Modern.az

Neoateistlər…

Neoateistlər…

Ölkə

9 Fevral 2010, 16:26

Ötən gün mətbuatda rastlaşdığım bir xəbər gözlərimi yaşartsa da, təəccüblənmədim. Azərbaycandakı məscidlərdə fəaliyyət göstərən türkiyəli imamlardan sonuncusu da ölkəmizi tərk edəcəkmiş. Şura zamanında unutduğumuz “Allah” kəlməsini xatırlatmaq üçün müstəqilliyimizin ilk illərində Azərbaycana gələn xoş ləhcəli xocaların son qaranquşu - Bakıdakı “İlahiyyat” məscidinin imamı İbrahim Memiş iki aydan sonra birdəfəlik çəkib gedəcəkmiş.

 

Səbəbini isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) izah edib. Sən demə, hər iki dövlətin aidiyyatı qurumları arasında əldə olunmuş razılaşmaya əsasən, qardaş ölkədən gələn görəvli imamların fəaliyyət müddəti başa çatdıqdan sonra onlar yenilərilə əvəz edilməyəcəklər. Həmin imamların boş qalan yerlərini isə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən təyin ediləcək azərbaycanlı axundlar tutacaqlar.

 

Siz də təəccüblənmədiniz, deyilmi? Deyəcəksiniz ki, indiyədək Saatlı, Zaqatala, Qusar, Ağdaş rayonlarındakı məscidlərdə, Ceyranbatan, Qaraçuxur və Mehdiabad camilərində görəv yapan türk imamlar necə birdəfəlik çəkib getdilərsə, “Şəhidlər” məscidi imamı ilə birlikdə yerli-dibli necə “yoxa çıxdısa”, İbrahim Memiş də elə gedəcək və möminlərin ruhu da inciməyəcək. Necə ki, bir müddət əvvəl bu xocanın məscidin yaxınlığındakı evi “yol çəkiləcək” adıyla sökülərkən heç birimizin ruhu incimədi. 

Amma dəqiq bilirəm ki, burada keçən bir cümlə sizi əməlli-başlı çaş-baş salıb. İndi “türk xocaların yerini azərbaycanlı axundlar tutacaqlar” xəbərini özünüz üçün yoza bilmirsiniz. Heyrətlənməyin, bəli, söhbət orta məktəblərində din anlayışının qətiyyən aşılanmadığı, mədrəsələrin mövcud olmadığı, bircə normal ali dini təhsil ocağının fəaliyyət göstərmədiyi, məscidlərin söküldüyü, azanın qadağan edildiyi, hicabların zorla açıldığı, din xadimlərinin sadəcə nəzir və “ayə biznesi” ilə məşğul olduğu bir məmləkətdən gedir.

 

Sonuncu xocanın gediş xəbəri yadıma ağrılı bir xatirəni saldı. Tanışlarımdan biri keçmiş “Şəhidlər” məscidinin imamının yanına gedərək, atası üçün “Yasin” oxumağı xahiş edir. Xoca tərəddüdsüz xahişi yerinə yetirir və bir qədər də axirətdən danışaraq tanışıma təsəlli verməyə çalışır. Nəhayət sonda bizim tanış cibindən çıxardığı “haqqı” imamın cibinə basmaq istəyir. Bundan özünü itirən xoca “bu nədir belə, qardaşım” deyə soruşur. “Haqqındır, əziyyət çəkmisən”, cavabından gözləri yaşaran xoca “Biz Allahın sözlərini pula satmarıq” deyir.

 

Allah-Allah.... Gözləriniz yaşarmasa da, tükünüz ürpərdi hər halda. Haqlı yerə düşünürsünüz ki, bu cür imamların yerini hansı yerli axundlar dolduracaq? Səhərdən-axşama qəbristanlıqların ətrafında müştəri gözləyən və həcmindən asılı olaraq hər surəyə ayrıca “haqq” kəsən mollalarmı? Yoxsa yas yerlərində aş yeməkdən sifətindən yağ daman və dilindən “siğə” kəlməsi düşməyən axundlarmı? Bəlkə “Ya Hüseyn” deyib sinəsini qıran, amma Şümür kimi zülmə şərik olan, Əbu-Süfyan kimi şərəfi dəvələrinin sırtında olan din xadimlərimiz? 

Deyə bilərsiniz ki, bütün dunlar QMİ-nin “kurasiyasında” olan “köhnə müsəlmanlardır”. Tamam, gəlin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin gənc kadrlarına baxaq. İslam fəlsəfəsindən, həqiqi tarixindən və İlahi eşqdən tamamilə xəbərsiz olan bir qaraguruh gəlir göz önünə. Bu “gənc mütəxəssislər”in dini səliqəli geyim, gözəl ətir, misfak, əqiq qaşlı üzük və təkəbbürlü niqtdən başqa bir şey deyil. Çünki məqsəd bizlərə qondarma, təhrif olunmuş İslamı aşılamaq və həqiqətin üstünü örtməkdir.

 

Vallah, bütün bunları yazdıqca adamın ürəyi sızlayır. Dinimizə və milliyətimizə bağlı olan hər şeydən uzaqlaşdırıldığımızın fərqində deyilik. Bizi özümüzə bağlayanların evlərini uçurarkən, ölkədən qovarkən, məscidlərini sökərkən, təhsil ocaqlarını sıxışdırarkən, ticari və siyasi əlaqələri sıfıra endirərkən heç “uf” da demədik, deyilmi? Kənardan “uf” deyənləri isə top atəşinə tutduq: “Sus, daxili işlərimizə qarışma, yoxsa əlaqələrimizi kəsərik”. Canıma qorxu düşdü. Bəlkə də gün gələcək Allahı da “daxili işlərimizə müdaxilədə” ittiham edib, bütün dini-mənəvi əlaqələrimizi kəsəcək və adının çəkilməsini yasaq edəcəyik. Yapmayın, Allah aşkına!

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?