Modern.az

İlyas İsmayılov Ərdoğan, Azərbaycanı qarışdırmaq istəyənlər və... Amerikadakı oğlundan danışdı

İlyas İsmayılov Ərdoğan, Azərbaycanı qarışdırmaq istəyənlər və... Amerikadakı oğlundan danışdı

Ölkə

8 Sentyabr 2012, 20:43

Deputatın kiçik oğlu Kolumbiya Universitetində Gürcüstan  prezidenti  Saakaşvili ilə bir yerdə oxuyubmuş

Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov son günlərin ən aktual hadisələri ilə bağlı sualları cavablandırıb. “Modern.az” həmin müsahibəni təqdim edir.

- İlyas müəllim, istər ölkədə, istərsə də regionda və dünyada Azərbaycanla bağlı baş verən mühüm hadisələrə münasibətinizi bilmək istərdik. Başlayaq elə regiondan. Daha dəqiq desək, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın böyük rezonansa səbəb olmuş məlum açıqlamasından. Bildiyiniz kimi, o,  Cümhuriyyət Xalq Partiyasının (CHP) iqtidarda olduğu dövrdə Türkiyəyə pənah aparmış 146 azərbaycanlı ziyalının yalvarışlarına məhəl belə qoyulmadan Stalinin tələbi ilə SSRİ-yə təslim edildiyini və elə sərhəd körpüsünü keçən kimi türk əsgərlərinin gözləri qarşısında əlləri bağlı halda güllələndiklərini bildirib. Maraqlıdır, belə bir şey doğrudanmı olub? Əgər olubsa, hörmətli Baş nazir bu faktı niyə məhz indi  açıqlayıb?

- Əvvəla, Rəcəb Tayyib Ərdoğan təcrübəli və peşəkar siyasətçidir. Olmayan hadisə barədə heç vaxt danışmaz. Bununla belə, bu məsələ həm də birbaşa bizimlə bağlı olduğundan və uzun müddət gizli saxlanıldığından araşdırılmalıdır. Yəni dəqiqləşdirmək lazımdır ki, o hadisə necə baş verib, həmin 146 nəfər kimlər olub, Türkiyəyə nə vaxt və necə keçiblər. Bildiyim qədəri tarixçilər hələlik iki versiya irəli sürürlər. Birinci versiyaya görə, həmin adamlar 1930-cu illərin kollektivləşmə dövründə Türkiyəyə gedənlərin içindəki aktivlər ola bilərdilər. İkinci versiyada söhbət artıq müharibə dövründə Almaniyaya keçən, Almaniya məğlub olanda isə gəlib Türkiyəyə sığınan adamlardan gedir. O 146 nəfərin içərisində 1920-ci illərin mühacirət dəstəsindən kimlərinsə olub-olmadığı bilinmir. Ortada onların hamısının ziyalı olub-olmamasını təsdiq edən sənəd də yoxdur. Bütün bunlar da belə deməyə əsas verir ki, həmin hadisə barədə bütün təfərrüatlar dəqiqləşdirilməlidir. İkincisi, bu fikirlə mən də razıyam ki, həmin hadisə hətta o cür olubsa belə, biz ona müharibə illərində baş vermiş olay kimi yanaşmalı və onu təbii qəbul etməliyik. Ən azı ona görə ki, o dövrdə SSRİ müharibədən təzə, həm də qələbə ilə çıxmışdı, güclü, üstəlik də Türkiyəyə qəzəbli idi. Niyə? Güman edirəm ki, indi xatırladacağım bir epizod bu suala cavab tapmaqda oxucuya kömək edə bilər. Müharibədən sonra SSRİ rəhbərlərindən biri hansısa beynəlxalq tədbirdə Türkiyənin o vaxtkı prezidenti, “Milli şef” adı ilə tanınan Mustafa İsmət İnönüyə yaxınlaşıb deyib ki, siz müharibə vaxtı qəribə bir siyasət apardınız, bütün müharibə ərzində almanlara xammal satdınız, kömək etdiniz, bizim cənub sərhəddimizdə qoşun saxladınız və məcbur etdiniz ki, biz də orada qoşun saxlayaq,  halbuki həmin qüvvələr ön cəbhədə daha çox xeyir verə bilərdilər. Və birdən - müharibəyə 2-3 ay qalmış almanlara müharibə elan etdiniz, sonra da gəlib qaliblərin cərgəsində oturdunuz... Onda İnönü cavab verib ki, əfəndim,  mən Türkiyə Cümhuriyyətinin prezidentiyəm, SSRİ-nin yox. Yəni, “Türkiyənin marağına uyğun hərəkət etmişəm”. Dediyim odur ki, əgər həmin hadisə həqiqətən deyilən kimi olubsa, yəqin onda da Türkiyənin maraqları , SSRİ ilə münasibətləri normallaşdırmaq istəyi əsas götürülüb.  

