardımlı və Muğanda məskunlaşmış tayfalar olublar. Alarlar Şah İsmayıl dövründə Qızılbaş tayfalarının tərkibində Şah qvardiyasında qulluq edən tayfalardan biri olublar. Amma mən Biləsuvarda doğulmuşam. 1952-ci ilin yanvarında. Sadəcə olaraq bizim ailə bir il kəndi tərk etməli olub və həmin o dövrdə də mən anadan olmuşam.
- Niyə tərk etməli olmusunuz kəndi?
- Həmin dövrdə bir hadisə olub. O hadisə sonradan araşdırılanda məlum olub ki, mənim atamın bu işdə günahı yoxdur. Ondan sonra bizim ailə köçüb qayıdıb yenidən Alar kəndinə. Amma mənim uşaqlıq illərim, orta məktəb həyatım Alarda keçib. Adi uşaqlar necə, biz də elə böyümüşük. Atam müharibə iştirakçısı olub. 1944-cü ildə yaralanandan sonra hərbidən tərxis olunub. Əlbəttə müharibədə aldığı yara bütün ömrü boyu onun həyatında müəyyən izlər qoyub. Atamgil üç qardaş getmişdilər müharibəyə. Onlardan qayıdan təkcə atam olmuşdu. O biri əmilərim müharibəyə gedəndə evli olublar və uşaqları olub. Atam onların da uşaqlarını saxlayıb. Biz də gözümüzü açanda atama onların “əmi” dediyini eşidib, atamıza “əmi” deməli olmuşuq. Orta məktəb illərində yaxşı oxumuşam. Tarixi, coğrafiyanı, ədəbiyyatı sevirdim. Müəllimin tapşırığından əlavə də həmin dərsə aid kitabları oxuyurdum. Hətta bir dəfə ədəbiyyat müəllimim məni dərs danışmağa çıxardanda bir poemanı başdan ayağa əzbər dediyimi görüb, heyrətlənmişdi. Görüb, mən poemanın dərslikdə olmayan yerlərini də deyirəm. Təxminən bir iyirmi dəqiqə dinləyəndən sonra məni apardı müəllimlər otağına. Dedi, deyəsən bu uşağın başına hava gəlib. Əlbəttə, orta məktəb müəllimlərimiz bizim həyatımızda böyük rol oynadı. Onları indi də məmnunluqla xatırlayıram. Sözün əsl mənasında onlar müəllim sözünün arxasında duran ağırlığı dərk edirdilər.
- Orta məktəbdə oxuyandan tarixçi olmağı qərarlaşdırmışdınız?
- Yox, mənim arzum Xarici Dillər İnstitutuna girmək idi və ingilis dilindən hazırlaşırdım. Mənim bir əmioğlum var idi - Adil. O da əsgərlikdən təzə gəlmişdi. Sənədlərini Tibb İnstitutuna verməli idi. Birlikdə gəldik sənəd verməyə və getdik onun sənədlərini verdik. Xarici Dillər İnstitutuna gələndə mənim sənədlərimi qəbul eləmədilər. Səbəb də onu göstərdilər ki, mənim attestatımda yanlışlıq var. Əslində isə bu çox kiçik bir yanlışlıq idi. Attestatda bir ana dili qrafası, bir də Azərbaycan dili qrafası var idi. Məktəb direktoru onların hər ikisinə qiymət yazmışdı. Dedilər onlardan yalnız birinə qiymət yazılmalıdır. Qəbul komissiyasında dedilər ki, “gərək bunu Təhsil Nazirliyində deyələr, biz qəbul edək”. Getdik Təhsil Nazirliyinə. Orda da baxdılar, dedilər, yox, bu çox ciddi səhvdir. Bunu gərək məktəb direktoru düzəltsin, imza və möhürünü də qoysun yanından. Həmin axşam gec olduğu üçün rayona qayıtmadıq. Səhər avtovağzala getmək üçün avtobusla gəlirdik. Avtobus gəlib Azərbaycan Dövlət Universitetinin yanından keçəndə bir nəfər o birisinə dedi ki, bura universitetdir. Bunu əmioğlu Adil eşidəndə dedi ki, hələ vaxtımız var, gəl gedək, bəlkə sənin sənədlərini orda götürdülər. Düşdük getdik universitetə. İndi gedə-gedə mübahisə edirik. Mən deyirəm gərək ədəbiyyat fakültəsinə verəm, o isə mənə izah etdi ki, yox, tarixə sənəd vermək lazımdır, kəndimizdə tarix müəllimi azdır. Ədəbiyyat müəllimi çoxdur. Nə isə, o, məni inandırdı. Gəldik Tarix fakültəsində qəbul yerlərini öyrəndik. Gördük cəmi 25 yer var, onun da 9 nəfəri hazırlıqdan girib. Cəmi 16 yer qalıb. Sənəd verən uşaqlarla oturmuşduq, sual-cavab edirdik. Sənədləri götürən müəllim də gəlmişdi. Oturmuşdu partanın arxasında, nə isə yazı-pozu işləri var idi, məşğul idi. Biz sənəd verənlər orda bir yarım saata qədər sual-cavab etdik. Saat doqquz tamam olanda bu sənəd götürən başını qaldırdı –indi universitetdə profüssordu, Rafael Süleymanov - əlini mənə uzatdı, dedi “ay oğlan, gəl bura, sənin sənədlərini növbəsiz götürəcəyəm”. Dedi “mən səhərdən fikir verirəm, sual-cavab eliyisiniz, sən bunların hamısından yaxşı bilirsən”. Daha nə attestata baxdı, nə başqa bir şeyə, kamali–ehtiramla mənim sənədlərimi qəbul etdi. Və biz çıxdıq getdik rayona. Rayonda da məni məzəmmət etdilər ki, o fakültəyə girmək mümkün deyil. Sən nahaq ora sənəd vermisən, ora “raykom” fakültəsidir. Tarix fakültəsi o vaxt çox nüfuzlu fakültə idi. Mən iyulun 27-də gəldim ki, tez sənədlərimi alım, aparım Pedoqoji Universitetə verim. Gəldim, gördüm ki, o sənədlər götürülən yerdə bir elan asılıb. Yazılıb ki, sənədləri geriyə almaq qadağandır. Beləcə, mənim ordan da əlim üzüldü. İyulun 27-dən avqustun 1-nə kimi, yəni imtahan gününə kimi kitab üzü açmadım. Fikirləşdim ki, onsuz da kəsiləcəm, bu ili mən itirdim. Amma bununla belə mən həqiqətən yaxşı hazırlıqlı idim. O vaxt universitetdə oxuyan bir əmioğlum var idi. O tarixə aid kitablar tapıb gətirirdi, oxuyurdum. SSRİ tarixi üzrə Qrekovun kitabı var idi. Mən onu da yaxşı oxumuşdum. Birinci imtahan da tarix idi. Rəhmətlik professor Zakir Abdullayev götürürdü imtahanı. Zakir müəlim SSRİ-nin ən tanınmış İranşünaslarından biri idi. Mən cavab verəndə bu məndən soruşdu ki, “bala, sən harda bitirmisən orta məktəbi?”. Dedim, bəs Cəlilabadın Alar kəndində. Yanındakı müəllimə dedi ki, görürsən bizim kənd rayonlarından necə hazırlıqlı uşaqlar gəlir. Məni xeyli tərifləyəndən sonra bir “5” yazdı. Bu, düzü mənimçün gözlənilməz oldu. Çünki mən ən çox tarixdən qorxurdum. Sonrakı imtahanlar ədəbiyyat idi, xarici dil idi bunları yaxşı bilirdim. O vaxtı valideynlər rayonlardan gəlirdilər imtahan günü ali məktəblərin qarşısında böyük bir valideyn kütləsi olurdu. Mən isə həmin əmioğlumla gəlmişdim. Onun da imtahanı var idi, getmişdi. “5” alan uşaqlar sevindiklərindən atlana-atlana çıxırdılar içəridən. Mən isə sakitcə çıxdım. Kimsə məndən soruşdu neçə almısan, dedim “5”. Dedilər, “bizi aldadırsan?” Dedim, niyə aldadıram? Kağızı göstərdim. Dedilər “bəs niyə sevinmirsən?”. Dedim, bilmirəm.
Sonrakı imtahan ədəbiyyatdan yazılı idi. Yazdım, “4” aldım. Ondan sonra isə ədəbiyyatdan şifahi imtahan idi. Mən 6-cı adam idim. Rəhmətlik professor Əkbər Ağayev götürürdü imtahanı. Dedi ki, “Vaqif” dramı haqda yazını sən yazmışdın? Dedim, bəli. Dedi “ola bilər də, onu “şrapqalkadan” zaddan köçürərsən. İndi sənin şifahi cavabına baxacağıq”.
- O vaxt artıq “şparqalka” var idi?
- Az istifadə olunurdu bu vasitədən. Yeri gəlmişkən, deyim, “şparqalka” məsələsi ilə bağlı da maraqlı bir sərgüzəşt oldu. Hələ ədəbiyyat yazılı imtahanında gördüm mənimlə oturan oğlan ora-burasını axtarır, balaca-balaca kağızlar çıxardır. Mən bundan soruşdum ki, bu nədir, dedi, “şparqalka”dır. Mən öz-özümə fikirləşdim ki, deyəsən bu imtahan üçün çox zəruri olan bir şeydir, mənim bundan xəbərim yoxdur. Başladım narahat olmağa. Amma sonra gördüm bu oğlan gizlin istifadə edir, məsələnin nə yerdə olduğunu təxmin elədim.
Nə isə, bu şifahi imtahanda da Seyid Əzim Şirvanidən danışdım, onun məşhur olmayan şeirlərindən dedim. Onda da imtahanda bir ədəbiyyat müəllimi olurdu, bir də Azərbaycan dili. Rəhmətlik Əkbər müəllim o biri müəllimə dedi ki, “mən bu oğlana “6” verdim”. O biri müəllim soruşdi ki, “niyə?”. Dedi “əgər “dil”dən zəif cavab versə, birini gələcəyik o qiymətin üstünə”. O birisindən də cavab verdim. Xarici dildən də bir “4” aldım, iki “5”, iki “4” oldu. Beləliklə, oldum tələbə. Sonra da tələbəliyin acılı, şirinli günləri başladı...
- Həmin universitetdə sonralar özünüz imtahan götürmüsünüz...
- Bəli, vaxt keçdi, mən gəldim o tarix imtahanı verdiyim otaqda imtahan götürdüm. Mənimlə imtahanda olan müəllim imtahana başlamazdan əvvəl dedi ki, “Cəmil müəllim, bilirsən nə var, biz gərək tapşırılmayanları kəsək”. Soruşdum niyə? Dedi, “bizim adamlara, yəni tapşırılanlara mane olur onlar”. Dedim, Vallah, müəllim, incimə, mən bunu edə bilmərəm. Soruşdu niyə? Dedim, bax, bu otaqda ki, indi oturmuşuq, burada vaxtilə mənim haqqımda çox obyektiv qərar qəbul olunub. Mən kənddən gəlmiş balaca bir uşaq idim. Mənim burda qiymətimi yazdılar. Nə valideynimi tanıyırdılar, nə özümü. İndi mən necə bilən uşağı kəsmək qərarı verim?
Beləliklə, sonra da bu ənənə davam elədi. İndi dövlət aparatında, müxtəlif hüquq-mühafizə orqanlarında, nazirliklərdə çoxlu mənim imtahan götürdüyüm şəxslər işləyirlər. O vaxt mən onların obyektiv qiymətlərini təmin elədim.
- Söhbətin əvvəlindəki bir məsələyə qayıtmaq istəyirəm. Axı atanızı nəyə görə günahlandırmışdılar? Nə baş vermişdi?
- O vaxt kənddə bir nəfəri gecə taxıl sahəsində öldürmüşdülər. Atamı, bir də Balabəy adlı bir kişini şübhəli bilmişdilər.
- Niyə məhz atanızdan şübhələnmişdilər?
- Görünür kəndin özündə müəyyən münasibətlər olub. Hər halda bu insan ölümüdür. Ölən insanın da qohum-əqrabası, uşaqları var. Amma hardasa 9-10 ay keçəndən sonra o hadisəni törədən adamı tapıblar və ona 15 il iş veriblər. Bundan sonra o şübhələr də ailəmizin üstündən götürülüb və biz qayıtmışıq kəndimizə. Qaldı atamdan şünhələnmək məsələsinə, bunlar məndən qabaqkı hadisələrdir. Bir az şətindir onların izahını vermək. Görünür o öldürülən adamın yaşadığı məhəlləyləmi deyim, nəsillləmi deyim, müəyyən münaqişələr olub. O şübhə üçün müəyyən əsaslar olub. Çünki kollektivləşmədən sonra kəndlərdə böyük intriqalar olurdu. Atam bir sıra dövrlərdə müxtəlif vəzifələrdə-kolxoz sədrinin müavini, sahə briqadri və sair kimi vəzifələrdə işləmişdi. Yəqin münasibətlərdə nə isə soyuqluq olub.
- Onda deməli, atanız əmək qabaqcılı olub?
- Bəli, atamı hətta kənd təsərrüfatı qabaqcılı kimi 1957-ci ildə Nikita Xruşşovun təşkil etdiyi sərgiyə də getmişdi. Sovet İttifaqının kənd təsərrüfatı qabaqcıllarını dünyaya tanıtdırmaq, təqdim etmək məqsədilə keçirdiyi sərgiyə getmişdi. Onda mənim 5 yaşım var idi. Yaxşı yadımdadır ki, atam Moskvadan qayıdanda yaxşı uşaq paltarları alıb gətirmişdi. Həmin paltarlar bizi qonşu uşaqlarından fərqləndirən birinci və sonuncu hadisə oldu.
- Tələbəlik illərinin xatırələri əsasən iki məsələylə bağlı olur. Tələbəlik illərinin sevgisi və maddi cətinlik. Sizdə də olubmu bunlar?
- Mən əvvəlcə onu deyim ki, universitetə qəbul olunanda kənddə, evimizdə heç kəs inanmadı ki, mən qəbul olunmuşam. Cünki dediyim kimi, Tarix fakültəsinə girmək çətin idi. O vaxt xəbərdarlıq deyilən bir sənəd var idi. Onu rayonda qeydiyyatdan çıxmaq üçün verirdilər. Göstərdim bu qeydiyyat kağızını, gördülər ki, həqiqətən mən qəbul olunmuşam. Elə birinci kursdan yaxşı oxudum. Düzdür birinci semestrdə əlaçı olmadım. Amma oxumağın nə demək olduğunu mən o birinci semestrdə gördüm. Indi mən dönüb həmin illərə baxanda demək istəyirəm ki, sovet sistemində nə qədər böyük müəllimlər bizə dərs deyirlərmiş. O böyük adamların yerinə o qədər kiçik adamlar girir auditoriyalara, təhsilimizdəki bu fərqi mən o auditoriyaya girən adamların timsalında açıq-aydın görürəm. Həmin orta məktəbdə aldığımız biliklərin davamını doğurdan da biz ali məktəbdə aldıq. Böyük zəhmət, iradə, cətinlik hesabına əldə elədik.
