Modern.az

Bir nazirin monoloqu

Bir nazirin monoloqu

Ölkə

16 May 2012, 12:58

(Parodiya)

Pay atonnan! Bu nə qəliz mətndi əə. Yüz dəfə demişəm bu donqiliyə ki, yazanda erməni budaq cümlələri ilə yazma, çox elmi, siyasi, iqtisadi terminologiyadan istifadə eləmə. Həm çoxunu başa düşmürəm, həm də tələffüz edə bilmirəm. Sonra jurnalistlər başlayırlar məni lağa qoymağa ki, bu adam kolxoznikdir, niyə nazir işləyir.

Bu adamı qohumdu deyə işə nahaq götürdüm, bilsəydim küçədə işsiz qalan savadlı kardlardan birini götürərdim. Bunu da başqa nazirliyə düzəldərdim qarşılıqlı razılıq əsasında. O nazirin də bir qohumunu mən götürərdim işə, qurtarıb gedərdi, heç kim də deyə bilməzdi ki, biz qohumbazlıq edirik...

Tərs kimi bu beynəlxalq konfrans çox ciddi mövzudadır, bütün dünyanın diqqəti burda olacaq. Yaxşı tutaq ki, çıxışın mətnini birtəhər oxudum, amma fasilədə jurnalistlər cumacaqlar üstümə, “şpitilni” suallar verəcəklər. Gəl indi vəziyyətdən çıx. Nə ola ağzından bir “quş” buraxasan. Pay atonnan... Bir həftə mətbuatda gündəmdə saxlayıb rüsvay edəcəklər məni.

Bunlar məni qaralayıblar elə, qəzetdə jurnalda yazırlar ki, bəs 15 ildən çoxdur nazir işləyirsən, artıq qocalmısan, çıx pensiyaya, qoy bir az da gənclər işləsin. Mən ölüm, heç hənanın yeridir?

Əvvəla, məndən də çox nazir işləyən adamlar var, onlara niyə demirsiniz? İkincisi, qoca nöş oluram, Məşədi İbadın sözü olmasın, min cavana dəyərəm. Üçüncüsü də ki, hansı kopayoğlu könüllü şəkildə belə vəzifədən imtina edər?

Bəzi qəzetlər yazırlar ki, bəs bunun filan yerdə villaları, bahalı maşınları, böyük şirkətləri var. Hələ çoxunu bilmirlər ha, Hind okeanındakı şəxsi adadan, təyyarədən və yaxtadan xəbərləri yoxdur, gör onları da öyrənsələr nə qalmaqal salarlar.

Ay balam, nə istəyirsiniz məndən? İndi Sovet vaxtı deyil ki, nazir gedib adi proletariatla eyni binada yaşasın, ictimai nəqliyyatdan istifadə eləsin, eyni restoranda nahar eləsin, eyni sanatoriyada dincəlsin filan.

Bunlara bax haa, mən ölüm, guya mənim uşaqların bunlarınkı ilə eyni baxçada, məktəbdə, universitetdə təhsil, tərbiyə almalıdir, bunlar kimi metroya zada minməlidir, ucuz produkt, təhlükəli zavod çörəyi yeməlidir. Ay siz öləsiniz...

Sovet hökuməti elə buna görə dağıldı də. Hərə öz yerini bilməlidir, yoxşa fəhlə də özünü insan saydı daha nə oldu? O vaxt adi əkinçi, zəhmətkeş hüququ pozulan kimi Moskvaya bir məktub yazırdı adamın anasını ağladırdılar. Proletariat diktuturası, yox bir...

Gedim kostyum kolleksiyama baxım görüm bir əməlli şey tapa bilirəmmi. Andıra qalmış bir deyil, iki deyil, 50-dən çoxdur. Bax bu “Pyer Kardin” xoşuma gəlir, keçən dəfə Parisdən 15 minə almışdım, o birilərə baxanda elə də bahalı deyil, amma çox yaraşır mənə.

Bu arvad da məni lap boğaza yığıb. Həftə səkkiz, mən doqquz xarici səfər davası döyür. Evdə axtardığımı da tapa bilmirəm. Qısqandığından özü burda olmayanda qulluqçuları da buraxır evlərinə ki, birdən...

Əsəbiləşdim ee lap, yaxşısı budur, bir siqar çəkim. Yaxşı ki, keçən dəfə Kubadan dənəsi 50 dollardan gətirtdiyim siqardan qalıb, görüm hara qoymuşam... Deyəsən, 4-cü mərtəbədəki kabinetimdə qalıb. Ev də ev deyil, Allah göstərməsin, elə bil oteldir, eni-uzunu-hündürlüyü bilinmir. Arvad evdə olanda liftlə çıxmağa qoymur ki, hərəkət elə, şişirsən getdikcə. Yaxşı ki indi evdə yoxdur, yorulmuşam ey, gərək liftlə çıxım.

Öz aramızdı, yaşlanıram haa, daha işləməyə də taqətim qalmayıb. İşləmək deyəndə onsuz da elə sən deyən işləmirəm. O gün prezident müşavirədə abrımı ətəyimə bükəndən sonra, düşündüm ki, lap ağını çıxarmışam.

İclasda görəydiniz, mən tər tökəndə, o birilər necə sevinirdilər. O qədər göz dikən var ki yerimə. Söz verdim ki, nöqsanları tezliklə düzəldəcəm, indi gərək başlayım doğru-düzgün işləməyə.

Nə isə, daha gecdir, düşüm zirzəmidəki saunada bir az istirahət eləyim, sonra yatım. Mühafizəçi və xidmətçi dəstəsinə də gərək tapşırım səs eləməsinlər. Bu neçə hektarlıq bağda neçə yüz nadir heyvan növü var, amma gör birinin səsi çıxırmı, amma o delfinlə krakadil lap həyasızdırlar, yaman səs salırlar, başıma düşür.

Arvad elə bil burda zoopark açıb. Nə qədər adam acından ölür dünyada, biz bunlara nələr yedirdirik, o dünyada dərimə saman təpəcəklər. Bir dəli şeytan deyir, hamısını sat, puluna yoxsullara yardım elə, xəstəxana tik, məktəb aç. Amma onda da qonaq-qara yanında biabır oluram, prestijim aşağı düşür...

Nə isə, yuxum gəlir... bu məsələni konfransdan sonra bir yaxşı fikirləşərəm...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı