ONLARI DA ERMƏNİLƏR DİQƏRGİN SALIR?..
...Yüz illərdir ki, Bakı qoynunda yüz minləri yaşadır; varlını da, kasıbı da, türkü də, farsı da, ərəbi də, rusu da, yəhudini də, ermənini də... Bakının qəlbi genişdir, dərindir... Bakı dərya sahilində dəryadır... Amma bu dəryada darqəlbli, geniş ağızlı, dərin mədəli yırtıcılar, akulalar da var... Onlar tapdığı gündəlik qidaya şükrlə nəfəs alan balaca balıqlara gün vermir...
Vaxt vardı, Bakı özü on minlərlə qaçqın qəbul edirdi... O zaman “qaçqın” damğası ilə pənah gətirənlərə həqarət edənlər vardı aramızda... Hər şey Ermənistandan düşmənlərimizin didərgin saldığı Azərbaycan türklərinə “yeraz” deməyimizlə başladı. Elə o gündən də dünyadakı yerimiz azalmağa üz qoydu. Qarabağ torpaqlarının işğalı başlandı... Aran Qarabağa, Milə, Muğana, Şirvana, Bakıya üz tutan Qarabağ camaatına da həmin yurdlarda ağız büzənlər, üstdən aşağı baxanlar oldu... Allah heç kəsə öz dədə-baba yurdunun, evinin, qəbirstanlığının peykdən çəkilmiş uçuq, yanmış qaraltılarını izləyən qaçqın taleyi nəsib etməsin. Amma Yaradanın hər hadisəsində, hər faciəsində bir ibrət var...
Zaman ötdü, Kür qəzəblənib daşdı, Mildə, Muğanda daşqından qaçqın düşənlərin də xeylisi Bakıya üz tutdu... Bir az da keçdi, Şamaxıda, İsmayıllıda zəlzələ, sürüşmədən qaçanlar oldu...
Və nəhayət, hər tərəfdən qoynuna axışanları mərhəmətlə qəbul edən, amma erməni vəhşiliyi ucbatından didərgin düşənlərə “çuşkalar, görməmişlər, gəlib Bakını pis günə qoydular”-deyənlərin də yaşadığı paytaxtın öz köklü sakinləri on illərlə yaşadıqları evlərindən qaçqın düşməyə məcbur oldular... Bəs bakılıları kim didərgin saldı? Ermənilərmi? Xeyr. Onları yurd-yuvasından məcburi çıxardanlar öz doğma, müstəqil dövlətimizin məmurlarıdır... Bu işdə öndərlik Bakı meri Hacıbala müəllim və Dövlət Neft Şirkətinin prezidenti, başqa sözlə, neftxudamız Rövnəq Abdullayevə məxsusdur... Hüquq müdafiəçilərinin verdiyi məlumata görə, bu və digər qoçaqların sayəsində son üç ildə Bakıdan Bakıya 60 minə yaxın qaçqın düşüb... Onlar əsasən “Qış bulvarı”nın inşa edildiyi Füzuli küçəsi və ətraf küçələrdən və Sulutəpədəki Neft Şirkətinə məxsus hesab edilən torpaqlardan paytaxtın və Abşeronun müxtəlif hissələrinə köçməyə məcbur olublar... Şəhərin Baş Planına əsasən Bakıda qaçqın düşənlərin sayı ildən-ilə daha da çoxalacaq; “Papanin”, “Sovetski”, “Xutor” , “Kubinka”, “Beşmərtəbə” və s. əsasən köklü bakılıların yaşadığı yaşayış sahələrindən də sakinlər köçürüləcək... Bu minvalla deportasiya prosesi 2035-ci ilədək davam etməlidir...
Paytaxtda köhnə evlərin sökülərək yerində yeni yaraşıqlı binaların tilkilməsi müsbət hal kimi dəyərləndirilməlidir. Ancaq burada ilk növbədə insan faktoru nəzərə alınmalıdır. Hər şey hüquq, qayda-qanun əsasında mədəniyyətlə həyata keçirilsə, yaxşı olmazmı? İnsanları on illərlə yaşadıqları ocaqlarından çox vaxt məhkəmə qərarı olmadan, heç bir kompensasiya ödənilmədən, yaxud ödənilən məbləğ həmin ərazidəki yeni evlərin indiki qiymətinə uyğun olmadan, zorla çıxarmaq müstəqil(!) Azərbaycan dövlətinə başucalığı gətirən davranış deyil... Yəqin ki, çoxunuz YouTubedə Bakının mərkəzində xəstə qadınların evlərindən necə zorakılıqla, milli xarakterimizə uyğun gəlməyən biabırçılıqla çıxardılmasını seyr etmisiniz... Bu günlərdə sakinlərin döyülərək evdən çıxarılması hadisəsi Biləcəridə də oldu...
Bakı qaçqınlarının aqibəti biz Azərbaycan vətəndaşlarına Tanrının növbəti ibrət dərsidir; Zəngəzuru, Qarabağı gərəyincə birliyimiz olmaması ucbatından əldən verdik. İndi nə qədər gec deyil, bir-birimizə ağız büzmək, lağ etmək əvəzinə, hər kəs: rayonlu, bakılı, şəkili, gəncəli, qarabağlı, şirvanlı, qubalı, lənkəranlı, naxçıvanlı və s. birləşib öz haqqını, hüququnu tələb etməyi bacarmalıdır...
...Bakı dərya sahilində dəryadır... Amma bu dəryada balaca balıqlara gün verməyən yırtıcı akulalar da çoxdur...