Nəhayət, unutmaq olmaz ki, bu həm də Türkiyənin daxili siyasətinə hesablanmış bir jest də ola bilər.

- Bir həftədən çoxdur ki, dünyanın az qala bütün aparıcı ölkələri və beynəlxalq təşkilatları  Azərbaycanla, daha doğrusu, rəsmi Bakının Ramil Səfərovun əfvi və onunla ilgili atdığı digər addımlarla bağlı bəyanatlar verirlər. Əksəriyyətində də Azərbaycanın bu addımlarının Qarabağdakı sülh prosesinə və tərəflər arasında qarşılıqlı etimada zərər vura biləcəyindən və cinayətə haqq qazandırılması cəhdindən narahatlıq ifadə olunur. AŞPA-nın sədri Jan Klod Minyon bunu nəzərə alaraq hətta Azərbaycanı Ramil Səfərovu yenidən həbsxanaya qaytarmağa çağırıb. Necə düşünürsünüz, Azərbaycanda birbaşa və ya dolayısı ilə marağı olan dövlətlər və beynəlxalq qurumlar prezident seçkiləri ərəfəsində bu məsələdən istifadə edib öz siyasi-iqtisadi məqsədlərini reallaşdırmaq və ermənilərin xeyrinə yararlanmaq fikrinə düşə, tutalım, rəsmi Bakını hakimiyyət dəyişikliyi təhdidi ilə Qarabağ məsələsində müəyyən güzəştlərə getməyə məcbur edə bilərlərmi? Yeri gəlmişkən, Eldar Namazov bildirib ki, “o ölkələr məsələnin alovlandırılmasının vacib olduğunu düşünsələr, onda alovlandıracaqlar”.

-  Dəfələrlə vurğulamışam, bir daha təkrar etmək istəyirəm: Azərbaycan elə bir coğrafi məkanda yerləşir ki, ona maraq həmişə olub və bundan sonra da olacaq. Özü də bəziləri Azərbaycana təkcə maraq yox, bəzən təsir, hətta təzyiq də göstərmək istəyirlər. Bu cür meyllər seçkilər, xüsusən də prezident seçkiləri ərəfəsində daha da güclənir. Biz buna hazır olmalıyıq. Çalışıb elə etməliyik ki, Azərbaycana ziyan dəyməsin və xalqın, dövlətin maraqları bütün maraqlardan öndə olsun.

- Neçə vaxt idi ki, müxalifətin bir komanda şəklində birləşməsinin, vahid güc mərkəzinə çevrilməsinin zəruriliyindən danışılırdı. Qarşıdan prezident seçkiləri gəldiyindən bu  məsələnin daha da aktuallaşacağı gözlənilirdi. Amma nə qədər qəribə olsa da, baş verənlər bunun əksini göstərir. Daha doğusu, bir-birinə yaxın qüvvələrin hərəsi bir hərəkat, birlik və ya blok yaradır və bununla da əslində qüvvələri daha da parçalayırlar. Siz müsahibələrinizdə bir neçə dəfə vurğulamısınız ki, heç bir bloka, hərəkata qoşulmaq fikrində deyilsiniz. Amma bu günlərdə belə bir xəbər yayıldı ki, rəhbərlik etdiyiniz “Ədalət”, Əli Əliyevin sədri olduğu “Vətəndaş və İnkişaf”, həmçinin Mayis Güləliyevin “Yaşıllar” partiyaları bir ittifaqda birləşmək, yeni güc mərkəzi yaratmaq haqda prinsipial razılığa gəliblər. İndi özünü güc mərkəzi hesab edənlərin hərəsi konkret bir cinahda yer tutmağa çalışır. “Üçlər”in yeri bu mənada harada olacaq? Sualı bir az da konkretləşdirmək olar: məqamı çatanda biz bu güc mərkəzini harada görəcəyik – iqtidarın yanında, yoxsa önündə - qarşısında?

