Modern.az

30 il əvvəlin tələbələri ilə indiki tələbələrin fərqi

30 il əvvəlin tələbələri ilə indiki tələbələrin fərqi

Ölkə

6 İyul 2012, 12:27

“Xatırlayıram, bizim vaxtımızda...”


Yaşca böyük olanlardan tələbələrin səmərəsiz həyat keçirdikləri, asudə vaxtlarını boş işlərə sərf etdikləri haqqında narazılığını min kərə eşitmişik. Onlar öz zamanlarında daha maraqlı işlərlə məşğul olduqlarını, vaxtlarını əhəmiyyətli işlərə sərf etdiklərini deyir və indiki gəncləri qınayırlar.

Bəs gerçəkdə bugünkü böyüklər dünən necə gənc idilər?

Mövzu ilə bağlı Modern.az-a danışan Zahid Oruc tələbəlik dövrünün Azərbaycanın müstəqilliyinin ilk dönəmlərinə, SSRİ-nin dağılması zamanına düşdüyünü qeyd edib. “Təlatümlü proseslərin əksəriyyətində tələbələr aktiv olaraq iştirak edirdilər. Böyük hərəkatımız var idi və Meydan proseslərinin önündə gedənlər də məhz gənclik idi. İnqilabi situasiyanın yaradılışında gəncliyin rəyi, addımları çox böyük rol oynayırdı. Sovet dövründə yaşamış insanlar bir sıra hallarda SSRİ-nin mövcudluğunu həzm etmişdilər və onun nailiyyətlərində, qabaqcıl mövqeyə çıxmasında da iştirak etmişdilər. Gənclik də buna münasibətdə tələbə kimi özünün ayrı-ayrı məsələlərə hesabını bildirməklə yanaşı, həm də çox akitv şəkildə fəaliyyət göstərirdi. Tələbəlik dövrümüz yeni nəşrlərin çıxması, ideyaların yaranması, dərnəklər, qruplar halında birləşməyimizlə səciyyələnə bilər”.

Deputat deyir ki, qrafik şəklində yay tətilini tərtib etmək, onu Azərbaycanın dilbər güşələrində keçirmək, xüsusi ekskursiyalarda olmaq bizim zamanımızla səsləşməyən, uyuşmayan bir məfhumdur. “Çünki 1991-1993-ci illər ağır müharibə şəraitinin hamımıza, şəxsi həyatımıza, tələbəliyimizə necə təsir göstərdiyini demək artıqdır. Ona görə belə düşünürəm ki, bugünkü tələbələrin istər xarici ölkələrə səfərlər, mübadilələr, müxtəlif proqramlarda iştirak, ayrı-ayrı layihələrin qazanılması, hökumətlə əməkdaşlıq və s. cəhətdən çox böyük imkanları var. Mən çox arzulayıram ki, onlar bundan dəyərlənsinlər, istifadə etsinlər. Hər kim də bundan faydalanmırsa, ən böyük zamanını itirmiş olur və onlar sonra təəssüflənəcəklər. Hər kəsin bu dövrdə fəaliyyətini çox ciddi şəkildə qurması gərəkdir”.

Müstəqil jurnalist Çingiz Sultansoy tələbə ikən asudə vaxtlarında, xüsusilə yay tətillərində istirahət etdiyini deyir: “Sovet dövründə tələbələrin istirahətini dəb halına gətirmək cəhdləri xeyli yüksək idi. Məsələn, tələblərin yay düşərgəsində 2 həftə qalmışam. Ümumiyyətlə, yay aylarında tələbələrlə yay düşərgələrində dincəlirdim, qışda isə səyahət etmişəm. Məsələn, bir dəfə aşağı qiymətə putyovka alıb, qatarla Leninqrada tələbələrlə birlikdə getmişəm. Mən yayda işləməmişəm, o vaxtı tələbə inşaat dəstələri vardı, bəziləri gedib orada işləyib pul qazanırdı. Amma mən getməmişəm, çünki valideynlərim deyirdi ki, işləmək istəyirsənsə, bağda işlə,  ağacları bellə, sula”.

Ç. Sultansoy qeyd edib ki, asudə vaxt deyiləndə işləmək deyil, səmərəli istirahət etmək nəzərdə tutulur. “Yəni cavan oğlanlar işi-gücü gedib mağazadan bir araq alıb hardasa oturub içki içmək olmasın. Əsas odur ki, əyləncənin səmərəsi olsun. İmkansız ailədən deyiləm, amma xaricə getmək üçün mənə də şərait yaratmayıblar. Məni özləri qəsdən işlədiblər ki, intizama öyrənib, əlim qabar görsün. Bunun hesabına mən bir çox peşələri – daşdan divar hörməyi bacarıram”.

Ç.Sultansoy bildirib ki, indiki zamanda tələbələrin asudə vaxtını keçirməsi baxımından elə də böyük fərq yoxdur. “Məncə indiki tələbələrin akademik bilikləri daha azdır, amma təqsir onlarda deyil. Təqsir universitetlərin səviyyəsinin aşağı olmasındadır. Amma onlarda praktika daha çoxdur, çünki çoxu işləyir. Lakin bizim vaxtımızda işləyən az idi”. 

