Milət vəkili Vahid Əhmədov : “Bunun alternativi yoxdur”
ADP sədri S.Cəlaloğlu: “Bu soyqırımları iki millətin bir yerdə yaşamasına mane ola bilməz”
QAT sədri Akif Nağı: “Heç nə olmamış kimi birgə yaşamaq bizim üçün asan olmayacaq”
ATƏT-in Minsk Qrupunun ortaya qoyduğu təkliflər işərisində azərbaycanlıların və ermənilərin birgə yaşaması tələbi qırmızı xətt kimi keçir. Hətta Minsk Qrupunun fransalı keçmiş həmsədri Bernar Fasye Qarabağda azərbaycanlıların ermənilərlə dost-qardaş kimi bir yerdə yaşayacaqlarını öz çıxışında dəfələrlə səsləndirib.
Yəni, əgər sülh danışıqları başa çatsa, Dağlıq Qarabağda ermənilərlə yenidən birgə yaşamalı olacağıq. İlk baxışdan kosmopolit baxışlı adam üçün burda problem görünmür. Amma.., ortada psixoloji durumun olmasını, sadə insanların bu dostluqla barışmamasını nəzərə alsaq, deyəsən bu heç də asan başa gəlməyəcək.
Məsələ doğurdan da qəlizdir. Onlarla birgə yaşaya bilərkmi?
Modern.az məsələylə bağlı tanınmış simalardan münasibət öyrənib.
Milət vəkili Vahid Əhmədov : “Bunun alternativi yoxdur”
Millət vəkili Vahid Əhmədov hesab edir ki, bunun alternativ variantı yoxdur: “Hələki bununla əlaqədar söhbətlər, mülahizələr, görüşlər gedir. Bundan sonra danışıqlar gedəcək, sülh müqaviləsi imzalanacaq. Belə olan halda bir yerdə yaşamağa məcburuq. Lakin qarşı tərəf də dərk eləməlidir ki, xarici himayədarların sayəsində nəyəsə nail olmaq baş tutmayacaq. Ermənilər bunu nə qədər tez başa düşsə, bir o qədər yaxşı olar. Çünki Azərbaycan artıq sözünü demiş bir dövlətdir. Azərbaycan bu məsələdə həmişə irəli addımlar atır. Ona görə də ermənilər də güzəştlərə getməlidir”.
ADP sədri S.Cəlaloğlu: “Bu soyqırımları iki millətin bir yerdə yaşamasına mane ola bilməz”
Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu bu fikirdədir ki, hər iki dövlət arasındakı düşmənçilik azərbaycanlılarla ermənilərin birgə yaşamasını əngəlləyə bilməz. Sadəcə olaraq hər iki millətə öz aralarında dil tapmağa şərait yaratmaq lazımdır. Belə olan halda əvvəlki illərdə olduğu kimi Azərbaycanlılar İrəvanda, ermənilər də Azərbaycanda sərbəst yaşayacaqlar: “Bəli, arada Xocalı, Ağdaban soyqırımı var. Amma tarixdəki bu soyqırımları iki millətin bir yerdə yaşamasına mane ola bilməz. Baxmayaraq ki, hazırda müharibə gedir, amma azərbaycanlılar, ermənilər, gürcülər həmişə bir yerdə olublar. Tarixdən də görürük ki, birinci erməni-müsəlman davasında elə dəhşətli hadisələr baş verib ki, hətta faşistlərin etdikləri bunun yanında toya getməli olub. Ancaq üstündən 5-6 il keçməmiş ermənilər Azərbaycanlılar yenidən birgə yaşamağa başlayıblar. Məsələn, Birinci Dünya Müharibəsində almanların etdikləri soyqırımları ruslarla-almanların, almanlarla-polyakların birgə yaşamasını əngəlləmir. Sadəcə olaraq hər iki millətə öz aralarında dil tapmağa şərait yaratmaq lazımdır. Belə olan halda əvvəlki illərdə olduğu kimi, azərbaycanlılar İrəvanda, ermənilər də Azərbayacda sərbəst yaşayacaqlar. Əgər bu gün Bakının mərkəzində 20 min erməni yaşayırsa, onda niyə ermənilər və azərbaycanlılar Qarabağda yaşamasınlar? İki millətin bir yerdə yaşaması o zaman mümkün olar ki, Ermənistan müharibədən imtina etsin və Azərbaycana qarşı irəli sürdükləri iddiadan əl çəksinlər. O halda bu baryeri aşmaq mümkün olmayacaq”.
QAT sədri Akif Nağı: “Heç nə olmamış kimi birgə yaşamaq bizim üçün asan olmayacaq”
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə hesab edir ki, azərbaycanlılarla ermənilərin birgə yaşaması şərti o zaman qəbul olunar ki, Dağlıq Qarabağda yaşayan erməni əhalisi Azərbaycan vətəndaşı olmağı və Azərbaycan qanunlarını qabul etsinlər. Belə olan halda onların orda yaşamasına heç bir maneə olmaz: “Bu Azərbaycanın cəmiyyət və dövlət səviyyəsində olan fikridir. Sadəcə olaraq bu prinsipin qəbul olunub, reallaşdırılması qeyri-mümkündür. Orada yaşayan ermənilər azərbaycanlılara qarşı törədilən ən qatı cinayətlərdə iştirak ediblər. Qarabağdakı ermənilər azərbaycanlılara Xocalı, Qaradağlı, Meşəli, Ağdaban kimi soyqırımları yaşadıblar. Ona görə də heç nə olmamış kimi birgə yaşamaq bizim üçün asan olmayacaq. Çünki bu ağrılar həmin vəhşilikləri yaşayanların yaddaşında təzədir.
Bunun üçün müəyyən adaptasiya işləri aparılmalıdır. Bu isə xeyli vaxt tələb edir. İlk növbədə ermənilər arasında bir tövbə, törətdikləri vəhşiliklərə görə etiraf prosesi getməlidir. Əks halda, bu sözügedən dostluq çox çətin olacaq”.
Azər Qaraçənli: “Sonrakı nəsillər üçün bu, bir qədər asan qəbul olanacaq”
“Mediaforum” saytının baş redaktoru Azər Qaraçənlinin fikrincə, hazırki halda iki millətin bir yerdə yaşamasından söhbət gedə bilməz:
“Torpaqlarımız işğaldan azad edilməmiş, düşmənçilik aradan qaldırılmamış bu dostluqdan danışmaq olmaz. Kənar gözlə baxsaq, bu mümkündür. Lakin yaxınlarını itirmiş bir adam üçün qəbulolunmazdır. Bu baryeri aşmaq yaşlı nəsil üşün bir qədər ağır olsa da, sonrakı nəsillər üçün bu, bir qədər asan qəbul olanacaq. Tarixdə də belə faktlar çoxdur. Bu gün azərbaycanlılarla ermənilər Rusiyada birgə ticarət edir, birlikdə normal yaşayırlar. Sadəcə olaraq hər iki xalq arasında süni düşmənçilik yaradanlar var”.
Gültəkin Ələsgər