Sevgiyə gəlincə, bizim tələbə olanda işimiz o qədər çox idi ki, heç sevgi-zad yadımıza düşmürdü. Maddi cəhətdən əlbəttə, çətinliklər olub. Birinci kursdan sonra işləmişəm. Layihə İnstitutunda mühafizəçi işləyirdim. 65 manat maaş alırdım. Bir erməni müdirimiz də var idi, Sergey. Biz bu 65 manatın 10 manatını ona verirdik. Bu Sergey bu 10 manatı alana bir-iki gün qalmış adamla xoş danışırdı, bir də alandan bir-iki gün sonra. Ondan sonra itə dönürdü. Hər ay da bu proses təkrar olunurdu. Layihə İnstitutu “Baksovet” metrosu ilə üzbəüz beşmərtəbə binanın dördüncü mərtəbəsində idi. Orda axşam saat 6-dan səhər saat 9-a qədər işləyirdim. Işləyirdim deyəndə ki, iş qurtarandan sonra qapını bağlayırdım, dərslərimi oxuyurdum, sonra da iş yerinin yataq dəstini açıb, yatırdım. Yəni elə çətin bir iş deyildi. Əslində biz səhərə qədər oyaq qalmalıydıq. Amma elə deyildi. Həm ordan maaş alırdım, üstəlik də əlaçı təqaüdü alırdım. Bunlar üst-üstə sovet dövründə həkimə, müəllimə verilən əmək haqqı səviyyəsində olurdu. Yəni birinci kursu qurtarandan sonra mənə evdən pul gəlməsinə ehtiyac olmadı.
1975-ci ildə universiteti bitirdim getdim rayonda iki il qonşu kənddə müəllim işlədim. Sonra qayıtdım Bakıya, o vaxt Lenin muzeyi var idi, ora işə düzəldim. Ora işə düzəlmək də asan deyildi. Məni xeyli sorğu-sual elədilər, gördülər ki tarixi yaxşı bilirəm, sonra götürdülər. Ora o vaxt birbaşa Mərkəzi Komitəyə tabe idi. Elə beş ay idi işə girmişdim, gördüm zəng olundu. Mənə dərs deyən professor Ruhulla Qurbanov mən telefona çağırdı. O vaxta qədər də mənə dərs demiş müəllimlərdən biri ilə görüşmüşdüm, harada işlədiyimi ona demişdim Ruhulla müəllim də vaxtilə Şıxəli Qurbanovun vaxtında Mərkəzi Komitədə işləmişdi. Sonradan millətçiliyə görə ordan uzaqlaşdırılmışdı. Bizə dərs deyəndə mənim diplom rəhbərim olmuşdu.
Vaxt təyin elədik, işin sonuna özü mənim üş yerimə gəldi. Dedi, “bilirəm sənin işin yaxşıdır, prespektivi də var. Amma bizə aspiranturaya yer veriblər. Mən təklif edirəm ki, sən gəl sənədlərini ver. Sənin qəbul olunmaq şansın böyükdür”. Mənə iki gün fikirləşməyə vaxt verdi. Mən də fikirləşdim, qərara gəldim ki, gedim. Sənəd verdim və qəbul olundum aspiranturaya. Aspiranturanı bitirəndən sonra kafedraya müəllim təyin olundum və namizədlik müdafiəsi elədim. Bir az da gec elədim, cünki bizim mövzular bir az çətin idi. Moskvada işləmək lazım idi. Amma mənim namizədlik müdafiəmlə doktorluq müdafiəm arasında məsafə az oldu. 1984-cü ildə namizədlik, 1992-ci ildə doktorluq müdafiəm olub. Bu doktorluq müdafiəsi əslində böyük elmə bir gəliş idi.
- O vaxtkı tələbələrlə indikilər arsında da fərq var...
- Bu fərq əsasən orta təhsilin səviyyəsi ilə bağlıdır. Məsələn, mən orta məktəbdə oxuyanda gündəlik qəzetləri, aylıq jurnalları səbirsizliklə gözləyirdim. Elə bir jurnal, qəzet olmurdu ki, mən oxumayım. İndi tələbələrə auditoriyada soruşanda ki, bədii ədəbiyyatdan nə oxumusunuz, onların əllisi cavab verəndən sonra mən öz-özümə fikirləşirəm ki, mən onlar yaşda olanda onların əllisinin bir yerdə oxuduğundan çox kitab oxumuşdum. Bax, fərq budur. Mən özümü kitabsız təsəvvür etmirdim. Kitab hər yerdə mənimlə idi. Heyvan örüşə aparanda, həyətdə işləyəndə...hətta məni dəfələrlə danlayırdılar ki, yemək yeyəndə kitabı kənara qoy.
