Modern.az

Bürokratlar...

Bürokratlar...

Ölkə

9 Fevral 2010, 11:25

Azərbaycanda məmur-vətəndaş münasibətlərini tənzimləyən çox yaxşı qanunlar var, di gəl bu sahədəki bürokratiya aradan qalxmır ki, qalxmır.

Bəzi dövlət orqanlarında köhnə vərdişlərdən əl çəkə bilməyən, qanunların aliliyinə məhəl qoymayan məmurlar fəaliyyət göstərməkdədir. Bu günkü islahatlarla ayaqlaşa bilməyən, ya da ayaqlaşmaq istəməyən, hələ də köhnə metodlarla işləyən belə dövlət qulluqçularından vətəndaşın ərizə və şikayəti ilə bağlı ədalətli qərar çıxaracağını gözləmək də yersizdir.

Məhz həmin məmurların yarıtmaz fəaliyyəti üzündən günlərlə qəbul otaqlarında süründürməçiliklə üzləşən vətəndaş problemin yerli orqanda həll olunmadığını görüb, daha yuxarı instansiyalara müraciət etməyə məcbur olur.

Guya ki, bir az yuxarıdakılar aşağıdakılar barəsində göndərilən şikayətə baxacaqlarmış...

 

Dövlət orqanlarının bir çoxunda vətəndaşın müraciətinə baxmalı olan məmurlar qəbul günlərində və ya qəbul saatlarında öz yerlərində olmur, əlaqə telefonlarına cavab vermir, müxtəlif bəhanələrlə özlərini gizlətməyə çalışır, iclaslara, toplantılara çağırılmalarını bəhanə gətirirlər. Əksər vaxtlarda onların əlaqə nömrələrinə katibələri, köməkçiləri, hətta sürücüləri cavab verir, öz müdirlərinin məşğul olduğunu deməklə telefonu vətəndaşın üzünə qapadırlar. Bir vətəndaş kimi mənim də yolum qəbul otaqlarından düşüb. Qəbul otağından hətta adi şöbə müdrinin birbişa özü ilə danışmağın necə müşkül olduğunu görmüşəm. Daha yüksək vəzifəlilər bir yana, indi aşağı ranqlı məmurların da bir katibəsi, bir də köməkçiləri olur. Elə telefona da birinci onlar cavab verirlər. Bürokrat bir məmurun özündən eşitmişən. Deyir ki, “yaxşı katibə odur ki, müdirini qəbula gələnlərdən “qoruya” bilsin”.    Ötən həftə Bakıda səfərdə olan türkiyəli jurnalistlərlə bir məclisdə iştirak edirdim. Məclisdə söhbət hərlənib Mövlud Çavuşoğlunun Avropa Şurası Parlament Assambleyasının (AŞ PA)sədri seçilməsi məsələsinin üstünə gəldi. Bizimlə eyni masa arxasında əyləşən türk həmkarlarımızın dördü də Mövlud Çavuşoğlunun onlarla eyni şəhərdən-Alanyadan olmalarından qürur duyduqlarını ifadə etdilər. Biz də bu münasibətlə onları təbrik etdik. Birdən Türkiyə Jurnalistlər Birliyinin sədr müavini Mehmet Ali Dim üzünü bizə tutub “istersiniz şu anda Mövlut beyle konuşub, tebriklerinizi kendisine de söyleyin” dedi. Mehmet Ali Dim “şu an” deyəndə axşam saat 21.00 radələri olardı. Biz əvvəl onun zarafat etdiyini düşündük. Amma yanıldıq. Türk həmkarımız mobil telefonunu açıb Çavuşoğlunun nömrəsini yığdı. Telefona AŞ PA sədri özü cavab verdi. Ardınca da  məclisdəkilərə öz salamını yetirdi. Mövlud bəylə söhbət bir neçə dəqiqə sürdü. Məclisdə iştirak edən Azərbaycan Jurnalistlər Birliyinin, Parlament Jurnalistlər Birliyinin, Milli QHT Forumunun sədrləri, eləcə də digər jurnalistlər və QHT rəhbərləri öz salamlarını AŞ PA sədrinə çatdırdılar. Çavuşoğlu hamı ilə tanışlıqdan məmnun duyduğunu vurğuladı... Həmin anda türk həmkarlarımıza həsəd aparmaya bilməzdik. AŞ PA kimi mötəbər bir təşkilatın sədrinin birbaşa özünə zəng edib danışmaq zarafat deyil. O anda bizim jurnalistlərdən biri qayıtdı ki, “görəsən bizimkilərdən kimsə AŞ PA prezidenti seçilsə, hansısa özündən deyən məşhur jurnalistimiz birbaşa onun mobil nömrəsinə zəng edib danışa bilər...?”