- Əvvəla, adlarını çəkdiyiniz partiyalara və onların rəhbərlərinə böyük hörmətimiz var və şübhə etmirik ki, bu münasibət qarşılıqlıdır. Aramızda həqiqətən də müəyyən məsləhətləşmələr və fikir mübadiləsi olub. Amma bu hələ hansısa güc mərkəzinin yaranması demək deyil. İkincisi, hər hansı qurum kiminsə yanında olmaq üçün yaradılmır. Və biz məsələnin bu cür, yəni “konkret kimin yanında və ya qarşısında olacaqsınız” şəklində qoyulması ilə razı deyilik. Biz indiyədək haqqın, ədalətin yanında olmağa çalışmışıq, bundan sonra da bu mövqedə olacağıq.   

- Yəqin xəbəriniz var, deputat həmkarlarınızın bəziləri Milli Məclisin payız sessiyasında millət vəkillərinə xidməti maşının ayrılması ilə bağlı məsələni yenidən  qaldırmaq istəyirlər. Onları dəstəkləyəcəksinizmi?  

- Bu, həqiqətən də lazımdır. Məsələ ondadır ki, biz tez-tez müxtəlif səfərlərdə olur, çoxsaylı tədbirlərə və görüşlərə qatılırıq. Təbii ki, bir millət vəkili olaraq həmin yerlərə avtobusla, qatarla, metro və ya taksi ilə getmək bizə sərf eləmir. Məsələn, mən ötən ay iki dəfə Tovuz, Ağstafa və Qazax rayonlarında olub, seçicilərlə 7 yerdə görüşlər keçirmişəm.  Sentyabrın 3-də Tovuz müəllimlərinin avqust konfransında iştirak və çıxış etmişəm. Sentyabrın 9-11-i arası da Gəncədə bir, Ağstafa və Qazaxda isə iki tədbirdə iştirak etməliyəm. Yəni dediyim odur ki, üç rayonu təmsil etdiyimdən yolda çox oluram. Hər dəfə də yaxın adamların hansınınsa şəxsi maşınından istifadə etmək məcburiyyətində qalıram. Və təbii ki, buna görə amortizasiya, yanacaq və yaxud da digər xərclər ödənilmir. Bu isə deputat üçün əlavə problemlər yaradır. Ona görə mən də hesab edirəm ki, millət vəkillərinin maşın məsələsi mütləq həll olunmalıdır. Onu da nəzərə alsaq ki, ayrı-ayrı nazirliklərin adi şöbə müdirlərinin də ximəti avtomobilləri var, bu praktikanın deputatlara niyə şamil edilməməsi doğrudan da təəccüb və sual doğurur.

 - Yeri gəlmişkən, Tovuzdakı konfransdan verilən xəbərlərdə Sizin adınız çəkilməmişdi. Baxmayaraq ki, tədbirdə lentə alınan və həmin xəbərlərin yanında yayımlanan çəkillərdən görünürdü ki,  Siz rəyasət heyətində lap ön planda əyləşmisiniz. Bu  təsadüf idi, yoxs jurnalist-redaktor diqqətsizliyi? Yaxud... bəlkə jurnalistlərlə hansısa probleminiz var? 