- Nə vaxtdan hiss elədiniz ki, Universitetə tapşırıqlar, rüşvət ayaq açıb?
- Əvvəla onu deyim ki, mən aspiranturada oxuya-oxuya dərs deyirdim. Dərs dediyim birinci qrup da İsa Qəmbərgilin qrupu idi. Orda çox istedadlı uşaqlar var idi. İsa var idi, indiki professor Musa Qasımlı var idi, Sadıq Nəbiyev var idi... Əvvəl bu tapşırıqlar çox deyildi. Əvvəlcə rus bölməsində başladı. Onlar əksəriyyəti şəhər uşaqları idilər. Özlərini imtiyazlı hiss edirdilər. Amma o qədər də savadlı deyildilər. 70-ci illərdə tapşırılanlar özlərini pis hiss edirdilər, 90-cı illərdə isə tapşırılmayanlar. Amma o dövrdə 5-6 nəfər var idi ki, adamlar öz aralarında danışırdılar ki, deyəsən bunlar tələbədən rüşvət alır.
- Siz sovet dövrünün yetirməsisiniz. Özü də tarixçi. Müstəqillik dövründə sizə şətin olmadımı tamamilə başqa bir ideologiyanın təbliğçisi olmaq?
- Biz klassik sovet dövrünü yaşamadıq. Bizim yaşadığımız dövrdə rejim bir az yumşalmışdı, azadlıq ab-havası var idi. Bizim dövrümüzdə sovet ideologiyası artıq deqradasiya dövrünü keçirdi. Məsələn, qəzetdə Hikita Xruşşovun şəkli çıxırdı. Kənddə hamı ona çox rahatlıqla keçəl deyirdi. Və ya məktəblilər VLKSM sözünün açmasını düzəltmişdilər-Vallah, Leninin kəlləsi sümükdən möhkəmdir. Axı bunu 50-ci illərdə edə bilməzdilər? Bu özü sovet sisteminin zəifləməsinin göstəricisi idi. Ona görə də biz sistemin əsiri olmadıq. Biz sovet hökuməti, sovet dövlət başçıları haqqında lətifələrin yarandığı bir dövrdə formalaşmışıq.
- Sovet dövrü doğrudanmı pis idi?
- Vallah, mənimçün bir az çətindir demək ki, pis idi. O mənada ki, mən özüm o sistemin yetirməsiyəm. O dövrün yaxşı cəhətləri var idi. Ən pisi o idi ki, azadlıq yox idi. İnsanlar özü-özünü aldatmaqla məşğul idilər, öz dediklərinə inanmırdılar. Yəni işdə bir cür, evdə ayrı cür danışırdılar. Amma sovet hökumətində müsbət cəhətlər çox idi. Birincisi, hamının işi var idi. Bu gün heç kəs onun fərqində deyil ki, sovet iqtisadi sisteminin dağılmasından ən çox ziyan cəkən kənd rayonları oldu. Sovet iqtisadi sistemi ilk növbədə kənddə yaşayan qadınlar üçün iş yeri idi. İndi 8 min, 10 min əhalisi olan bir kənddə vur-tut 9-10 nəfər adam var ki, cədvələ qol çəkib, əməkhaqqı alır. Qalanı ya alverlə dolanır, ya Rusiyadan kimsə pul göndərir. Amma mən öz gözümlə görmüşəm ki, bizim kənddə üzümçülük təsərrüfatında çalışan ailələrdən eləsi olurdu ki, ilbaşı deyilən əməkhaqqını alanda, o pulu almağa özləri ilə “meşok” gətirirdilər. Mən öz gözlərimlə bir kisə pul alan ailələr görmüşəm. İkincisi, korrupsiya yox idi. Belə geniş rüşvətxorluq yox idi. İndi idarələr var ki, müdirindən tutmuş süpürgəçisinə kimi eyni kəndin adamlarıdır. O vaxt elə şey ola bilməzdi. İndi kimisə harasa icra başçısı təyin edirlər, orda on il, iyirmi il işləyən adamlara gəlib deyir ki, siz işdən azadsınız, öz adamlarını gətirir. Sovet dövründə kababxana müdirini, restoran müdirini heç vaxt birinci katib, icra hakimiyyətinin başçısı təyin edə bilməzdilər. Məsələn, Bakı şəhərinin rayonlarında partiya komitələrinin birinci katibləri öz peşə təhsilindən başqa həm də Moskvada İctimai Elmlər Akademiyasını qurtarırdılar. Müsahibələrimin birində də demişəm, mən sovet dövrünə aludə deyiləm, ancaq bu gün icra başçılarının coxunu sovet dövründə indi oturduqları binaya hec mühafizəçi də qoymazdılar.
- Siz də çoxuşaqlı ailə olmusunuz?
- Bəli, səkkiz uşaq olmuşuq ailədə.
- Onda yəqin ki, sizdə də “meşok”la pul almaq məsələsi olub.
- Mən kolxozda işləməmişəm. Qardaşım da həmçinin. Biz elə orta məktəbi qurtaran kimi kənddən çıxmışıq. Bir dəfə mən kolxozda işləməyə cəhd eləmişəm. Onda da az qalmışdı səfeh bir arzunun qurbanı olam. Yayda, tətil vaxtı, 9-cu sinifdən 10-cuya kecəndə olub bu hadisə. O vaxt pambıq sahələrinə dərman səpən “aeroplan”lar var idi. Mən bu təyyarəni görmək, ona yaxın olmaq arzusu ilə, bir neçə gün dərmasəpələyən işləmişəm. Kisənin ağzını kəsib, dərmanları tökürdük pambıq sahələrinə. O dərmanlar çox zəhərli dərmanlar idi. Sonradan mən bildim ki, əslində onlar qadağan olunmuş dərmanlardır. (Gülür) Mən üç gün necə deyərlər, öz səfehliyim və təyyarəyə aludə olmağım ucbatından orda işləmişəm. Sonra evdən xəbər tutdular qoymadılar. Amma mənim kolxozla əlaqəm də o üç gün olub.
- Zəhərlənib eləməmişdiniz?
- Zəhərlənmişdim. Çünki heç bir mühafizə vasitəsi yox idi. Çıxırdıq təyyarənin üstündən ağzı açıq dərmanı tökürdük sahəyə. O da un kimi bir şey idi. Tozu qalxırdı, udurduq.
- Qızınız ərəb ölkəsində yaşayır. Oğlunuz ispan şırkətində işləyir. Niyə tanınmış adamlar ölkədən çıxarırlar övladlarını?
- Mən hec kəsin qarşısına belə bir plan qoymamışam. Mənim oğlum Amerikada biznesin idarəçiliyi ixtisası üzrə qurtarıb ali məktəbi. Özü də şox yüksək göstəricilərlə. Sonra magistraturanı da bitirdi orda. Amerikanın yüksək göstəricisi nədirsə, onunla. Və gəldi bura, istədi Azərbaycanda işləsin. Hətta o zaman mən Milli Məclisin deputatı idim. O tərəfdar deyildi ki, mən gedim kiməsə deyim, ona iş versinlər. Öz SV-sini göndərirdi ora-bura. Göstəricilərinə baxırdılar, çox böyük həvəslə çağırırdılar söhbətə. Söbət zamanı məlum olanda ki, mənim oğlumdur, o idarə, kampaniya, hətta özəl kampaniya belə, deyirdi ki, “biz gərək bunu məsləhətləşək”... Və bu məsləhətləşmələr də çox uzun çəkirdi. Bəzi dövlət işlərində də deyirdilər ki, rəsmi əmək haqqı bu qədərdir, paketdə də bu qədər veriləcək. Ona da bu razı olmurdu. Çünki buna qəribə gəlirdi ki, belə şeylər necə ola bilər axı? Demək olar ki, orta məktəbi qurtarandan xaricdə təhsil alıb, odur ki, belə şeylər buna qəribə gəlirdi. Sonra internetə qoydu SV-sini İspaniyanın böyük bir neft kampaniyası var. Onu çağırdılar çox yüksək təminatlarla işə qəbul etdilər. İndi də orda işləyir. Qızımın isə həyat yoldaşı Dubayda bir tibb müəəssisəsində işləyir. Çox yaxşıdır orda işləri.
