Modern.az

Soysuzlar başımızın üzərinə çıxanda…

Soysuzlar başımızın üzərinə çıxanda…

Ölkə

7 May 2012, 09:09

Hər kəs ətrafdakıları özü kimi görər. Xalq deyimimizdə deyildiyi kimi, hamını öz arşını ilə ölçər. Özü avara olan elə bilər ki, hamı avaradır, yaxud da avara olmalıdır. Özü əxlaqsız olan da elə bilər ki, hamı belədir. Tərbiyəsiz də eynən, yalançı da. Şərəfsiz, vicdansız, imansız da onlar kimi. Bir sözlə, insanların hamısında elə bir əbədi gen yapısı var ki, hamı ətrafdakılara öz xarakteri açısından baxar.

Yalançı, haramzada, fırıldaqçı olan birisinə sən heç cür sübut edə bilməzsən ki, doğru danışır, doğru davranırsan. Çünki onun standartlarında doğru danışmaq, doğru davranmaq deyə bir şey yoxdur. Ona görə, bir insan bir söz danışırsa, mütləq yalan danışır. Belələri elə düşünər ki, ümumiyyətlə insanlar yalançıdır və yalançı olmalıdır. Axı özü anadangəlmə, genoloji olaraq belədir.

Və belə ünsürlərə bir insan özünü anlada bilməyəndə nə deməyə söz, nə də eləməyə hərəkət tapır. Sən doğru, dürüst birisi olduğun üçün bu ünsürlərin ən adi yalanı qarşısında belə əlin-ayağın tutulur, dilin söz tutmur və gücün yalnız özünə çatır. Çünki onlar kimi yalan deyə bilmirsən, onlar kimi yalandan and içə də bilmirsən. Hələ onlar kimi bir yalan söz söyləmək sənin üçün ən böyük şərəfsizlikdir. Sənin kimilər onlardan fərqli olaraq yalan danışmağı küçələrə düşüb əxlaqsızlıq etmək qədər aşağılıq bir iş bilir. Ancaq onlar bunun fərqində ola bilmirlər. Çünki yapıları, təməlləri, soy-kökləri, əsil-nəcabətləri bunu dərk edəcək dürdən deyildir. İndi bizim başımızın üzərinə çıxanların çoxu belə soysuzlardır…

Azərbaycan inkişaf edir. Hər şey göz qabağındadır. Avropa standartları hər gün yeni bir şəkildə həyatımıza daxil olur. Mediada, təhsildə, iqtisadiyyatda, mədəniyyətdə Avropaya ayaq uydurmağa çalışırıq. Və bu bəhsə-bəhsdə hər kəs bacardığı qədər Avropanın yaxşılarını ölkəmizə gətirməyə çalışır. Bəzi insanlarımız, özəlliklə də yeni nəsil gənclərimiz Avropada Azərbaycanı yaxşı mənada tanıtmaq üçün əlindən gələni edir. Və yetərincə uğurlar da qazana bilir…

Bizimsə yolumuz başqa yönədir. Turana, Türküstana doğru. Gecəmiz, gündüzümüz, hər anımız bu yola xərclənir. Ailəlikcə, əlimizdən gələni edirik ki, millətimizin və dövlətimizin başı hər yerdə uca olsun. Avropada da, Türküstanda da, dünyanın hər hansı başqa bir bucağında da.

Çalışmalarım gərəyi mən tez-tez səfərlərdə oluram. Çox faydalı görüşlərim, ziyarətlərim, söhbətlərim olur. Bunların hamısı yenə də Azərbaycan adına, Azərbaycan üçün, uca millətimiz üçündür. Şəxsim üçün bu günə qədər heç bir səfər etmədim və nə zamansa etmək haqqında düşünmürəm də. Elə olsaydı bu qədər səfərlərimdən biri də hansısa turist bazasına, sanatoriyaya (ki, buna çox ehtiyacım var) olardı. Olmayıb, olması da nəzərdə tutulmur.

Vətəndən ayrılanda həmişə yurdda qoyub getdiklərimi də düşünürəm. “Onların durumu necə olacaq, problemləri olarsa kim həll edəcək” kimi suallar həmişə məni rahatsız edir. Ancaq Allaha şükürlər olsun ki, heç bir səfərim zamanı əzizlərimin ciddi bir problemlə üzləşdiyi olmayıb.

İndi də səfərdəyəm. Və deyəsən, bu dəfə problemimiz var. Təəssüflər olsun ki, əlbəttə.

Yuxarıda axı Avropa standartlarından danışdıq. Azərbaycanı sevdiyinə, Azərbaycan üçün ürəkdən çalışdığına qətiyyən şübhə etmədiyim çox perspektivli bir Azərbaycan gənci bir müddət öncə bəlli bir sahə üzrə Avropa standartları çərçivəsində bir işə başladı. Texniki təchizatı ən yüksək səviyyədə olan bu iş üçün bizim yaxınlarımızdan da yardım istənildi. Bir az düşündükdən sonra “olsun” dedik. Oldu da. İş başladı. Həm də ilk gündən bəlli oldu ki, bu gəncin o qədər zəhmətini işi etibar etdiyi iki tüllab əməlli-başlı bazara çeviribmiş! Guya işə götürdüklərinin hamısını müsabiqədən keçiriblərmiş. Sonra bəlli oldu ki, heç də hamı bu müsabiqəni keçməyib. İddia etdilər ki, işə götürülənlərin hamısı bilgisayarla əla davranırmış. İşin icrası zamanı aşkar olundu ki, bu “bacarıqlı” kadrlardan bir xeylisi bilgisayarı az qala ilk dəfə burda görürlərmiş. Və bunun ardından o da bəlli oldu ki, “müsabiqə”dən keçən işçilərin bir xeylisi təəccüblü şəkildə işi təşkil etməli olanların dost-tanışı, yaxınları imiş. Özü də bunların bir qismi ən adi davranış qaydalarını bilməyən, böyük-kiçik tanımayanlardır. Bütün bunlara bir müddət dözüb sonunu gözləməyə başladıq. Kaş ki, gözləməsəydik. Elə ilk gündən uzaqlaşsaydıq bu özünübilməzlərin arasından…

İndi mən Azərbaycandan minlərlə kilometr uzaqdayam. Çox müqəddəs bir missiya üçün gecəli-gündüzlü çalışıram. Həvəslə, yorulmadan çalışıram. Buna görə kimsənin nə zamansa mənə mükafat verəcəyini də düşünmürəm. Çünki bu çalışmalarım illərlə davam etsə də bu günə qədər kimsədən bir dəstək görmədim və gözləmədim də. Sadəcə olaraq, “qoyub gəldiklərimin problemləri olmasın, yetər” dedim.

Bəlli olur ki, bu dəfə problemləri varmış. Atılan bir şər, atılan bir böhtan üzündən Avropa standartlarını Azərbaycana tətbiq etməyə hesablanmış bir iş yerinə tüpürərək oradan ayrılmaq zorunda qalıb arxada buraxdıqlarım. Sir-sifətindən, hərəkətlərindən mavilik yağan dünənki gədənin iki gündən bir uydurduğu yalanlar, böhtanlar və rəhbərliyin də həvəslə bunlara inanmaq istəyi üzündən illərin təcrübəsini, uğurlarını çiyinlərində ləyaqətlə daşıyan birisi daha orada qala bilməyib. İndi gəl də bundan sonra Azərbaycandan belə arın-arxayın ayrıl görüm, necə ayrılırsan.

Bura sözün bitdiyi yerdir. Yuxarıda yazdıqlarıma şərh vermək istəməzdim. Sadəcə olaraq Avropa standartlarını Azərbaycana tətbiq etmək istərkən bu qədər aldadılmağa dözən gəncin zəhmətinə heyfim gəldiyini ifadə edirəm. Avropa standartlarına uyğun təchizat əldə etmək çox asandır. Di gəl ki, sənin işlərini Avropa standartlarında icra edəcək adamlar tapmaq çətindir. Beləsi olanda da onu bu cür şər-böhtanla bezdirirlər ki, özləri kölgədə qalmasınlar. Qalanını da oxucuların öhdəsinə buraxaq…

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı