
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonundan olan jurnalistlər Rusiya prezidenti Vladimir Putinə və İranın dini rəhbəri Seyid Əli Xamneyiyə məktub yazıblar.
Bu barədə Modern.az saytına “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal məlumat verib.
Jurnalist hər iki məktubun tam mətnini saytımıza təqdim edib.
Kəlbəcərli jurnalistlərin Vladimir Putinə və Seyid Əli Xamneyiyə yazdıqları məktubu olduğu kimi təqdim edirik.
İran İslam Respublikasının Ali Dini Rəhbəri Seyid Əli Xamneyiyə
Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonundan olan jurnalistlərin
Müraciəti
Hörmətli cənab Seyid Əli Xamneyi!
Sizə doğma ana dilimizdə müraciət etməyimizin bir səbəbi var. Hesab edirik ki, biz dərdlərimizi yalnız uca Tanrının bizlərə birgə bəxş etdiyi dilimizdə çatdırmaqla anlaya bilərik.
Bizim doğulub boya-başa çatdığımız Kəlbəcər rayonu 1993-cü il aprel ayının 2-də xarici dəstək sayəsində Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində yüzlərlə dinc müsəlman əhali qətlə yetirilib, girov götürülüb, on minlərlə insan doğma yurdundan didərgin düşüb. Eyni zamanda, yüzlərlə maddi mədəniyyət nümunəsi, müqəddəs ocaqlar, məscidlər dağıdılaraq məhv edilib. İşğalçı ermənilərin məscidlərimizdə mal-qara, həmçinin donuz saxlamasına dair özləri tərəfindən çəkilərək yayılmış fotoşəkillər işğalın gerçək mənzərəsini özündə əks etdirir.
Kəlbəcər rayonunun işğalından 19 il ötür. Ermənistan isə xarici havadarlarının dəstəyinə arxalanaraq Kəlbəcəri, həmçinin, işğal etdiyi digər Azərbaycan torpaqlarını azad etməyə tələsmir. Çox təəssüf ki, Ermənistana bu dəstəyi verən dövlətlər içərisində milli, dini, tarixi, mədəni baxımdan Azərbaycana ən yaxın ölkə hesab olunan İran İslam Cümhuriyyəti də var. Bu acı fakt hər bir azərbaycanlının, hər bir müsəlmanın ürəyini göynədir.
Dövlətlər və ya hökümətlər arasında problemlər ola bilər. Lakin bu, doğma qardaş-bacılarına müsibətlər yaşatdıran işğalçı bir dövlətə hərtərəfli yardım etməyə əsas vermir. İran İslam Cümhuriyyətinin Azərbaycan xalqının etimadını və sevgisini qazanmasının yalnız bir yolu vardır: İşğalçı Ermənistana layiq olduğu münasibəti bəsləmək. Bunun örnəyini Türkiyə Cümhuriyyəti və Pakistan İslam Respublikası ortaya qoyub.
Hörmətli cənab Seyid Əli Xamneyi!
Biz Kəlbəcər rayonundan məcburi köçkün olan bir qrup mətbuat nümayəndəsi bu səmimi müraciətimizdə Sizdən tezliklə Azərbaycan torpaqlarını işğaldan azad etməsi üçün Ermənistanla bağlı təsirli tədbirlər görməyinizi, onunla hər cür əlaqələrin dayandırılmasına göstəriş verməyinizi istəyirik.
İnanırıq ki, belə bir qərar həm ulu əcdadlarımızın ruhuna, bizi birləşdirən çoxsaylı dəyərlərə ehtiram olacaq, həm də İran dövlətinin həqiqi İslam qardaşlığına öz töhfəsini verəcək.
Sizdən bu tarixi qərarı gözləyirik.
Rusiya Federasiyasının prezidenti seçilmiş Vladimir Putinə
Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonundan olan jurnalistlərin
Müraciəti
Hörmətli cənab Prezident!
Bizim doğulub boya-başa çatdığımız Kəlbəcər rayonu 1993-cü il aprel ayının 2-də Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində yüzlərlə dinc sakin qətlə yetirilib, girov götürülüb, on minlərlə insan doğma yurdundan didərgin düşüb.
Kəlbəcər rayonunun işğalından 19 il ötür. Ermənistan isə xarici havadarlarının dəstəyinə arxalanaraq Kəlbəcəri, həmçinin, işğal etdiyi digər Azərbaycan torpaqlarını azad etməyə tələsmir. Təəssüf ki, Ermənistan hakimiyyəti işğalçılıq siyasətini davam etdirməkdə daha çox Rusiya Federasiyası dövlətinə arxalanır. Rusiyanı arxasında hiss etmədiyi gün Ermənistanın müharibə olmadan belə işğalçılığa son qoyacağı şübhəsizdir.
Bu gün Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinin həllində başlıca söz sahibi olmasını demək olar ki, bütün dünya qəbul edir. Eyni zamanda, Azərbaycan ictimaiyyətində də bu fikir hakimdir.
Hörmətli cənab prezident!
Biz Kəlbəcər rayonundan məcburi köçkün olan bir qrup mətbuat nümayəndəsi Sizə növbəti prezidentliyiniz dönəmində uğurlar arzulamaqla bərabər, ikinci prezidentliyinizin ilk dövründə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün Ermənistan barədə lazım olan təsirli tədbirləri görəcəyinizə inanmaq istəyirik. Elə prezident seçkisində Rusiyadakı Azərbaycan diasporasının yekdilliklə Sizə səs verməsinin arxasında da məhz bu inam dayanır.
Sizin simanızda Rusiya dövləti bu tarixi və ədalətli addımı atmaqla həm dünyadakı nüfuzunu yüksəltmiş olacaq, həm də Qafqazda Azərbaycan kimi səmimi etibarlı və güclü bir müttəfiq qazanacaq.
Sizdən bu tarixi qərarı gözləyirik.
Hörmətlə,
Elşad Eyvazlı - Parlament Jurnalistləri Birliyiin sədri, “Modern.az” saytının baş redaktoru
Aqil Camal - “Türküstan” qəzetinin baş redaktoru
Bəxtiyar Səlimov – ATV televiziyasının əməkdaşı
Pərviz Həşimli - “Bizim Yol” qəzetinin əməkdaşı
Zülfüqar Hüseynli – “Hürriyət” qəzetinin əməkdaşı
Etibar Seyidağa - “Yeni Müsavat” qəzetinin əməkdaşı
Hikmət Əsgərov - TTV-nin (Turkel Tv) baş direktorunun müavini
Şahin Əliyev - “Üç Nöqtə” qəzetinin redaktoru
Xalid Kazımov - “Üç Nöqtə” qəzetinin əməkdaşı
İlham Məmmədli – “Bütöv Azərbaycan” qəzetinin redaktoru
Ələmdar Cabbarlı – “Bizim Söz” qəzetinin baş redaktoru
Elxan Salahov – “Həftə içi” qəzetinin redaktoru
Məktublar bu gün saat 12:00-da İranın, 13:00-da isə Rusiyanın ölkəmizdəki səfirliklərinə təqdim olunacaq.
Modern.az