- Sizin AXCP-dən getməyinizdə belə şeylərin rolu olubmu?
- Yox, qətiyyən. Mənim həyatımın ən gözəl günləri AXCP ilə bağlıdır. Baxmayaraq ki, partiyada onun mətbuatında mənim haqqımda bir müddət xoşagəlməz fikirlər səsləndi. Amma mən özümə rəva görmədim ki, o partiya haqqında nə isə mənfi fikir söyləyim. Orada cox gözəl vicdanlı insanlar olub, indi də var Azərbaycanı müstəqil görmək istəyən, demokratik, xoşbəxt bir cəmiyyət kimi görmək istəyən insanlar var orda. Sadəcə o vaxt qərar qəbul olundu ki, partiya parlamentə getməsin. Mən isə ondan əvvəlki 5 il ərzində parlamentdə olmuşdum. O fəaliyyətimi faydalı hesab edirdim. Hakimiyyət orqanlarından heç kim deyə bilməz ki, mənim kiminləsə seçki barəsində nə isə sazişim, söhbətim olub. Partiyada da iki yol qoymuşdular. Ona görə mən partiyadan çıxmalı oldum. Amma siz jurnalistsiniz, özünüz təsdiq edərsiniz ki, mən AXCP-də olanda hansı mövqedə idimsə, müstəqil deputat kimi də elə fəaliyyət göstərdim.
Qızılgül Abdinova
***
Həmçinin oxu:
Yaqub Məmmədovun “Karyera”sı: “Qoşa qanad kimi irəlilədim, uğur qazandım...”
//modern.az/articles/19777/1/
Vüsalə Mahirqızının “Karyera”sı: “Ona karyera yox, “lotereya” deyərlər...”
//modern.az/articles/20000/1/
Eks-nazir Siruz Abasbəylinin “Karyera”sı: fotoqraf, montyor.., nazir...
//modern.az/articles/20179/1/
İradə Tuncayın “Karyera”sı: “Hamıdan gözəl mənəm”
//modern.az/articles/20469/1/
Eldar Namazovun “Karyera"sı”: “Sevgi şeirləri də yazıram"
//modern.az/articles/20737/1/
Rəşad Məcidin “Karyera"sı: “Hacı Qara xəsis olmayıb, mən də xəsis deyiləm”
//modern.az/articles/20980/1/
Elçin Hüseynbəylinin “Karyera”sı: ““Azadlıq” radiosunda Mirzə Xəzərlə yola getmədim”
//modern.az/articles/21155/1/
Rəhim Hüseynovun “Karyera”sı: “İki gündə iki dəfə Baş nazir təyin olundum”
//modern.az/articles/21497/1/
Rəhim Hüseynovun “Karyera”sı: “İndiki nazirlər heç bilinmir hardan gəlib nazir olublar” - II HİSSƏ
//modern.az/articles/21554/1/
Eks-Baş prokuror Əli Ömərovun “Karyera”sı: “Ermənini söydüm, qapısını təpiklə vurub, çıxdım”
//modern.az/articles/21720/1/
Eks-Baş Prokuror Əli Ömərovun “Karyera”sı: “Zakir Qaralovu orqana bərpa elədim”
//modern.az/articles/21811/1/
Rauf Arifoğlunun “Karyera”sı: “Əlimdə hakimiyyət nişanəsi olduğunu heç kimə deməmişəm”
//modern.az/articles/22153/1/