Modern.az

Bozbaş məntiqi...

Bozbaş məntiqi...

Ölkə

30 İyul 2012, 13:47

Və ya “bitmiş” siyasətçinin bitməyən macəraları...

 Siyasətçinin peşəsi pafoslu bəyanatlar səsləndirmək, analitiklərin, şərhçilərin vəzifəsi bu açıqlamaları öz arşınlarıyla ölçərək müxtəlif yozumlar vermək, biz qələm əhlinin borcu isə mövzunu tirajlayaraq ictimai müzakirəyə çıxarmaqdır. Ona görə də həmkarlarımın hər deyilən sözə, səsləndirilən bəyanata “mız” qoymalarını, əmma axtarmalarını gərək siyasilər anlayışla qarşılasın və bilsinlər ki, məqsəd kimisə qaralamaq deyil. Bu baxımdan bəndənizin həftə səkkiz, mən doqquz eks – spiker Rəsul Quliyevin açıqlamalarına istinad etməsində də inanıram ki, qərəz axtaranlar azlıq təşkil edir. Sadəcə şəxsi tanışlığımız olmasa da xarakterinə, siyasi idarəetmə metodologiyasına yetərincə bələd olduğum, illər boyu bir vicdanlı yanılma ilə təbliğ etdiyim bir siyasi liderin reallıqla səsləşməyən ziddiyyətli açıqlamalarından açığı bıkdım artıq.

Bəli, mən bilərəkdən onu “siyasi lider” adlandırıram və Müsavat başqanından fərqli olaraq onu bitmiş adam hesab etmirəm, əksinə, düşünürəm ki, günü bu gün o ölkəyə qayıdıb indiki müxalifət liderləri və hakim komandanın vahid namizədiylə başa – baş mübarizə aparsa, qalib gəlməsə də ən azı ikinci yeri tutar. Çünki bu ölkə nostalji daşlaşmış qanunauyğunluqlara tabedir və cəmiyyətin az qala doxsan faizini yalnız qarını düşündürdüyündən məmləkət arasında çörəkverən bir adam kimi ad çıxarmış Rəsul müəllimin şansalarını qiymətləndirməmək bu ölkənin reallıqlarından bixəbər olmaq anlamına gələ bilər. Ancaq bu eks – spikerin qoltuğuna Sabirabad qarpızı verməməlidir və o okeanın o tayından buralara çağırış etmək əvəzinə gəlib burada insanların hansı məhrumiyyətlər altında mübarizə apardıqlarını öz gözləriylə görməlidir.
Düşünürəm ki, bu zaman Rəsul müəllim xəcalət hissindən qurtulmağa çalışacaq və buradakıların heç də onun dediyi kimi bozbaş yemədiklərinin şahidi olacaq, ən azından biləcək ki, məmləkət əhlinin tam əksəriyyətinin heç bir kilo ət almağa da imkanı yoxdu ki, bozbaş da yesin...

Yeri gəlmişkən, əslində bu yazı onun bozbaşla bağlı bu günlərdə səsləndirdiyi fikirlərə həsr olunub və niyyət eks – spikerin həyatının məqsədinə doğru bu günədək atdığı addımları ötəri də olsa təftiş etməkdir. Rəsul Quliyevin eks – prezident Ayaz Mütəllibovun qayıdış ssenarisinə sataşaraq “həyatda yaşamağımın məqsədi gəlib Azərbaycanda evdə oturub bozbaş yemək deyil. Həyatımın məqsədi Azərbaycanda demokratiyanı bərpa etməkdir. Ömrümün sonunadək Azərbaycanda demokratiyanın bərpası uğrunda mübarizə aparacam. Məni bu işdən ya ölüm, ya da hansısa dəhşətli xəstəlik dayandıra bilər” kimi fikirlər səsləndirməsi də əslində həqiqəti bilməməkdən irəli gəlir.

 Əslində həyatının məqsədi Azərbaycanda demokratiyanı bərpa etmək olan Rəsul müəllimin sözlərindəki bu səmimiyyəti və vətəndaş yanğısını anlayıram. Anlamadığım tək şey onun artıq utopiyaya meyllənməsidir. Axı məgər burdakı tərfdaşları arasında bir normal ağıl və məntiq sahibi olan yoxdur ki, çağırıb ona desin ki, ay həyatının məqsədi ömrünün sonunadək Azərbaycanda demokratiyanın bərpası uğrunda mübarizə olan Rəsul müəllim, sifarişlə Həcc olmadığı kimi okeanın o tayında oturub burda vəziyyəti dəyişmək də mümkün deyil və əslində elə bu cür mübarizə metodu evdə oturub bozbaş yeməkdən başqa bir şey də deyil. Digər tərəfdən, əsl siyasətçi dilinə, hətta beyninə nə ölümü, nə də hansısa xəstəliyi gətirməlidir.

Ancaq Rəsul müəllim 2005 – ci ildəki 17 oktyabr uğursuzluğuyla ölümdən dəlicəsinə qorxduğunu etiraf etmiş oldu və nəticədə çoxları üçün bitmiş adama çevrildi. Ancaq dünyanın sonu deyil və siyasətdə sonuncu şans anlayışı yoxdur, əgər o bu dəfə Azərbaycana gəlsə, ən azından yüz minlərlə insanın boş qazanında bozbaş qaynada bilər...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı