
“Sadə peşəkarlar” rubrikası üçün tapdığım növbəti müsahibimin səhhətində qəfil nasazlıq yarandı. Mənim isə vaxtım yox idi, təcili material hazırlamalı idim. Bu dəfə də əklif redaktordan gəldi: “Eybi yoxdur, qoy o qalsın gələn həftəyə, bu dəfə metronun “Nərimanov” stansiyasının çıxışındakı açar ustası olsun qonağın”. Beləliklə, tapşırıq verildi, düzəldim yola.
Təsəvvürümdə elə canlandırmışdım ki, qarşıma əyninə işçi önlüyü geyinmiş, əlləri, paltarı iş görərkən dəmir-dümürün pasına bulaşmış yaşlı bir adam çıxacaq. Yaxınlaşdım açardüzəlmə budkasına ki, bəs burda açar ustası kimdir? Orta yaşlı bir kişi dedi odur. Düzünü desəm bir az çaşdım, təsəvvür elədiyim obrazla qarşımda gördüyüm adam fərqli idi.
Çünki bu qıvrım saçlı, bir az da qırmızısifət adamın əynində işçi önlüyü yox, zolaqlı kostyum, barmağında isə pas əvəzinə qızıl üzük, qolunda da qızılı rəngdə saat var idi. Açar ustası Bəylər necə deyərlər əsl bəy kimi geyinib-geçinmişdi.
*** *** ***
Elə ilk söhbətimiz peşə seçimindən başladı.

“Gərək insan həyatda iki şeyi seçəndə yüz ölçüb bir biçsin. Birincisi ailə həyatı quracağı şəxs, ikincisi isə peşəsi-sənətidir. Çünki hər ikisi insanın ölənə qədər yanında olur. Peşə seçəndə adam gərək onu nəinki sevsin, hətta ona aşiq olsun”- müsahibim söhbətə bu sözlərlə başladı.
O, məndən soruşanda nə üçün bu peşəni seçmisən dedim ki, maraqlıdır, daim yeni-yeni insanlar çıxır qarşıma. Qarşılığında isə özü belə dedi: ”Məncə bizim sənətdə yenilik sizinkindən çoxdur. Bizə cürbəcür adamlar müraciət edir, dəlisindən tutmuş ağıllısına qədər. Amma buna baxmayaraq, məni cavan saxlayan elə bu sənətimdir. Çünki həvəsliyəm. Maraq olmasa, öyrənmək olmur. Qohumlardan gəliblər ki, onlara da öyrədim, görmüşəm ki, maraqsız yanaşırlar bu işə, demişəm ay bala, bu sənət sənlik deyil”.
* ** * ** ***
Usta ilə söhbət edərkən onun mənə etdiyi bir müraciət forması xüsusilə diqqətimi çəkdi. Dedim ki, Bəylər dayı sizə heç tanınmış adamlar müraciət edibmi?

Cavab verərkən mənə ”Ayə, niyə olmuyuf” deməsinə yaxşı mənada özümü gülməkdən güclə saxladım. Nitqindən başa düşdüm ki, ustamız şəhər adamlarından deyil. Doğurdan da belə imiş, Bəylər Məmmədov əslən Gürcüstandan - Borçalıdandır.
“Dmanisi rayonunun Hamamlı kəndində anadan olmuşam. Elə uşaq vaxtından cəld, qoçaq idim. Polis olmağı arzulayırdım. Hətta oldum da. Düz 6 ay Gürcüstanda bu vəzifədə işlədim. Amma gördüm ki, alınmır eee... Gərək gürcülərin dediyi kimi hərəkət edəydim, o da məndə alınmadı. Elə ona görə də o işi buraxıf, Rusiyaya getdim. Orada İvan İvanoviç adlı rusdan bu sənətin sirlərinə yiyələndim. İlk müəllimim bax o rus olub. Hal-hazırda 48 yaşım var. Həyatımın 20-25 ilini bu sənətlə birgə keçirmişəm. Deyim ki, bizim nəsil sənətkar nəslidir. Hərənin bir sənəti var. Elə mənim özüm açarçılıqdan əlavə, hörgü, suvaq işlərini də pis bilmirəm. İndi Nizami rayonunda yaşayıram. Amma iş obyektlərim müxtəlif yerlər olub. “Neftçilər”, “Xalqlar dostluğu”, nəhayət ki, “Nərimanov” metrostansiyasının yanı.
*** *** ***
“ Mənim üçün açılmayan qapı yoxdur. Doğrudur, elə “zamok” var ki, 5 dəqiqəyə açıram, eləsi də var ki, 5 saat üzərində işləmişəm. Ən çətin açdığım qapı isə “lazerniy zamoku” olanlardır ki, bir hissəsini sındırmaqla açırıq. Çünki, Türkiyədən gəlir, kefiyyətli olur. Bunun üçün gərək barmaqlarda hiss eliyəsən ki, necə açmaq lazımdır. Azərbaycana gətirilən materiallar içərisində Türkiyədən gətirilənlər xüsusilə kefiyyətinə görə fərqlənir. Ən kefiyyətsiz materiallar isə Çindən gətirilir, çünki oradan kefiyyətli material gətirmək bizim alverçilərə sərf eləmir .Elə bu səbəbdən də həmin materiallardan hazırlanmış açarlar, “zamoklar” tez sınır, xarab olur. İrandan da gətirilənlər də həmçinin”.

Usta Bəylər deyir ki, materialından aslı olaraq müxtəlif qiymətlərə açarların üzünü çıxardır.
”Əgər “zamok” 120 manatlıq olarsa, əlbəttə ki, onun açarını da 20 manata çıxardacam. Amma elə açar da var ki, 1 manata başa gəlir. Qapılar da eynən, 10 manata da açaram, 150 manata da.
Deyim ki, insanlar fikirləşir ki, “Avropa qapıları”dırsa, bu daha təhlükəsizdir. Yox, belə deyil. İstər “Avropa” və istər bizim qapılar, “zamok”un birini aşdınsa neçə yerdən bağlamısansa, hamısı avtomtik açılacaq.
Biz açar ustaları “rayotdel”də və “qorotdel”də uçotdayıq. Bakı şəhər Baş Polis İdarəsi bizə başa salıb ki, harda necə hərəkət etmək lazımdır. Çünki dövlət obyektlərinin, tanınmış vəzifəli adamların seyflərini açıram. Daha çox isə ədliyyə polisləriylə çalışıram”.
Ustanın sözlərinə görə, hər işdə olduğu kimi, bu sənətdə də adam həm məzəli, həm də təhlükəli hadisələrlə qarşılaşır. ”Bir dəfə bir qadın gəldi ki, qapını açmaq lazımdır. Mən də qonşulardan soruşdum, dedilər doğurdan da həmin evdə yaşayır. Elə qapını təzəcə açmışdım ki, qarşımda hündürboylu yekəpər bir kişi peyda oldu. Məndən soruşdu ki, sən kimsən? Dedimki, mən ustayam, məni bu xanım çağırıb. Elə bu sözü deməyi gördüm. Kişi qadına elə bir yumruq vurdu ki, sanki xanımı iki nəfər qaldırıb zərblə çırpdılar yerə. Sonra başladılar davaya. Mən də heç nə anlamır, durub baxıram. Məlum oldu ki, kişi polkovnikdir, qadının həyat yoldşıdır. Sən demə bunlar məhkəmə olmadan ayrılıblarmış, kişi də bunu çölə atıb, qapının da “zamok”unu dəyişdirib. Sonra qadın məndən üzr istədi və pulumu verdi, tez oradan çıxdım. O hadisədən sonra məni çağıranda qonşulardan hər şeyi ətraflı soruşuram, sahə rəisini çağırıram. Bəlkə biri qarət məqsədi ilə açdırır qapını”.
Usta Bəylər başına gələn daha bir neçə maraqlı hadisə danışdı:

”Növbəti belə təhlükəli məqam isə ədliyyə polisi bir qaçqın ailəsini məhkəmənin qərarı ilə tutduğu evdən çıxrarkən baş verdi. Qadın biz qapını açarkən “solyarka”nı əlində saxlamışdı ki, qapı sındırılsa, özünü yandıracaq. Eləki qapını açdıq, o “solyarka”nı özünün deyil, mənim üstümə tökdü. İndi fikirləşirəm ki, anam namaz üstündə imiş, “solyarka” əvəzinə daha da zəhərli maddələr tökə bilərdilər üstümə.
Bir dəfə də evi girov qoyulan bir şəxsi məhkəmənin qərarı ilə mənzildən çıxartmaq lazım idi. Polislər məni çağırdılar, qapını açmağa getdim. Qapını açmağa çalışanda məlumj oldu ki, evin kişisi əlində bıçaq dayanıb qapının arxasında. Bir təhər qapını açdım, kişini də dilə tutub sakitləşdirdik. Sonra həmin şəxs mənə dedi ki, “səni bıçaqlamaq istəyirdim ki, niyə qapını açırsan”.
Usta Bəylər deyir ki, bəzi hallarda özü qapını açdığı zaman təsadüfən “zamok”u korlayıb, bir dəfə hətta buna görə, 400 manat ziyana düşüb.
“Bu cür hallarda deyə bilməzsən ki, sən təhlükədən uzaqsan. Bu yaxınlarda gördüm ki, bir şəkili kişi gəlib durdu budkamın qarşısında, əlində də bıçaq. Bıçağı da elə oynadır ki, elə bil təsbeh çevirir. Mənə baxaraq başladı ki, “burdan qan çıxacaq, ya da bu açar pulsuz düzəldiləcək”. Dedim “Allah xatirinə beşini düzəldirəm, təki götür çıx get buradan, xatanı məndən uzaq elə””.
*** *** ***
Usta öz istəyilə təqaüdə çıxanlardandır. Deyir ki, vaxtına çox qamayıb, yuxarısı bir-iki il.
“Çünki bu sənətlə məşğul oldunsa, gərək iti gözlərin olsun. Açarın dillərini kəsərkən, ölçünü zərgər dəqiqliyi ilə görməlisən. Mən isə istirahət etmək istəyirəm. Hava soyuq və ya çox isti olanda yerim yaxşı olmadığına görə çətin olur mənə. Doğrudur, bu sənət məni illərdi dolandırır. Elə olur ki, ayda evə 500-600 manat pul aparıram orta hədlə. Pis yaşamıram”.
*** *** ***

Sən demə istirahət etmək istəyən usta Bəylər öz sənətini hər adama öyrətməyə də ürək eləmir.
”Fikirləşirəm ki, tanımadığım, qohumluğum olmayan adama öyrədərəm, gedər birdən oğurluq eləyər, zəhmətimi puça çıxardar. Ona görə də iki nəfər ən yaxın qohumuma öyrətmişəm. Hətta oğlum da yaxşı bilir bu sənətin sirlərini. İstəmədi bu yolla getməyi. Hal-hazırda polis işləyir. Digər övladım isə qızdır. Bu sənət ona uyğun deyil. Çünki bu iş kişilər üçündür. Mənim isə nə həvəsim, nə də vaxtım var daha kimisə öyrətməyə. Qoy öyrətdiklərim də başqalarını öyrətsinlər”.
*** *** ***
Müsahibim deyir ki, aşıq havalarının vurğunudur: ”Aşıq Ədalətdən tutmuş aşıq Zülfüyəyə kimi hamısının kassetlərini saxlayıram maşınımda. Düzünü desəm, kitab oxumağnan çox da aram yoxdu. Amma Qaçaq Nəbini, Qaçaq Kərəmi, Koroğlunun dastanlarını sevə-sevə oxumuşam. Filmlərdən isə yalnız köhnə Azərbaycan kinolarına baxıram”.
*** *** ***

Hər bir insan kimi bu ustanın da arzuları var. Ancaq arzulayan bu ürəkdə həm ağrı həm nifrət, nisgil, həm də ümid var.
”Mən material üçün Rusiyaya getmişdim. Orada erməni ustası da var idi. Ona dedim ki, biz gec-tez Qarabağı işğaldan azad edəcəyik. Müharibəni udacayıq. O isə mənə dedi ki, “siz bizdən bircə qarış torpaq alın, ondan sonra deyərsiniz ki, müharibəni udacayıq”. Bu ağır söz illərdir ki, ürəyimdə xəncər yarası kimi qalıb. Qarabağda bir azərbaycanlının evinə açar düzəltsəm, qapısını açsam, sonra ölsəm də bu dünyadan nigaran getmərəm. Mənim ətimi doğram-doğram kəssələr, səsim çıxmaz. Kövrək adamam, görəndəki millətimin bir nümayəndəsi beynəlxalq yarışlarda birinci yerə çıxıb, gözümnən yaş gilə-gilə tökülür”.
Usta Bəylərlə söhbəti yekunlaşdıranda dedi ki, şəhidlərimizin ruhu naminə ehsan verməyi də unutmur: “İstər 20 yanvar, istərsə də 26 fevral günü... Qənd, çay alıb ehsan kimi paylayıram. Novruz və Qurban bayramında isə bir neçə saat işləyib götürmürəm. Əlil insanlarımızdan da heç vaxt götürmürəm. Düşünürəm ki, millətimiz bir-birini gürcü xalqı kimi sevməlidir. Əks halda bizi-bizdən başqa heç kim sevməz”.
Belə... Bu da daha bir sadə peşəkarla söhbətin sonu. Çalışdım ki, təqdim etdiyim yazıdan oxucuya nəsə qalsın...
Şahanə Rəhimli