- Bu bizim üçün yeni şey deyil. Nədənsə bizim fəaliyyətimizə həmişə qısqanclıqla yanaşıblar. Elə bunun nəticəsidir ki, geniş ictimaiyyət çox vaxt gördüyümüz işlərdən xəbər tuta bilmir. Məsələn, son müsahibələrimdən birinə yazılmış şərhlərin birində belə bir fikir vardı ki, guya mən Milli Məclisdə və ya deputat seçildiyim ərazilərdə çıxış etmir, danışmıram. Halbuki elə deyil, Milli Məclisdəki çıxışlarımla tanış olmaq istəyənlər iclasların stenoqramalarını qaldırıb onlara, yaxud müzakirə üçün təqdim etdiyim qanun layihələrinə baxa bilərlər. Seçildiyim ərazilərə gəlincə, təvazökarlıqdan uzaq olmasın, yuxarıda da dediyim kimi, təkcə ötən ay, hamının istirahət etdiyi isti yay günlərində  Tovuz, Ağstafa və Qazax rayonlarının ayrı-ayrı kəndlərində seçicilərlə 7 dəfə görüşümüz olub. Bura ölkədə, regionda və dünyada baş verən ən aktual və ciddi məsələlərlə bağlı bəyanatlarımızı, müraciətlərimizi və açıqlamalarımızı da əlavə etmək olar. Amma neyləyək ki, gördüyümüz işlər barədə barədə çox az qəzet və saytlar təmənnasız məlumat verirlər.     

- Bir ara eşitdik ki, ABŞ-da yaşayan oğlunuz Mətin bəy Vətəndə olub. Təəssüf ki, onunla görüşmək, müsahibə almaq istəyimiz baş tutmadı. Ən azı bilmək istəyirdik ki, o biri oğlunuz Etimad bəydən fərqli olaraq Azərbaycan ictimaiyyətinin onu yaxşı tanımaması nə ilə bağlıdır. Bəlkə bu məsələdə bizə yardımçı olub geniş publikaya onu özünüz təqdim edəsiniz?

- Mətin təbiəti etibarı ilə, publika arasında tanınmağa meylli adam deyil. Bu səbəbdən də, düzü, bilmirəm nə deyim. Qısaca onu qeyd etmək olar ki, Bakıdakı 6 nömrəli orta məktəbi qızıl medalla bitirib. Moskva Dövlət Universitetinin hüquq fakültəsində, eləcə də həmin universitetin nəzdindəki Asiya və Avropa İnstitutunun türk dili fakültəsində təhsil alıb. Sonra orada bir il vəkil işləyib və paralel olaraq Beynəlxalq Universiteti qurtarıb. Ondan sonra test üsulu ilə imtahan verərək eyni vaxtda üç universitetə - Nyu-York Universitetinə, Budapeştdəki Qərb Universitetinə və London Universitetinə daxil olub. Elə o vaxt ABŞ-ı seçib və Nyu-Yorka gedib. Oxuduğu dövrdə Nyu-York Universitetinin ona rəğbət bəsləyən iki professoru məsləhət görmüşdülər ki, mütləq yüksək və mükəmməl Amerika təhsili alsın. Ona görə Kolumbiya Universitetinə daxil oldu və oranı da bitirdi. Yeri gəlmişkən, o, həmin universiteti bitirən ilk azərbaycanlıdır. Onu da deyim ki, Mətin orada Gürcüstanın hazırkı prezidenti Mixail Saakaşvili ilə bir yerdə oxuyublar. Çox yaxın münasibətləri olub. Mətin onu mərdliyinə, sözübütövlüyünə, xüsusən də auditoriyanı, kütləni ələ almaq, onu inandırmaq qabiliyyətinə görə  həmişə tərifləyir. Amma öz xarakterinə uyğun olaraq onu özünə dost saymır. Onun üçün dost anlayışı tamam fərqli anlayışdır. Nə isə... Həmin universitetin bir üstünlüyü də var ki, onun diplomunu almış məzunları hər yerdə heç bir problem yaratmadan işə götürürlər. Mətin də o vaxtdan Nyu-Yorkda müxtəlif nüfuzlu firmalarda vergi hüququ üzrə yüksək dərəcəli mütəxəssis kimi fəaliyyət göstərir.  

Evlidir, həyat yoldaşı Günel xanım azərbaycanlıdır. O da Moskva Beynəlxalq Münasibətlər İnstitutunu bitirib.Üç övladları var - Məryam, Leyla və Mikayıl. Mətin başda olmaqla hərəsi bir neçə dil bilir.

Siyasət-filanla işi yoxdur, öz işi-gücü ilə məşğulldur. Bax, belə...

 Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı