Modern.az saytında “Estafet” rubrikasının altıncı qonağı tanınmış televiziya aparıcısı və media eksperti, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlidir.
Xatırladaq ki, rubrikamızın bundan öncəki qonağı olmuş Eldar Namazov Qulu Məhərrəmliyə bu sualları ünvanlamışdı:
- Bu yaxınlarda ziyalılar arasında bir plov yarışı keçirildi. Ramiz Rövşən bizi Qubadlı plovu, Qulu Məhərrəmli ilə Rəşid Hacılı Zəngilan plovu, Əkrəm Əylisli isə Bakı plovu ilə tanış etdi. Bu zaman Rüstəm müəllim bizi Ümumi Milli Plov adlandırılan bir tədbirə dəvət etdi. Mənə orada qaranlıq qalan məqamlar oldu. Mən də Qulu müəllimdən öyrənmək istərdim ki, Zəngilan plovu ilə Qubadlı plovunun arasındakı fərq nədir?
- Qulu Məhərrəmlinin Elçin Şıxlı və Arif Əliyevlə çox sıx dostluq münasibətləri var. Onları bu dostluq əlaqələrində birləşdirən əsas amil kimi qurud xingalını göstərmək olarmı və bu dostluqda qurud xingalının nə dərəcədə rolu var?
Qulu Məhərrəmli Modern.az vasitəsilə Eldar Namazova cavab verdi:
– Yayın bu istisində kulinariya ağırlıqlı suallara cavab vermək asan deyil. Hələ mən uzun illər boyu qaynayıb-qarışmış, bir-birinə çox bənzəyən iki rayonun plovlarının fərqini izah etmək kimi işə girişməyin çətinliyini demirəm. Düzü, heç bilmirəm ki, hər iki rayonda şah yemək sayılan bu plovların fərqi var, ya yox? Bu “prinsipial” məsələni diplomatik incəliklə öyrənməyə yüngülvarı cəhd etdim, Qubadlıdan kəndimizə gəlin gəlmiş və əla plov bişirməsi ilə ad çıxarmış bir qohumdan “deyəsən, sizin plovunuz zəngilanlıların bişirdiyindən daha yaxşıdır!” deyib söz almaq istədim. Sən demə, gəlinimiz hazır diplomat imiş: “Müəllim, sən Allah heylə demə, qayınanamın bişirdiyi plovdan harda var ki…” – dedi. Yadıma 1992-ci ilin payızında gərgin günlərini yaşayan Qubadlıda qonaq evində yediyimiz plov düşdü. Çox ləzzətli idi, operatorumuz etiraf etdi ki, ömründə belə dadlı plovu yalnız bir dəfə – 15 il qabaq Zəngilanda yeyib. Deməli, fərqdən yox, plovların oxşar dadından danışmaq lazım gəlir. Oxşarlıq da onunla bağlıdır ki, hər iki rayonun adamları eyni çayın suyunu içir, eyni havanı alır, hal-xasiyyətləri eynidir, eyni dərəcədə mərd, saf və həqiqətpərəstdirlər. Bu gün də həmin rayonlar eyni taleyi yaşayır, ümid və umacaqlar eynidir, eyni yerdən yara alıb, sağalmaq üçün eyni dərmana möhtacdır. Yaşlanmış, sınıxmış və saçlarını bir az da ağartmış Zəngilanlı ana, eynən Qubadlıdakı bacısı kimi kənddə-düşmən əlində qalmış evlərinin açarını düyünçədə bərk-bərk böyük ümidlə saxlayır ki, bu gün-sabah qayıdarıq. Plovu bişirən, ona dad verən bu anaların ürəyinin odu, əllərinin bərəkətidir, qaçqınlıqda bir az da nisgil qatılıb bunlara. Ona görə də hələlik Qubadlı və Zəngilanda havaların necə keçməsini radiodan izləyib köks ötürməyə gücü çatan bizlər üçün plov, indi həm də bir Vətən duyğusudur. Bu duyğularsa hamıda eyni cür olur…
– Arif Əliyev və Elçin Şıxlı ilə dostluq münasibətlərimizdə hansısa amil kimi qurud xingalı heç bir rol oynamır. Bir az pafoslu alınmasaydı deyərdim ki, bu münasibətlərdə bir ruh və məslək yaxınlığı var, biz eyni dəyərləri bölüşürük. İndi cəmiyyətimizdə çoxlarının ləyaqət anlayışını unutduğu, kütləvi əclaflaşmanın getdiyi bir vaxtda Arif və Elçin kimi dostların olması əməlli-başlı təsəllidir. Elçin də, Arif də kifayət qədər ağıllı, mənəvi ölçüləri olan şəxsiyyətlər, öz sahələrində yüksək peşəkarlar, ölkəni xaricdə ləyaqətlə təmsil edən intellektuallar, cəmiyyətdəki mənəvi mühitə təsir edə bilən ziyalılardır. Amma təbii ki, bəzi cüzi zəiflikləri də var. Bax qurudlu xingal onları birləşdirən ümumi zəiflikdir… Onlarla dostluğumun bir “faydası” da o olub ki, vaxtilə xəmirdən gen gəzən bir adam kimi mən, indi qurudlu xingal süfrəsinin fəal iştirakçısına çevrilmişəm.
Qulu Məhərrəmli sualları cavablandırdıqdan sonra estafeti yazıçı Seyran Səxavətə ötürdü və ona öz suallarını ünvanladı:
- Siz cəmiyyətdəki mənəvi deqradasiyanın bəzi səbəblərini “Nekroloq” romanında göstərmisiniz. Romanın yazılmasından təxminən 10 il keçib və həmin proses indi daha da dərinləşib. Sizcə, bu gün mənəvi böhranı sürətləndirən nələrdir, hansı çalarlar çoxalıb və bu əcaib prosesi necə dayandırmaq olar?
- Rüstəm İbrahimbəyova, ölkəsinin taleyinə biganə qalmayıb vətəndaş mövqeyi nümayiş etdirən həqiqi ziyalı toplumuna qarşı hücumlara necə baxırsız? Daxili azadlığını qoruya bilmiş Azərbaycan ziyalısının bugünkü missiyasını necə təsəvvür edirsiniz?
Tezliklə Seyran Səxavətin suallara cavabını saytımızda oxuya bilərsiniz.
Pərvin Arzuqızı