Böyüməkdə olan nəsldə gedən cılızlaşmanı hər kəs təsdiqləyir. Məktəbyaşlı uşaqlarda boy artımından tutmuş, fiziki aktivliyin azalması, çəki azlığı müşahidə olunur. Bu həm sağlamlıq, həm də xarici görünüşə kifayət qədər xələl gətirir.
Yaşlı nəsildən fərqli olaraq indiki nəslin daha alçaqboylu olmasını bir çox amillə izah edən Azərbaycan Tibb Universitetinin Qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədov əsas rolu yeni dünyaya gələn uşaqların ana südündən məhrum olmalarında görür:
“Uşaqlarda boy artımında ana südü əvəzolunmazdır. İlkin dövrdə körpələrin ana südündən məhrum edilmələri bədənin immun sisitemini zəiflədir, orqanizmin sonrakı inkişafında müəyyən nöqsanlara səbəb olur. İndiki halda uşaqlar ana südünü natamam aldıqlarından istər boy artımı, istərsə də fiziki aktivlik aşağı olur. Boyun inkişafdan qalmasına təsir edən amillərdən biri də heyvan mənşəlli qidaların qəbul olunmamasıdır. Azyaşlı uşaqların qida rasionunda ət, ağartı və dəniz məhsullarından istifadə olunmaması onların boy inkişafına da təsirsiz ötüşmür. Məsələn ən hündürboylu insanlar Pribaltika ölkələrindədir. Təbii ki, bu, onların qidalarında daha çox dəniz məhsullarına üstünlük vermələrindədir. Valideynlər uşaqlarda bu məhsullara meyillilik yaratmalıdırlar. Qidalanma rejimi ilə yanaşı təmiz havada olmamaq, lazımi qədər gün şüası qəbul etməmək də boyun inkişafdan qalmasında əsas amildir”.
Gələcəkdə bu cılızlaşmanın daha da artacağını bildirən İ. Əhmədov uşaqlarda boydanqalmanın irsi faktorlarla da bağlı olduğunu da söylədi.
Tibb Universitetinin professoru, həkim Aqil Qeybulla indiki nəsildəki bu dəyişikliyin bir səbəbini də qohumluq nigahlarında görür: “Qohumlar arasındakı evliliklər gələcək nəslin anatomiyasında müxtəlif dəyişikliklər yaradır. Həmçinin bir çox xəstəliklərin də yaranmasına səbəb olur. İlk növbədə problemin kökündə duran qohumluq nigahları azaldılmalıdır. Bununla yanaşı müəyyən xəstəliklərin kökünün kəsilməsinə çalışmalıyıq. Məsələn, hazırki dövrdə daha çox yayılan tallassemiya xəstəliyinin dövlət proqramı ilə tamamilə yox edilməsi mümkündür. Bunun üçün tallassemiya daşıyıcıları ilə yanaşı bəzi sümük xəstəlikləri olan insanların hamiləlik dövrü nəzarət altına alınmalıdır. Milli genafondun qorunması üçün dövlət proqramına ehtiyac var”
Qida maddələrinin də burada az rol oynamadığını deyən A.Qeybulla yetişən nəslin daha çox yağlı, ayaqüstü yeməklərə üstünlük verməsindən də şikayətləndi: “Yağlı, ayaqüstü yeməklər çəkinin artmasına səbəb olur bu da son nəticədə boyun alçaqlaşmasına gətirib çıxarır. Xaricdən gətirilən geni dəyişdirilmiş qida məhsulları da xarici görünüşə və sağlamlığa təsirsiz ötüşmür. Bu da istər-istəməz genin dəyişməsinə səbəb olunur”
Gültəkin ƏLƏSGƏR