. Susduq. Cavab hamımıza aydın idi. Yəqin ki, AŞ PA prezidenti seçiləcək bizim həmyerlimizin telefonuna nəinki özü və ya köməkçisi, heç köməkçisinin katibəsi, ya da onların sürücüsü belə, cavab verməyi özlərinə sığışdırmaz. Ən yaxşı halda “avtootvetçik”in səsi eşidilər, vəssalam... Çoxdanın söhbəti deyil. İcra Hakimiyyətinə bir məsələnin həlli ilə bağlı ayaq döyməkdən yorulmuşdum. Artıq qəbul otağında işləyənlər də məni tanıyır, görəndə tanış adamlar kimi salamlaşıb deyirdilər:  “... müəllimin qəbuluna düşmək üçün baax, o divardakı telefonla daxili nömrəsinə zəng elə, icazə versin, biz də səni buraxaq içəri”. Amma mən adicə şöbə müdiri olan o filankəs müəllimin qəbuluna düşə bilmirdim. Hər dəfə zəng edəndə, katibə qız ya “...müəllim iclasdadır”, ya da “yerində yoxdur” deyib dəstəyi asırdı. Beləcə düz üç həftə şöbə müdirİnin başı “iclalardan” açılmadı. Hətta bir neçə dəfə katibə dəstəyi qaldıranda məcbur olub “...özü bilir, mənə bu saatda gəlməyi tapşırmışdı” kimi yalan uydurdum, amma bu da işə keçmədi. Qapıdakılara jurnalist vəsiqəmi göstərdim, xeyri olmadı. Bir dəfə də qəbul otağına daxil olan kimi buranın işçilərini görməzliyə vurub, birbaşa ikinci mərtəbəyə aparan pilləkənə doğu qaçdım ki, bəlkə içəri keçə bildim. Amma qəbul otağındakı sifətindən qan daman yekəpər mühafizə polisi arxamca yüyürüb qışqıra-qışqıra “a kişi, icazəsiz hara gedirsən?” deyib məni geri qaytardı. Nəhayət, bir gün həmkarlarım xəbər verdilər ki, İcra Hakimiyyətində toplantı keçiriləcək, jurnalistlər də dəvətlidilər. İçəri keçmək üçün bu fürsəti əldən verməkmi olardı... Bu dəfə qəbul otağının işçiləri “hara gedirsən?” sualını verə bilmədilər. İçəri keçəndə tədbir-toplantı məni maraqlandırmırdı... Qapını açıb əvvəl katibənin otağına daxil oldum. Qabağındakı güzgüyə baxa-baxa özünə sığal-tumar verməklə yanaşı, telefonun dəstəyini qulağına sıxıb kiminləsə “mırt vururdu”. Məndən başqa daha iki nəfər müdirin yanına keçmək üçün növbə gözləyirdi. Kim bilir, bura hansı yolla (mümkün ki tapşırıqla) gəlib çıxmışdılar. Axır ki, ... müəllimlə görüşə bildim... Müdirin otağından çıxanda katibənin kiməsə utanmadan qızıl-qırmızı yalan dediyinin şahidi oldum: “Müdir yerində yoxdur”. Müdir isə qarşısında pürrəngi çay, “plazma” televizora baxırdı... Yolum aşağıdakı ümumi qəbul otağından keçirdi. Otaqda xeyli adam vardı. Hamısı da boynunu büküb qəbula düşəcəkləri anı gözləyirdi. Kim bilir, həmin an neçə gündən sonra yetişəcəkdi... Söz yox ki, katibə qız müdirinin göstərişini yerinə yetirirdi. Amma o da yəqin idi ki, “sağ ol!” almaq üçün bir az da canfəşanlıq edirdi. Bizim məmurların katibələri onları vətəndaşdan bax belə “qoruyur”... Mən jurnalist olmağımdan istifadə edərək çətinliklə də olsa, öz məsələmi həll edə bildim. Gör cəmiyyətin problemlərindən yazan jurnalist bu cür süründürməçiliklə üzləşirsə, onda yazıq adi vətəndaş nələr çəkir...  

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?