Sahib Alıyev
Sosial şəbəkədə, elə bir çox qəzetlərdə də ötən həftənin bir nömrəli sualı bilirsinizmi, nə idi? “Prezident bp-ni niyə tənqid etdi” – bu idi. Əlbəttə, dövlət başçısı kimisə və yaxud da nəyisə tənqid edirsə, bu, heç də sıradan bir olay deyil, rezonans doğurmalıdır, elə doğurdu da. Həm də məsələ burasındadır ki, söhbət transmilli korporasiyanı, qocaman neft-qaz nəhəngi
Necə yəni, Prezident BP-ni niyə tənqid etdi?! Ona görə tənqid etdi ki, bu şirkət üzərinə düşən öhdəliyə əməl etmir və bundan da ölkəmizə 8 milyard dollar zərər dəyib. Bir qoyub, üç qazananlar zəhmət çəkib, verdikləri vədə əməl etməlidirlər, özlərinin dediklərinə inansaq, bu, hətta onlar üçün ağır yük olsa belə. Gözləmək olardı ki, belə bir fakt açıqlandıqdan sonra özgə vaxt “ay aman, ölkəni yeyib-dağıtdılar”,- deyib bağıranlar, düzlükdən dəm vuranlar səslərini daha da ucaldıb, bu əcnəbi şirkətdən vurduğu zərərin ödənilməsini tələb edəcəklər. Etdilərmi? Yox. Niyə? Bəlkə, bunun cavabı ibtidai... pardon, İctimai Palatanın başda oturanlarından birinin “BP sadəcə neft şirkəti deyil” cümləsində gizlənib. Bax, məhz burada sual vermək lazım gəlir: yaxşı onda bp daha nə şirkətidir? İndi demirsiniz, ancaq zamanında onu da səsləndirmişdiniz. Hakimiyyəti yarımçıq qoyub qaçmanızın səbəbkarlarından biri kimi məhz "British Petroleum"un adını çəkirdiniz o vaxtlar.
“Bizi devirənlərdən biri də BP-dir” deyirdiniz. Bəlkə ona görə ötən cümə əqidədaşlarınızdan biri sosial şəbəkədə götürüb yazmışdı : “BP o 8 milyardın 80 milyonunu bizə versin, ölkədə elə bir qarışıqlıq salaq ki, vəziyyət 90-cı illərin əvvəlindəkindən də pis olsun. Onda öhdəliyə əməl etmək tələbi kiminsə yadına düşməyəcək”.
Həmin yazını yazan, bununla da onunla eyni düşərgədə, daha dəqiqi eyni kalonda( söhbət 5-ci kalondan gedir) yer alanların könüllərindən keçəni dilinə gətirən çox keçməmiş nədənsə onu pozdu. Yəqin, kimdənsə “ağını çıxarmayın” tapşırığı gəldi, ona görə. “Prezident BP-ni niyə tənqid etdi” sualının səsləndirilməsinə isə bir an da olsun, ara verilmədi.
""British Petroleum" vurduğu zərəri ödəməlidir” deməli olanların bu taktikaya əl atmaqla diqqəti ritorikliyi özlərinə də sirr olmayan bir sualın üzərinə yönəltməyə niyə cəhd etdikləri aydındır. Bu şirkət və onun arxasında duran çevrələrdən asılılıqları və umacaqları var. Amma yenə də bir halda ki sual verilir, biz də cavablandırmağa çalışaq. Özü də cavab daha çox suallardan ibarət olacaq.
Beləliklə, bəylər, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsi meydana çıxanda İlham Əliyevin bir super, bir də böyük və dost dövlətin başçısının dəvətini rədd edərək, onlarla görüşə getməməsinin səbəbi, sizcə, nə idi?
Nədən Prezidentimiz erməniləri şəhid Mübariz İbrahimovun nəşini geri qaytarmağa məcbur etdi və etdikdən də dərhal sonra, Minsk qrupu həmsədrlərinin bundan bərk narazı qalacaqlarını bilə-bilə, ona Milli Qəhrəman adı verdi?
Ali Baş Komandan nə üçün Ramil Səfərovu Macarıstandan dəmir barmaqlıqlar arasından çıxarıb gətirtdi, gətirdən kimi də ermənilərə havadarlıq edənlərin qəzəbli reaksiyalarına rəğmən, o, əfv edilərək, ev və rütbə aldı?
İranda şərlənərək tutulan iki gəncimizin azad olunmaları üçün dövlət başçısı niyə gərəkən nə lazımdırsa hamısını etdi, molla rejiminin üstünə getdi?
Bu qəbildən olan daha neçə-neçə ritorik suallar səsləndirmək olar. Və bütün onların bir cavabı var: çünki o, əsl dövlət xadimidir, xalqının və ölkəsinin rifahını hər şeydən üstün tutur, millətsevərdir, vətənpərvərdir, nəhayət, Heydər Əliyevin oğludur.
Sizin kimliyinizi isə açıqlamağa ehtiyac duymuram, sadəcə, bir məsləhətim var: birdən bp-ni məhkəməyə verərlər, bəri başdan bu şirkəti siyasi dustaq elan edin və təcili Kristofer Ştrasselə xəbər göndərin......