Məlum rüşvət qalmaqalına görə, mandatı ləğv edilən sabiq deputat Gülər Əhmədovaya basqılar artıb. Xüsusilə uzun illər eyni partiyada çiyin-çiyinə addınlayan partiyadaşlarının, eyni zamanda bəzi deputatların bu xanım haqqındakı sərt açıqlamaları ictimaiyyətdə diqqətlə izlənilir.
Son günlər mətbuatda da Gülər Əhmədova və ailə üzvlərilə bağlı müxtəlif səpkilərdə yazılar dərc olunur. Hətta dünən media sabiq deputatın oğlanlarının hərbi xidmətə çağırıldığı barədə də xəbərlər yayıb. Ancaq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon İdarəsindən Modern.az-a bildirlib ki, G.Əhmədovanın heç bir oğluna çağırış vərəqəsi göndərilməyib.
Bu gün isə belə bir məlumat da yayılıb ki, eks-millət vəkilinin dövlət qurumlarından birində çalışan oğlu da anasına görə təzyiqlərə məruz qalıb.
Modern.az saytının araşdırması nəticəsində məlum olub ki, Gülər Əhmədovanın böyük oğlu, 1987-ci il təvəllüdlü Toğrul Əhmədov hazırda Maliyyə Nazirliyində çalışır. Ümumi təhsili Bakı Özəl Türk Liseyində alan T.Əhmədov 2011-ci ildə Moskva Kənd Təsərrüfatı Akademiyasını bitirib. Daha sonra Maliyyə Nazirliyində işə düzəlib.
Maliyyə Nazirliyindən Modern.az-a bildirilib ki, Gülər Əhmədova ilə bağlı olayların sabiq deputatın oğlunun işinə heç bir aidiyyatı yoxdur və Toğrul Əhmədov adi qaydada əmək fəaliyyətini davam etdirir. Yəni nazirlik valideyninə görə oğula qarşı hansısa təzyiqlərin göstərilməsi barədə fikirlərdən tamamilə uzaqdır.
Modern.az