Xanəndə Mənsum İbrahimov deyir ki, indi tələbələr üçün yaradılan şərait o vaxt yox idi, buna baxmayaraq öyrənməyə həvəs çox idi. “Rayonda doğulduğum üçün yayda rayona gedirdim. Yəni boş vaxtlarında atamla, anama kömək edirdim. Eyni zamanda tanışlarımızla futbol oynayır, yığışıb tanışlarımızla söhbətlər edirdik. Bundan əlavə, musiqi sahəsində oxuduğum üçün çoxlu mütaliə edirdim, qəzet, kitablar oxuyurdum, çoxlu muğamlara qulaq asırdım. Yəni bizim vaxtımızda o qədər informasiya bolluğu, internet yox idi, istənilən muğamı tapmaq olmurdu. İndiki tələbələr bu baxımdan şanslıdırlar, indi informasiya həddindən çox boldur”. Amma o, bolluğun içində tələbələrin tənbəlləşdiyini deyir. “Əslində insanın əli informasiyaya çatmayanda onu əldə etmək üçün çarpışır, vuruşur. İndiki tələbələrin şəraiti daha yaxşıdır, tez informasiya əldə etmək imkanlarına malikdirlər. Bundan əlavə, bizim vaxtımızda istirahət yerləri yox idi, rayonlarda qohum-tanışın evində qalırdıq. İndi turistik məkanlarda hər cür şərait var. Dövlətimizin, ölkəmizin inkişafı sayəsində bu gün gənclərimizin böyük imkanları var.

M. İbrahimov bu gün tələbələrin asudə vaxtını səmərəli keçirmədiyini qeyd edib. “Çox təəssüf ki, tələbləri tinlərdə, internet klublarda görürsən. Bizim zamanımızda mütaliələr daha çox idi. Bir kitabı kənddə hamı oxuyurdu, təzə kitab gələndə kitab dükanlarında növbələr yaranırdı. Amma çox təəssüf ki, bu gün elə bil internet gənclərimizi xəstələndirib. İnternetin yaxşı cəhətləri var, amma bu heç də yaxşı deyil”.

Və bu günün tələblərinin cavabları....

Azərbaycan İctimai-Siyasi Universitetinin tələbəsi Daşqın Əliyev bildirib ki, onun demək olar ki, asudə vaxtı olmur. “Azərbaycan tələbəsi bəzən yayda işləməyə məhkum olur. Əgər asudə vaxtım olsaydı yəqin ki, səmərəli keçirərdim. Ümumiyyətlə, Azərbaycanda çox universitetin yay kampları olmadığı üçün tələbələr istirahət yerlərini və istirahət proqramlarını özləri seçməli olurlar. Praktikaya gəldikdə isə III kursu bitirsək də hələ ixtisasım üzrə heç bir praktika keçməmişik. Dekana bu haqda nə qədər müraciət etsəm də, hər zaman gülməli cavablar almışam. Sonuncu da “narahat olmayın yay tətilində gedəcəksini” – deyib”.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Ənvər Cəfərov da digər tələbələr kimi vaxtını boş keçirir. Amma o deyir ki, əgər ixtisasına uyğun əlavə kurs, təlim olsaydı iştirak edərdi. “Və ya tələbələr üçün əlavə mövsümi işlər olsaydı, işləyərdim. Dincəlməyə də pul yoxdur. Praktikaya gəlincə isə Sumqayıt şəhər icra hakimiyyətinə bir birinci gün, bir də axırıncı gün getdik. Dedilər ki, biz burada neyləyirik ki, sizə də nəsə öyrədək”. Kompüterdə nərd oynayırdılar. Ümumiyyətlə vaxtımı internetdə kitab oxumaqla və yoldaşlarımla müzakirələr aparmaqla keçirirəm”.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) tələbəsi Səid Gəncəli sırf professional idmanla məşğul olur. Buna görə bütün gününü, asudə vaxtını idmana sərf edir.

“Asudə vaxtımda təlim-məşq toplantılarında, yarışlarda oluram. İldə bir ay yarışlar tam bitəndən sonra istirahətim olur. Belə ümumi ara istirahətim çox vaxt evdə olur. Məşqdən gəlib dincəlirəm. Axşam düşəndə dostlarla gəzintiyə çıxıram, ordan-burdan söhbətləşirəm”.

Təfəkkür Universitetindən Günel Vəliyeva asudə vaxtlarında evdə oturub internetə keçirəm. “Asudə vaxtlarımı internetdə olmaqla, jurnal oxumaqla və həyatı kinolara baxmaqla keçirirəm. Bizim universitetdə praktika olur, ona da getmədim. Ümumiyyətlə bir-iki gün getdim, sonra işlərinə mane olmamaq üçün axırıncı gün xasiyyətnaməmi alıb qayıtdım”.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı